“Payızın zəfər rəngi” kitabı - təqdim edilib

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndələrindən, yazıçı, şairə və jurnalist Təranə Arifqızının “Payızın zəfər rəngi” adlı kitabının təqdimatı keçirilib. 
Edebiyyatqazeti.az xəbər verdiyi kimi, təqdimatı giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, Naxçıvan ədəbi mühitində Təranə Arifqızının özünəməxsus rolu və imzası vardır.  Şair kimi tanınsa da, onun müxtəlif səpkilərdə hekayələri, esseləri, publisistik, ədəbi-bədii məqalələri də var. Onun haqqında Hüseyn Həşimli, Sədaqət Həsənova, Xanəli Kərimli, Elxan Yurdoğlu, Aygün Orucova kimi tanınmış elm adamları məqalələr yazıblar. Təranə Arifqızı Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O həm də Heyran xanım adına Zərif Qadınlar Ədəbi Məclisinin təsisçisi və sədridir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli “Sözə sığal çəkən qadın ürəyi”, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova “Təranə Arifqızının yaradıcılığında dil-üslub xüsusiyyətləri”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Təranə Arifqızının nəsr yaradıcılığı”, “Heyran xanım adına Zərif Qadınlar Ədəbi Məclisi”nin üzvü, şairə Sevinc Azadlı “Heyran xanım adına Zərif Qadınlar Ədəbi Məclisiadından təbrik” mövzularında çıxış edərək bildirmişlər ki,Təranə Arifqızının nəzmə çəkilmiş düşüncələri obrazlı şəkildə ifadə edə bilmək, dolğun və bədii çalarlarla zənginləşdirərək misralara düzmək qabiliyyəti onun uğurlu ədəbi taleyindən xəbər verir. Bu günə qədər Təranə xanımın bir neçə kitabı çap olunub. Bu gün təqdimatını keçirdiyimiz “Payızın zəfər rəngi” müəllifin sonuncu, 7-ci kitabıdır. Kitabda müəllifin müxtəlif səpkilərdə yazdığı təbiətə, vətənə, məhəbbətə aid şeirləri toplansa da, vətənpərvərlik ruhunda yazılmış şeirləri üstünlük təşkil edir. Müəllif kitabın adını təsadüfən belə adlandırmamışdır. Burada illərlə yola saldığımız ənənəvi payızlardan fərqli olaraq millətimizə, Vətənimizə zəfər sevinci gətirən bir payız rəngi vəsf edilir. 
Tədbirin sonunda müəllifin qələm yoldaşları kitab haqqında öz fikirlərini paylaşmış, müəllifin kitabxananın fondunda olan digər kitabları ilə yaxından tanış olmuşlar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!