Poeziyanın musiqisi - Eliot

Cavanşir Yusiflinin tərcüməsində...

 

Şair poeziya haqqında danışanda, yaxud yazanda istər-istəməz özünün güclü və zəif tərəflərini də ortaya qoyur; yalnız bu sonuncu keyfiyyəti nəzərə almaqla biz birincini daha yaxşı qiymətləndirə bilərik, - bu ehtiyat tədbirini həm şairlərə, həm də onların poeziyadan danışan oxucularına münasibətdə göstərməyi məsləhət bilərdim. Nəsrlə yazdığım əsərləri mən həmişə qəribə həyəcanla vərəqləməli oluram: bundan yayınmağa, bəlkə də qaçmağa çalışıram, bəlkə elə buna görədir ki, hansısa məqamda irəli sürülən bütün müddəaları nəzərə almıram: tez-tez deyilənləri təkrar edirəm, özümün əksinə gedirəm. Ancaq əminəm ki, şairlərin tənqidi əsərləri, - onların içində keçmişdə nə qədər çox dəyərliləri də var, - maraqlıdır və bu dəyər bir çox cəhətdən belə bir faktla şərtlənir ki, şair deklarativ olmasa da, şüuraltında həmişə özü yazdığı mətnləri müdafiə edir, yaxud hansı şeiri yazmaq istədiyini izah etməyə çalışır. Üstəlik, şair cavandırsa və özünün də yaratdığı poeziya uğruna qızğın mübarizə içindədirsə, o, qaçılmaz şəkildə keçmişdə yazılanlarla öz yazdıqlarını müqayisə edəcəkdir; dərs alıb öyrəndiyi sələflərinə minnətdarlıq kimi qarşıya qoyduğu məqsədlərinə uyğun gəlməyən laqeydliyi də ifrat həddə çata bilər. Bu zaman o, hakimdən çox havadar rolunda çıxış edir.   

Hətta onun biliyində "tərəfgirlik" də ola bilər, çünki məhz məşğuliyyəti onu məcbur edir ki, diqqətini digərlərinin ziyanına konkret müəlliflərin üzərinə cəmləsin. Poetik ustalıqdan söz açılanda da o, yalnız bir tipə aid olan təcürbəyə üstünlük verəcəkdir; estetika problemlərinin müzakirəsində heç də filosof qədər səriştəli təsir bağışlamayacaqdır; öhdəsindən gəldiyi ən uğurlu işsə özünütəhil nəticəsində hasil olan məlumatı filosofun öhdəsinə buraxmasıdır. Bir sözlə, şairin poeziya haqqında mühakimələrinin mənası onun məşğul olduğu poeziya tipi ilə bağlı olaraq meydana gəlir. Ondan irəli sürdüyü mühakimələri əsaslandırmağı və birtərəf qalmağı gözləməyin mənası yoxdur, bunun üçün biz kənar şəxs kimi alimə və ya tənqidçiyə müraciət etməliyik.

Əlbəttə, hər bir tənqidçidə tədqiqatçı damarı olmalıdır və hər bir tədqiqatçı da müəyyən dərəcədə tənqidçi olmalıdır. Belə ki, Keranı alimlər cərgəsinə aid etmək daha düzgün olardı, çünki onu əsasən keçmişin ədəbiyyatı və tarixi əlaqələr problemi maraqlandırırdı; ancaq eyni zamanda o, fövqəladə tənqidçi fəhmi, gözəl zövqü ilə seçilirdi, meyarlar haqqında aydın təsəvvürə və onlardan ustacasına istifadə etmək bacarığına malik idi, - bütün bunlar olmasaydı, alimin irsi sırf nəzəri, hətta sxematik səciyyə daşıyardı.

