Türkiyə, Ankara, Avrasiya Yazarlar Birliyinə - Yaqub Öməroğlunun vəfatı münasibətilə akademik İsa Həbibbəylinin başsağlığı

Əziz qardaşlar və həmkarlar!

Türk dünyasının önəmli yaradıcı şəxsiyyətlərindən olan Yaqub Öməroğlunun vəfatı xəbərini eşitmək bizim üçün çox ağır oldu. Yaqub Öməroğlu türk dünyasında əvəzsiz yeri olan görkəmli yazıçı və naşir idi. Yaqub Öməroğlunun türk dünyasının yazıçıları və elm adamları arasında yaratdığı böyük elm və sənət körpüləri XXI yüzilin möhtəşəm hadisələridir. Yaqub Öməroğlu türk dünyasında bütün türk xalqları tərəfindən görkəmli yaradıcı şəxsiyyət kimi eyni dərəcədə yüksək səviyyədə qəbul olunan nadir şəxsiyyət idi. Onun uzun illər ərzində nəşr etdirdiyi "Qardaş qələmlər" dərgisi türk dünyası yazıçıları və alimlərinin ən böyük birlik və həmrəylik kürsüsüdür. Yaqub Öməroğlunun rəhbərlik etdiyi "Bengü" nəşriyyatı qədər türk dünyasına xidmət edən ikinci bir nəşr evi göstərmək çətindir. Yaqub Öməroğlunun qəlbinin dərinliklərində yaşayan sonsuz türk dünyası sevdası onun parlaq əməllərində öz ifadəsini tapmışdır. Dərin səmimiyyət, böyük etibar, əsl sədaqət, dahiyanə sadəlik və bütövlük baxımından da şəxsiyyət kimi Yaqub Öməroğlu əvəzsiz idi.

Azərbaycan üçün Yaqub Öməroğlunun itkisi xüsusilə acı və dərindir. Yaqub Öməroğlunun xatirəsi onun Azərbaycandakı çoxsaylı dostlarının qəlbində daim yaşayacaqdır. Azərbaycanın Türkiyə və türk dünyası ilə əlaqələrində Yaqub Öməroğlunun açdığı yol, göstərdiyi xidmət onun Azərbaycan sevdasının ucalığını meydana qoyan addımlar kimi həmişə yüksək ehtiramla xatırlanacaqdır.

Türk dünyasında və Azərbaycanda elmi və ədəbi-mədəni əlaqələrin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə Yaqub Öməroğlunun Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri dostu diplomuna layiq görülməsi bu görkəmli yaradıcı şəxsiyyətin Azərbaycan ziyalılarının əbədi dostu olmasının rəmzidir.

Yaqub Öməroğlunun vəfatından dərindən kədərlənir, Avrasiya Yazarlar Birliyinə və ailəsinə dərin hüznlə başsağlığı veririk.

Ruhu şad olsun!

Türk dünyasının başı sağ olsun!

Allah rəhmət etsin!

 

İsa HƏBİBBƏYLİ

AMEA-nın prezidenti, akademik

16 avqust 2024-cü il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!