Muxtariyyətimizin 100 illik yubileyinə yeni töhfə

Ədəbi-bədii, ictimai-publisistik dərgi olan "Ədəbi incilər" jurnalı 2024-cü il 2-ci nömrəsini Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edib. Jurnalın üz qabığı ilk baxışdan oxucunu özünə çəkir. Hər bir naxçıvanlı və Naxçıvanı tanıyan şəxs bu rəsmin "Köhnəqala" olduğunu bilir. Əməkdar rəssam Sabir Məmmədovun yağlı boya ilə işlədiyi bu gözəl sənət əsəri hər birimizə Naxçıvanın yaşanmış şanlı və şərəfli tarixini xatırladır. Jurnal "Ədəbi incilər"in redaktor guşəsi"ndə şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, bir sıra mükafat və diplomlara layiq görülmüş Xalidə Nurayın (jurnalın təsisçisi və redaktoru) çox qiymətli faktlarla diyarımızın tarixinə, mədəniyyətinə, görkəmli şəxsiyyətlərinə işıq tutan qeydləri ilə açılır. Müəllif Azərbaycan Respublikası Prezidentinin "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" 2023-cü il 30 dekabr tarixli Sərəncamını - "Naxçıvanın qədim dövlətçilik tarixi vardır", -  deyən ulu öndərin bütün fəaliyyəti boyu Naxçıvana göstərdiyi qayğının bu gün də davam etdirilməsi kimi dəyərləndirir. Bildirir ki, Naxçıvan Naxçıvan olmağının haqqını canı, qanı ilə qazanıb. Dəfələrlə dağıdılıb, yerlə-yeksan edilib, amma kərpic-kərpic, pillə-pillə yenidən ucalıb. Müəllif yazır: "Naxçıvanın davamlı inkişafında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, Muxtar Respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur".

Çox da böyük olmayan yazı vasitəsilə müəllif bu qədim yurd yerini tanımayan oxucuda Naxçıvan haqqında ətraflı və canlı təsəvvür yarada bilib. Naxçıvan memarlıq məktəbinin nümayəndələri, onların yaratdıqları əsərlər, görkəmli şəxsiyyətlərinin zəngin yaradıcılıqları, Naxçıvanın "Nəqşicahan" olması yolunda söz-sənət adamlarının bir insan ömrünə sığışmayan fəaliyyəti barədə söylənənlər müəllifin anasından cismən ayrı düşsə də, doğma Azərbaycanımızın bu məğrur və qəhrəman, səfalı guşəsinə, qonaqpərvər insanlarına böyük sevgisinin ifadəsi kimi diqqəti çəkir.

Müəllif bu gün Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoymasını naxçıvanlıların dahi öndərin müəyyənləşdirdiyi siyasətə böyük ehtiram göstərmələri və davam etdirmələri kimi dəyərləndirir. Ölkə başçısı cənab İlham Əliyevin Muxtar Respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı 2023-cü il 5 iyun tarixli Sərəncamın qədim yurd yerinə qayğının yeni ifadəsi olaraq naxçıvanlılar tərəfindən böyük sevinc hissi ilə qarşılandığını dilə gətirir.

Jurnalda Naxçıvanı tərənnüm edən şeirlərə geniş yer verilib ki, bu da nəşrin özünə geniş oxucu auditoriyası qazanmasına səbəb olub. Şeirləri oxuyarkən adıçəkilən Sərəncamda deyilən "Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır" qənaətinin doğruluğunu görürük. Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Əməkdar mədəniyyət işçisi Məhəbbət Mehdiyevanın "Ulu yurdum" adlı şeirinin hər misrası dediklərimizin poetik ifadəsidir:

 

Bu torpaqdan güc alıb neçə-neçə igidlər,

Fəzlullah Nəimilər, Cəmşid Naxçıvanskilər.

Bu torpaqdan güc alıb Mirzə Cəlil dühası,

Hüseyn Cavid, Qəmküsar, Məmməd Araz dünyası.

Rənglərindən rəng alıb Bəhruzumun fırçası,

Düşmənə sipər çəkib mərd Əlincə qalası.

 

Müəllifin bu yurd yerinə məhəbbətinin ifadəsidir ki, şeiri oxuyarkən Naxçıvanı gözlərinin önünə gətirə bilir, onun dünəninə səyahət edir, bu gününə sevinir, sabahının daha gözəl olacağını görürsən.

Bu poetik və tarixi xəritəni Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident mükafatçısı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, şair-publisist İbrahim Yusifoğlu bir qədər genişləndirir:

 

Naxçıvanam!

Yarandığım əzəl gündən,

Odlar Yurdu Azərbaycan olmuş anam!

Sinə gərib düşmənlərin od püskürən davasına,

Vüqarımı məlhəm qoydum igidlərin yarasına!

Sinəm üstdə əsrlərin silinməyən izləri var.

Əcəmidən abidələr qucağımda var yadigar.

 

***

Şərqin qapısında ucalan diyar,

Sevimli Naxçıvan, ey gözəl Vətən.

Araztək gümüşü bir kəmərin var,

Bu bayram günündə əlvan geyin, sən!

 

- deyən filologiya üzrə fəlsəfə doktoru, jurnalist, mərhum şair-publisist, Naxçıvan torpağının yetirməsi, vaxtilə öz yazılarında doğma yurdu sevə-sevə vəsf edən Cavad Cavadlının qızı Jalə Cəfərovanın "Naxçıvanım - ədəbi qürur mənbəyim" adlı publisistik yazısı hər bir naxçıvanlının qəlbində yurd yerinə olan məhəbbəti daha da artırır.

Jurnalın üstün cəhətlərindən biri də burada Əməkdar rəssam Sabir Məmmədovun Naxçıvana həsr etdiyi silsilə rəsmlərindən bir neçəsinin - "Köhnəqala - Naxçıvanqala", "Haçadağ" və digər əsərlərinin özünə yer almasıdır.

Jurnalın redaktoru Xalidə Nurayın bəhs etdiyimiz nəşrin sonunda özünə yer alan şeirləri bizi bir daha Naxçıvana səyahətə aparır; kəndbəkənd gəzirik, yolumuzu obalardan salırıq. Naxçıvanın hər bir guşəsi bizi qonaqpərvərliklə qarşılayır; bu yurdun övladı olmaq fəxarətini yaşayırıq. Onun "Naxçıvanım" şeiri ruhumuzu təzələyir. Qeyrət qalamızın Zorbulağı, Əlincəsi, Əshabi-kəhfi, Möminə xatunu, Nuh peyğəmbəri, Mirzə Cəlili, Məmməd Səid Ordubadisi, Məmməd Arazı bizə qədimliklə müasirliyin vəhdətini özündə yaşadan ulu öndərin Vətənini bundan sonra da belə qoruyub saxlamaq tövsiyəsini verir. Qoruyub saxlayaq ki, gələcək nəsillərə ərməğan edək.

 

Muxtar MƏMMƏDOV

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!