Alimin və şairin versifikasiyaya yanaşması isə həm də belə bir çox özəl münasibətlə səciyyələnir. Burada mən müəyyən məsələlərlə bağlı yalnız öz təcrübəmdən danışa bilərəm. Heç zaman təqti və ölçülərin adlarını yadda saxlaya bilməmişəm, yaxud prasodiyanın artıq qəbul edilmiş qaydalarına lazımi diqqəti göstərə bilməmişəm. Məktəbdə Homer və ya Vergilini ucadan oxumağı çox sevirdim - ancaq həm də öz ahəng və tərzimlə. Görünür, instinktiv olaraq şübhələnirdim ki, yunan sözlərini necə tələffüz etməyi və ya Vergilinin şeirlərində Roma və yunan ritmlərinin bir romalının qulağından necə fərqli səsləndiyini əslində heç kəs bilmir; ancaq ola da bilər ki, bunu mənə tənbəlliyin mühafizəkar instinkti təlqin edirdi. Ancaq tam fərqli vurğu və heca sistemi olan ingilis poeziyasında versifikasiya qaydalarından istifadəyə gəlincə,  şübhəsiz ki, bir sətrin yaxşı, digərinin isə pis səsləndiyinin səbəbini bilmək istəyirdim.

Ancaq şeir sənəti ilə bağlı bu suala cavab verə bilmədim. Görünür, ingilis şeirinin istənilən tipini mənimsəməyin yeganə yolu assimilyasiya və təqliddir; ancaq bu halda sən başqa bir şairin poetik stixiyasına o dərəcədə nüfuz edirsən ki, elə onun kimi yazmağa başlayırsan. Bu o demək deyildir ki, müxtəlif şairlərdə yerlə göy qədər fərqlənən vəzn nəzəriyyəsini, mücərrəd formalarını analitik şəkildə öyrənməyi vaxt itkisi hesab edirəm. Bununla yalnız onu demək istəyirəm ki, anatomiyanın mənası bizə toyuğu necə yumurtlamağa məcbur etməyi öyrətmək deyildir. Mən yunan və Roma poeziyası yarandıqdan sonra qrammatiklərin müəyyənləşdirdikləri prasodiya qaydalarının köməyi ilə bu xalqların poeziyasını öyrənməyin hər hansı başqa yolunu təklif edə bilmərəm. Əlbəttə, bu dilləri danışmaq və eşidib anlamaq səviyyəsində bərpa etsək, o şairlərin etdikləri kimi həmin qaydalardan asanlıqla imtina edə bilərdik.

Ancaq fakt budur ki, biz bir ölü dili öyrənirik, demək süni metodlardan istifadə etməliyik və elə bu süni metodla da versifikasiyaya məsələsinə yanaşmalıyıq; bundan başqa, bizim tədris metodlarımız çoxunun dillə bağlı cüzi bacarıqlara malik olduğu şagirdlərə şamil edilir. Hətta milli poeziyamıza münasibətdə belə, ölçülərin, fərqli hecalı misraların və müxtıəlif yerlərə düşən vurğuların klassifikasiyası ilkin mərhələdə bu və ya digər məkanın xəritəsi kimi, yəni bələdçilik mənasında faydalı ola bilər. Ancaq necə olmasa da, qaydaları deyil, yalnız şeirlərin özlərini öyrənməklə biz qulağımızı bəzi şeylərə öyrəşdirə bilərik. Çünki biz bu və ya digər qaydalar əsasında, yaxud hər hansı şairin üslubunu təqlid etməklə yazmağı öyrənmirik.  Bəli, biz təqlid edərək öyrənirik, ancaq bu təqlid üslub imitasiyasından daha dərin bir şeydir.

Şellini təqlid etdiyimiz çağlarda bizə yazmaqdan çox, məhz onun gənclik "mən"inin qüdrətli gücü hakim kəsilmişdi, öz dövründə bu qüdrət və ehtiras onun poetik dilini özünüifadənin yeganə mümkün vasitəsinə çevirə bilmişdi. Prosodiya qaydalarından şüurlu istafə, şübhəsiz ki, ingils şeir sənəti praktikasına təsrsiz qalmamışdı: ədəbiyyat tarixçiləri hələ bundan belə latın dilinin Ayter və Serrey kimi novator şairlərə təsirini əməlli-başlı araşdırmalıdırlar.

