"Kamal Abdullanın diskursları... Bildirdiklərindən bilinənlərə" - Niyazi Mehdinin yeni kitabı çap olunub

Professor Niyazi Mehdinin Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığına həsr etdiyi "Kamal Abdullanın diskursları... Bildirdiklərindən bilinənlərə" adlı yeni kitabı yaxın günlərdə çapdan çıxıb. Müəllifin fərqli zaman və məkanlarda qələmə aldığı məqalə və şərhlərini bir araya gətirən yeni nəşr Kamal Abdullanın əsərlərindəki mürəkkəb məna qatlarını, simvolizmi, estetik dəyərləri diqqət mərkəzinə çəkərək, oxucunu bu diskursların dərinliklərinə səyahətə çıxarır, yazıçının yaradıcılığını geniş və hərtərəfli prizmadan təhlil edir. Kitabda, həmçinin, yazıçının əsərlərində poststrukturalist və postmodernist yanaşmalar qabardılır, bu diskursların Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər, onların dünya ədəbiyyatı ilə əlaqələri tədqiq edilir. 

"Qanun" nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru və Son sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, redaktoru filologiya üzrə fəlsəfə doktoru Toğrul Mehdidir.

Professor Niyazi Mehdi kitabın məramını Ön sözdə belə izah edir:

"İndi bizdəki ədəbiyyatşünas yazılarda "diskurs" termini artıq dəbə minmişdir. Onu ilk dəfə mən poststrukturalistlərdən götürərək, "Yarımçıq əlyazma"nı anlayıb anlatmaq üçün işlətmişdim. Bu mənim nəyi götürməyimə örnəkdir, hərçənd Kamalı  nədənsə bu termin tutmamışdır. Məni isə tutmuşdu modernlik aurasına görə, çünki nə üçünsə məhz postmodernistlər və poststrukturalistlər onu işləkləşdirmişdilər... Mən "Yarımçıq əlyazma" ilə bağlı mətn yerinə "diskurs" işlədəndə bu çaları qabartdım. İndi isə oxuduğunuz kitabın başlığına çıxaranda Kamal Abdulla düşüncəsinin sıxılmış, enerji dağarcığına çevrilmiş deyimlərdə bildirilməsini nəzərdə tuturam. Bu yerdə Kamal diskursları ilə bağlı bildirmə və bilinmə sözlərini də anladım. Diskursla onu aydıran müəllif hansısa mənanı bildirir. Ancaq bu diskurslardan həm də elə gizli mənalar bilinir ki, heç söyləyənin də ağlına gəlmir. Bu anlamda yazılarım həm Kamalın diskurslarının bildirdiklərini açır, həm də bildirdiklərindən bilinənləri açıqlayır"... "O olmasaydı, mən belə olmazdım" diskursundan itələnərək bunu deməliyəm: Kamal Abdullanın elmə və sənətə verdikləri olmasaydı, mənim də onları yozmaq əsasında tapdığım nəsnələr olmazdı".

Qeyd olunduğu kimi, kitabda toplanan məqalələr müxtəlif məkan və zamanlarda qələmə alınsa da, həmin mətnlər üç fəsildə ("Kamal Abdullanın araşdırmalarında bildirilənlər və bilinənlər", "Kamal Abdullanın bədii mətnlərinin semantik dalğalarından" və "Mejdu samımi blizkimi toçkami vseqda estğ tretğə toçka") bir-birinə elə məharətlə birləşdirilir ki, yeni və bitkin bir mətn alınır. Müəllifin illər uzunu Kamal Abdullanın ayrı-ayrı əsərlərinə verdiyi suallar və cavabları bu yeni mətndə təkcə konseptual görk qazanmır, həm də filosofun düşüncə narrativləri ilə yazar-alimin düşüncə narrativlərinin "dialoqu"nu yaradır. Beləliklə, kitab oxucunu bilinənlərə doğru yolçuluğa dəvət edir. Yolun məqsədi təğyiri-libas olanı, implisiti ortaya çıxartmaq, bilinəni faş etməkdir. Kamal Abdullanın poetik sənətkarlığı və Niyazi Mehdinin poetik fəlsəfəsi yolboyu bir-birinə qarışır, kitabda Filosofun düşüncələrindən Yazarın, oradan da mahiyyətlər dünyasına aparan başqa düşüncələrə yeni yollar salınır.

Bu yollar Kamal Abdullanın əsərlərində istifadə etdiyi müxtəlif bədii vasitələr, mətnin strukturu, personajların funksiyaları, daha geniş kontekstdə isə ədəbiyyat və cəmiyyət arasındakı əlaqələr üzərində qurulur. Burada Kamal Abdullanın əsərləri yalnız ədəbi mətn kimi deyil, həm də fəlsəfi diskursların məkanı kimi tədqiq edilir, yazıçının bütövlükdə bədii yaradıcılığı fəlsəfi diskursların formalaşması və inkişafında xüsusi bir məqam kimi qeyd edilir. Ədibin mətnləri bu kontekstdə təhlil edilərkən, onların yalnız Azərbaycan üçün deyil, həm də dünya elmi və mədəniyyətinə verdiyi töhfələr ön plana çıxarılır.

Bu yanaşma oxuculara Kamal Abdullanın əsərlərinə fərqli prizmadan baxmaq imkanı yaradır və yazıçının ədəbi dünyasını daha dərindən dərk etməyə kömək edir. Ədibin yaradıcılığına belə dərin fəlsəfi yanaşma, analitik təhlil Kamal Abdullanın əsərlərini yenidən oxumaq və dəyərləndirmək üçün unikal perspektiv təqdim edir.

Beləliklə, professor Niyazi Mehdinin təqdim etdiyi yeni kitab Azərbaycan ədəbiyyatının dərinliklərinə baş vurmaq istəyən hər bir oxucu üçün dəyərli ədəbi-nəzəri mənbəyə çevrilir. Bu əsər yalnız Kamal Abdullanın yaradıcılığını dərindən dərk etmək üçün deyil, həmçinin müasir ədəbi və mədəni düşüncənin yeni yollarını kəşf etmək üçün bir bələdçi rolunu oynayır. Bu baxımdan, "Kamal Abdullanın diskursları... Bildirdiklərindən bilinənlərə" kitabı Kamal Abdullanın əsərlərindəki diskursları araşdıraraq, onların Azərbaycan mədəniyyətinə, elminə və dünya ədəbiyyatına olan təsirini göstərməklə, oxuculara bu bənzərsiz yaradıcılığın qavranılmasında yeni perspektivlər açır. Kitabın hər bir səhifəsi yalnız Kamal Abdullanın əsərlərinin deyil, həm də bütövlükdə Azərbaycan ədəbiyyatının zənginliyini və dərinliyini daha yaxşı anlamağa kömək edir. İnanırıq ki, Niyazi Mehdinin "Kamal Abdullanın diskursları... Bildirdiklərindən bilinənlərə" adlı yeni kitabı həm müasir oxucular, həm də gələcək nəsillər üçün əhəmiyyətli bir intellektual irs olaraq qalacaqdır.

 

Sadiq Zaman,

Filologiya üzrə fəlsəfə doktoru

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!