Nizaməddin Şəmsizadənin açıq məktubu

Azərbaycan Respublikasının Elm və təhsil naziri, cənab Emin Əmrullayevə

Azərbaycan Respublikasının Mədəniyyət naziri, cənab Adil Kərimliyə

 

Açıq məktub

 

Hörmətli cənab nazirlər!

Məni bir alim, ziyalı kimi narahat edən vacib problemlə bağlı bu məktubu yazmalı oldum.

Avropalılardan fərqli olaraq biz humanitar təfəkkürlü xalqıq. Ona görə də revanşizmə, müharibəyə yox, sülhə meyilliyik. Avropalılar isə texnokrat təfəkkürə malikdir, dağıdıcıdır.

Biz uşaqlıqdan nağıllar, əfsanələr, rəvayətlərlə tərbiyələnmiş, xeyirin şər üzərində qələbəsinə inam ifadə edən millət olmuşuq.

İndi zəmanəmizdə dahilik və qəhrəmanlıq üçün tarixi şərait var. Hər günü bir ilə bərabər 44 günlük müharibədə qazandığımız Zəfər Prezident, Ali Baş Komandan, ordu və xalq birliyi sayəsində şəhidlərimizin canı, qazilərimizin qanı bahasına başa gəldi. Bu tarixi Zəfərdə müstəsna rolu olan igidlərimiz - general Polad Həşimov, Topçu İskəndər, bir erməni generalını, bir polkovnikini əlləri ilə boğub öldürən Cəbrayıl Dövlətzadə, əfsanəvi Mübariz İbrahimov, Natiq Bağırov, dırnaqları ilə sıldırım qayalara dırmanıb Şuşanı azad edən əfsanəvi qəhrəmanlarımızın adları nağıllarda, əfsanələrdə, rəvayətlərdə əbədiləşməlidir.

Cürbəcür kompüter texnologiyalarının yaddaşına etibar etmək olmaz.

Qəddarlığı ilə tarixə düşmüş Sultan Mahmud Qəznəvi böyük alim Əl Biruniyə deyirdi ki, qalalar, ehramlar, dəbdəbəli saraylar dağılıb gedəcək, sən mənim barəmdə kitab yaz, kitab əbədidir.

İndi siz də adları çəkilən və gizli qalan qəhrəmanlarımız haqqında sadə və dərin nağıllar, cazibədar əfsanələr, rəvayətlər, uşaqlar üçün hekayələr yazılması ilə bağlı müsabiqə elan etsəniz, bu millətə əbədi xidmət olar. Bizdən sonrakı nəsillər zaman-zaman onları oxuyub, yaddaşlarına köçürər.

Dünyanın böyük şəxsiyyətlərindən biri, Türkün düşməni I Pyotr deyirdi: "Bir türk bir alman alayıdır, iki türk bir alman ordusudur, üç türkü heç vaxt birləşməyə qoymayın, amandır".

Biz işğalçı yox, fateh türk millətinin adını yüksəltmişik. Mənim dostum, Xalq şairi Nəriman Həsənzadə yana-yana yazır:

 

Tarix bizim olubdur,

Tarix yazan özgələr.

Tarixə düşməyibdir

Bizim tarixi hünər,

Bizim tarixi zəfər.

 

Misilsiz tarixi Zəfərimizi tarixə salmaqda Sizin də rolunuz böyük ola bilər.

Dərin hörmətlə...

 

24.07.2024

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!