Böyük dilçi Otto Espersen yazırdı ki, ingilis nitqinin qrammatik sırası ehtimal ki, qrammatiklərin onu latın dilinin kateqoriyalarına uyğunlaşdırmaq cəhdlərinə görə heç də düzgün şərh edilməmişdi, məsələn, felin şərti lazım fromasında olduğu kimi. Ancaq versifikasiya tarixində dilin ritmik təbiətinin xarici nümunələri təqlid edən şairlər tərəfindən təhrif edilməsinə dair problem mövcud deyildir: biz keçmişin böyük şairlərinin şeir təcrübəsini fakt kimi qəbul edirik, çünki bizim qavrayışımız məhz onların şeirləri əsasında formalaşıb və bu belə də davam edəcək. Zənnimcə, xarici dillə gələn təsirlərin böyük bir hissəsi ingilis poeziyasını inkişaf etdirməyə, onun sərhədlərini genişləndirməyə və onu zənginləşdirməyə sərf edildi. Bəzi klassik filoloqların fikrincə (bu məsələ mənim səlahiyyətim daxilində deyildir), Roma poeziyasının metrik sistemi əvvəlcə hecalıdan çox tonik sistemə yaxın idi; daha sonralar o, yunan dilinin təsirnə məruz qaldı və yalnız  "Pervigilium Veneris" və digər erkən xristian himnləri kimi nümunələrdə qədim formasını aldı. Əgər bu belədirsə, demək, güman etməyə bilmərəm ki, Vergilinin əsrinin  elmli auditporiyası poeziyadan onun əsasında duran və dinləyicilərin fərqində olub-olmadıqlarına rəğmən özünəməxsus akkompanament yaradan iki metrik sistem sayəsində həzz alırdı. Demək, belə çıxır ki, ingilis poeziyasının müəyyən hissəsi gözəlliyinə görə onun özəyindəki birdən çox metrik sistemə borcludur. 

Müasir ingilis poeziyası, zənnimcə, müxtəlif mənşəli metrik sistemlərin xəlitəsi təəssüratını yaradır (halbuki mən "sistem" özünü işlətməkdən bir o qədər də xoşlanmıram, bu sözdə təbii boyatmadan çox, şüurlu icad məsələsinə işarə gizlənib); irqlərin qarışması kimi xəlitələr də hardasa irqi mənşəyə malikdir. İngilis-sakson, norman-fransız, orta ingilis və şotland ritmləri - bütün bunlar latın, fransız, italyan və ispan dillərinin ritmləri ilə yanaşı, ingilis poeziyasına öz damğasını basmışdır. 

Eyni dərəcədə, hətta eyni bir ailə daxilində özünün mürəkkəb, yekcins olmayan xüsusiyyətləri ilə seçilən xalqda olduğu kimi, mürəkkəb poetik vəhdətdə də bu və ya digər element qabarıq şəkildə hansısa şairə, yaxud epoxaya xas ola bilər. Məhz hansı komponentin dominant olması zamandan asılı olaraq ya xarici dildə yaranan bu və ya digər müasir ədəbiyyatın təsiri altında, ya da keçmişimizin hər hansı dövrünü digərləri ilə müqayisədə müasirliyə daha çox uyğunlaşdıran şəraitin sayəsində müəyyənləşir. Ancaq təbiətin elə bir qanunu var ki, o, bütün bu keçici əlamətlərin, xarici, yaxud keçmiş dövrün poeziyasının təsirlərinin fövqündə dayanır: yəni, poezyanın bizim istifadə etdiyimiz və eşitdiyimiz gündəlik danışıq dilindən qopub-aralanmağımızı mümkünsüz edən qanunu. Tonik və ya hecalı, qafiyəli və ya qafiyəsiz, forma etibarı ilə dəqiq, yaxud sərbəst ... poeziya insan ünsiyyətinin daim dəyişən dili ilə əlaqəsini itirməməlidir.

