Payızın dilindən yazılan şeir

Sona Vəliyevanın "Dünya Tanrı biçimdədir" kitabı haqqında

 

İllərcə, lap elə bir ömür boyunca agah olmaq istədiyin elə mətləblər var ki, beqəfil, lapdan bağlı boxça kimi açılır sənə. Məsələn, baxıb görürsən ki:

 

Ay qərbə uzanarkən

Şərqə çəkilir

kölgəsi çiçəklərin.

 

Ya elə, "uzun gecələrdə suyun səsilə gəlir düşündüklərin".

Sona Vəliyevanın bu günlərdə nəfis tərtibatla işıq üzü görən şeirlər kitabı da bu sıradandı; kitaba daxil edilən poetik nümunələrdə upuzun sənələr boyunca agah olmaq istədiyin çox nəsnələrin cavabı sərgilənir. Məsələn, anidən dünyanın Tanrı biçimdə olmasını anlayırsan. Məsələn, milyon il əvvəlin olmuşlarına varırsan. O uzaq illərin ki:

 

Yer üzü bomboş idi,

Mənim qəlbim kimi…

Tanrı "Ol!" - dedi,

Sən qarşıma çıxdın…

Mən sən "Ol"dum.

Sanki meşələr,

Dağlar, dənizlər,

Hər şeylər "Ol"du.

Beləcə, dünya yarandı.

 

"Mən sən olduğum yer"in əzəlini Mövlanədən, Ə.Nəvaidən, Füzulidən bildiyimiz var. Nəticəsini, sonunu Sona Vəliyeva belə anladır. Yəni, "Mənim sən olduğum" yerdən başlayıb hər şeylər oldu. Beləcə yarandı bu Yer kürəsi.

Sona Vəliyevanın poetik yaddaşının özülü, mayası Əhməd Yəsəvinin "Harda görsən könlü sınıq, mərhəm ol, öylə məzlum yolda qalsa həmdəm ol" düşüncəsindən, əxlaqından gəlir; bədii texnologiya və forma ölçü-biçisi fərqli olsa da, fikir, məzmun və meyar mötəbərliyi kökə bağlıdı.

Sona xanım bir sirr içrə min bir sirrin iç-içə dünyasının halına yetərincə bələd olan qələm əhlidi. Və bilir ki, ariflər hücrəsində sirr açmaq yasaq sayılır. Bu aləmin xoşbəxtləri o kəslərdi ki, gəlir "sözlə sağ qalmağa". Gəlir söz yolunu tutub getməyə. Və sözü can içrə can, sirli quş bilir:

 

Yerdənmi, göydənmi gəlir söz yolu?

Şam eylər yoluna sağ əl sol əli.

Gedərəm çiynimdə bir cüt göyərçin,

Duraram min rəngli dumanlı yolda,

Xeyirli hansıdır, hansını seçim?

 

Sözün qırx qapısın açıb, görərəm

Dözümüm saçımdan asılıb göyə.

Canım söz içində sehrli quşdur,

Bir igid gələcək xilas etməyə.

 

Səmimi və yaddaqalandı ki, Sona Vəliyeva söz axtarışının hər məqamında düçar olduğu qəzanı belə şükranlıqla qəbul edir. Necə ki, mənəvi ustadı Füzuli eşqdən gələn bəlanı əziz tuturdu. Bu mənada Sona xanımın sözə Füzuliyanə münasibəti oxucuda dərin razılıq doğurur.

 

Tanrı yolçusuyam, bəxtim söz yükü,

Mənalar canımı yonar, cilalar.

Bəzən axtardığım qalar o yana,

Kiminsə itiyi qarşıma çıxar.

 

Özgə itiyinin tapılmasına sevindiyi yerdən başlayır şair.

Şair ömrü bir saat içində min kərə ölüb, min yol dirildiyi yerdən başlayır. Bu vacib cəhət Sona xanımın poetik yaddaşına xas olan başlıca əlamətdi:

 

Daş altda sıxılan əldi ümidim,

Boğulub qalaram öz şarayımda.

Uzanar dəqiqə, dayanar zaman,

Hər saat əqrəbi bir dar ağacı,

Dözüm kəndir olar, asılı qallam.

Nigarançılığın, əhdin, vəfanın, etibarın, itirmək qorxusunun bundan da dəqiq, münasib ifadəsini tapmaq mümkünsüzdü…

"Baxmaq ayrı, görmək ayrıdı" deyən Ruminin sözünə qüvvət; Sona xanımın şeirləri oxuyanların yox, duyanların doğmasıdı, simsarıdı. Oxucu məhz bu deyimin əsiri, könül dostudu: "Ürəyin tək məni götür, get deyir, Gözlərin yol çəkir gözümə sarı". Yaxud bu səmimi etirafın iç dünyasını necə duymayasan, yaşamayasan?

 

"Gəl gedək" deyirsən,

            bir yerimmi var?

Yollarım uzanır özümə sarı.

Dünyanın sərhədi sözdü içimdə,

Yenə də dönəcəm sözümə sarı.…

 

Başladığı səmimiyyətlə bitən şeirin sözünü tutanlar birə-beş olur:

 

"Gəl gedək" deyirsən, sorman niyəsin,

Sevda yolçusuyuq, yollar sevinsin.

Döydüm iç qapımı: - Ay ev yiyəsi;

Gördüm sən gəlirsən üzümə sarı.

 

Xalq şairi Sabir Rüstəmxanlı Sona xanımın "Vektor" Beynəlxalq Nəşrlər Evi tərəfindən çap edilən "Dünya Tanrı biçimdədir" adlı yeni kitabına yazdığı maraqlı ön sözdə haqlı olaraq qeyd edir ki, o, klassik ədəbiyyatımızın ruhunu, insan sevgisinin haqqa, Tanrıya bağlılığını, sözün əbədiliyinə inamını bir çox şeirlərinin mövzusuna çevrilmişdir. Və həmin şeirlər Sona xanımın "içindəki haqq ruhu"nu qorumaq, insanlarla paylaşmaq istəyinin nəticəsi kimi də dəyərləndirilə bilər. Əslində, ədəbiyyatın və söz sahiblərinin ən mühüm vəzifəsi də budur.

Müəllifin "Sevginin, yaddaşın, dərdin itdiyi, taleyin küsündüyü yerdə sağalmaz xəstəlik, laqeydlik, arsızlıq durur" müşahidəsinin (və təəssüfünün) ortağı olaraq oxuyuruq "Dünya Tanrı biçimdədir" kitabını. Hər şeirdə qəribə (və çox doğma) bir payız kövrəkliyi var ki, elə ilk təmasdan ayrılmaq olmur. Sanki müəllif özünün dediyi kimi, payızın dilindən yazıb hər şeiri…

Sərvaz Hüseynoğlu  


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!