Yaqub Öməroğlunun xatirəsinə
Ankaradan ağır xəbər gəldi - Yaqub Öməroğlunu qeyb etdik.
Türkiyədə çoxlu dostlarım, tanışlarım var. Yaqub bəy ən çox rəğbət bəslədiyim dostlarımdan idi. Kübarlığı ilə, ziyalılığı ilə, mülayim rəftarı ilə, əsas isə gördüyü böyük işləri ilə qəlbimdə öz yeri vardı.
İki cür insan olur - çox danışıb, az iş görənlər və az danışıb, çox iş görənlər.
Yaqub Öməroğlu ikincilərdəndir. Uzun-uzadı bəyanatlar verməyi sevməzdi, özündən deməyi sevməzdi, uğurlarını şişirtməyi sevməzdi. Bütün bunların əvəzinə, türk dünyasının ədəbi birliyi yolunda misilsiz xidmətlər göstərirdi. Biz indi sevinclə türk ölkələrinin hər cəhətdən yaxınlaşmasını görürük. Çox-çox illər bu işi ədəbiyyat sahəsində başlayanlardan, ilklərdən biri Yaqub Öməroğlu idi.
Avrasiya Yazarlar Birliyinin əsasını qoyanda, "Qardaş qələmlər" dərgisini çap etməyə başlayanda mənimlə də məsləhətləşirdi. Yaxşı dərk edirdim ki, mənim tövsiyələrimə bir elə ehtiyacı yoxdur, amma bunu yaşıma hörmət əlaməti olaraq, daha çox bir Azəri türkünə, ağsaqqala ehtiram əlaməti olaraq edirdi. 2012-ci ildə mənə Türk dünyası "İlin ədəbiyyat adamı" ödülü də Yaqub bəyin təşəbbüsü ilə verildi.
Yaqub bəyin soyadı Dəliöməroğludur. Bir dəfə söhbətdə "Azərbaycan türkcəsində "dəli" sözünün mənfi çalarları da var", dedik. Azərbaycan xalqına hörmət əlaməti olaraq Yaqub bəy yazılarını sadəcə, Öməroğlu soyadı ilə imzalamağa başladı.
Ankarada, İstanbulda, Bakıda, son dəfə Özbəkistanda unudulmaz görüşlərimiz gözlərim qarşısında canlanır. Ankarada məni ay parçası kimi övladları ilə - oğlu və qızıyla tanış etmişdi. İndi onların dərdli gözlərini xəyalımda canlandırıb çox acıyıram.
Yaqub bəyin vəfatı bütün türk dünyasının ədəbi həyatında əvəzsiz itkidir. Deyirlər, "əvəzolunmaz insan yoxdur", düz deyil, var.
Var əvəzolunmaz insanlar. Yaqub Öməroğlu belə əvəzolunmaz insanlardandır.
Allah ona qəni-qəni rəhmət eləsin.
19 avqust 2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!