Qəribə görünə bilər ki, poeziyanın "musiqisi" haqqında danışmalı olduğum halda indi onun ancaq danışıq dili aspektini vurğulayıram. Əvvəla, sizə xatırlatmaq istərdim ki, poeziyada musiqi mənadan ayrılıqda mövcud deyildir. Əks halda, bizdə heç bir mənası olmayan, ancaq qeyi-adi melodik gözəlliyə malik olan poeziya formalaşardı, - etiraf edim ki, bu tipli poeziyaya heç zaman rast gəlməmişəm. Tək-tük istisnalar yalnız bu qaydanın müxtəlif dərəcəli təsirini büruzə verir: bəzi şeirlər bizi məxsusi melodikliyi ilə həyəcanlandırır, onların mənasını olmuş fakt kimi (olacaq şey kimi) qəbul edirik; elə şeirlər də var ki, bizi özlərinin məzmunu ilə cəlb edirlər, ancaq onların səs aspektini biz demək olar şüursuz şəkildə qəbul edirik. Nümunə kimi Edvard Lirin mənasız mətnlərini nəzərdən keçirin.

Onun mənasız poeziyası heç də mənanın yoxluğu anlamına gəlmir: burada məna parodiya edilir, elə müəllifin ideyası da burdadır. Deyək ki, macəralardan bəhs edən, dəniz səyahətlərinə nostalgiya oyadan "Canbliz" şeiri; yaxud cavabsız məhəbbət haqqında "Yonci-Bonci Bo" - bunlar mahiyyətcə "blüzlər"dir. Bunları oxuyanda biz musiqidən yüksək dərəcədə zövq alırıq və mənaya münasibətdə tam laqeydliklə haşiyələnmiş duyğuları yaşayırıq. Yaxud Uilyam Morrisin "Mavi otaq" adlı başqa tipə aid şeirini götürün. Çox füsunkar şeirdir və onun hansı məna aşıladığını deməkdə bu gün də çətinlik çəkirəm, bəlkə müəllif də bunu bizə izah edə bilməzdi. Ruhu etibarı ilə bu şeir runa və ovsun təəssüratı oyadır. Ancaq runa və ovsunlar konkret təsir göstərməyə hesablanmış, deyək ki, inəyi bataqlıqdan çıxarmaq üçün deyilən xüsusi praktik səciyyəli formullardır. Ancaq bu şeirdə məqsəd başqadır (məncə, müəllif buna nail olub) - yuxugörmə effekti yaratmaq. Bu yuxunun mənası nədir? Oxucuya bunu bilmək vacib deyil; məqsəd şeirin oxusundan oxucunun məmnun qalmasıdır; yeri gəlmişkən, insanlar ciddi şəkildə inanırlar ki, yuxular doğrudan da nəsə ifadə edirlər, - yuxuda gələcəyin sirlərinin açılmasına onlar inanmağa öyrəşiblər (yaxud keçmişin müasir ortodoksal nəzəriyyələrinə uyğun olaraq ən dəhşətli sirlərinin açılmasına), bir çoxu buna indi də inanır.

Şeirin mənasının bütünlüklə cümləyə sığışdırmağın mümkünsüzlüyü haqqında fikir artıq ümumi rəyə çevrilib. Bəzi hallarda qeyd edilir ki,  şeirin mənası müəllif niyyəti ilə müqayisədə əvvəla, çox geniş ola bilər, ikincisi isə ilkin mənbədən çox-çox uzaqlaşa bilər. Müasir dövrün "anlaşılmaz" (mütəqəlqəl) şairlərindən biri - Stefan Malarme haqqında fransızlar deyirdilər ki, dili o qədər qeyri-adidir ki, onu yalnız xaricilər yaxşı anlaya bilir.  Rəhmətlik Rojer Fray və Şarl Mor Malarmenin şeirini ingilis dilinə çevrib, bu şeirə açar rolunu oynayan şərhlər də yazmışdılar. Bəzən eşidəndə ki, hansısa mürəkkəb quruluşlu sonet stolun hamar səthində əks edən rəsmin, yaxud pivənin köpüyündə oynayan şüanın təsiri altında yazılıb yalnız bunu deyə bilirəm ki, bəlkə doğrudan şeirin mənşəyi elə bu olub, ancaq bəs məna? Şeir o zaman məna kəsb edir ki, bizə nəsə ciddi bir şey haqqında xəbər çatdırsın və bu xəbər bütün varlığımıza toxunsun; ancaq bu şeir dediyimiz funksiyanı yerinə yetirməyəndə, demək poetik baxımdan da mənasızdır. Məsələn, olur ki, heç bir kəlməsini də bilmədiyimiz bir dildə hansısa şeirin oxunması bizə dərindən təsir edir; ancaq sonradan kimsə desə ki, bu sadəcə mənasız söz yığınıymış, dərhal düşünərik ki, aldanmışıq, kimsə bizi çaşdırıb: demək, bu, şeir yox, hansısa instrumental musiqinin imitasiyasıdır. Məhz elə buna görə də hesab edirik ki, poetik məna yalnız qismən cümləyə sığa bilər, yəni şair şüurun sərhəd zonasında fəaliyyət göstərir, məna qorunub-saxlanılsa da, burdan o yana sözün sözü keçmir. Görünür, müxtəlif oxucular üçün şeir müəllif niyyətindən asılı olmayaraq, müxtəlif məna ifadə edir. Hesab edək ki, şair kənarla heç bir bağlantısı olmayan sırf şəxsi yaşantısını qələmə alıb; ancaq oxucular üçün onun bu şeiri sırf şəxsi assosiasiyalarla bərabər həm də ümumbəşəri məna kəsb edir. Oxucu interpretasiyası müəllif şərhindən fərqlənə və yenə də doğru ola bilər (hətta müəllifdən daha haqlı -!). Bəzən oxucu şeirdə müəllifin ağlına gəlməyən nüanslar da tapır. Fərqli şərhlər eyni bir şeyi ifadə etməyə sürəkli cəhdlərdir; bir mətnin müxtəlif şəkildə oxunması isə ona görə meydana gəlir ki, şeirin bətnində adi nitqlə verilməsi mümkünsüz olan, ona sığmayan daha geniş məna hifz edilir.

Beləliklə, nəsr (proza) ritminə sığışdırılan nəsnənin sərhədlərindən kənarda mövcud olanları çatdırmaq cəhdində poeziya bütün hallarda, sizin onu söyləmənizə, yaxud mahnı kimi oxumanıza baxmayaraq iki tərəf arasındakı söhbət olaraq qalır - bu sadəcə başqa, tam fərqli ünsiyyət vasitəsidir. Poeziyanın danışığa yaxınlığı elə bir predmet deyildir ki, onun vasitəsi ilə dəyişdirilməsi mümkünsüz olan qanunları müəyyənləşdirəsən. Poeziyada istənilən inqilab tendensiyalıdır və bunu o bəzən lap açıq şəkildə bəyan edir - adi nitqə qayıdış! Giriş sözündə Vordsvort məhz bu inqilabı həyata keçirirdi və bunda tam haqlı idi. Ancaq bu inqilabı bir əsr qabaq Oldhem, Uoller, Denem və Drayden etmişdilər; və budur, bu inqilab bir əsr keçdikdən sonra yenə də gündəmdədir. İnqilab dalğasına qoşulub gedən şairlər bu və ya digər istiqamətdə yeni poetik dili inkişaf etdiridilər; onu parıldayana qədər itiləyir, yaxud kamillik zirvəsinə çatdırırdılar; bu zaman çərəyində gündəlik nitq durmadan dəyişir və hər dəfə yenilənmiş poetik dil köhnəlirdi. Şübhəsiz ki, burada biz Draydenin dilinin öz müasirlərindən nə qədər həssas olmasını da dərk edirik.

Görünür, heç bir poeziya istifadə etdiyi və şairin eşitdiyi nitqin dəqiq surəti, yaxud modeli ola bilmir; ancaq poeziya konkret dövrün nitqi ilə elə bir münasibətdə olmalıdır ki, dinləyici, yaxud oxucu deyə bilsin: "şair olsaydım, mən də elə bunu deyərdim". Burada müasir poeziyanın ən kamil nümunələri ilə bizdə heyranlıq və tamlıq hissini yaratdığının əsl səbəbi gizlənmişdir; bu hissi bütövlüyünə və mükəmməlliyinə görə heç bir hisslə, hətta keçmişin böyük poeziyası ilə də müqayisə etmək mümkün deyildir. 

Davamı olacaq...

Tomas Sternz Eliot

 

İngilis dilindən tərcümə edən:

Cavanşir YUSİFLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!