9-cu Uluslararası Türk Dünyası Şeir və Musiqi festivalına hazırlıqlar hələ 2023-cü ilin dekabrından başlanmışdır. Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş 8-ci festival Çukurova Ədəbiyyatçılar Dərnəyi tərəfindən 2023-cü ilin oktyabr ayında yavru vətəndə - Qüzey Kıbrıs Türk Cümhuriyyətində düzənlənmişdir. 7-15 iyun 2024-cü ildə düzənlənən 9-cu festival isə Qırğızıstan Respublikasının yaradılmasının 100 illiyinə həsr edilmişdir.
Məlumat üçün deyim ki, türk xalqlarının ədəbi-mədəni əlaqələrinə, birlik və bərabərliyinə xidmət edən bu festivalların 7-si Türkiyədə keçirilmişdir. Sonralar böyük türk ailəsini özündə birləşdirən bu qəbildən olan festivalların digər türk respublikalarında da keçirilməsi qərara alındı. Eyni zamanda 9-cu festivalın gedişatında qərara alındı ki, 10-cu Uluslararası Türk Dünyası Şeir və Musiqi Festivalı Qazaxıstan Respublikasının dövlət quruluşunun 800 illik yubileyi çərçivəsində 2025-ci ilin mart ayında Almatıda keçirilsin.
Uzun illərdir ki, qutsal bir missiyanı uğurla davam etdirən Çukurova Ədəbiyyatçılar Dərnəyi və onun əvəzsiz lideri Halise Tekbaşın xidmətlərini xüsusilə qeyd etmək istəyirəm. Konyuktur və korporativ maraqlardan uzaq olan bu təşkilatın əksər türk bölgələri üzrə seçilmiş təmsilçiləri fəaliyyət göstərir. ÇED onursal başqanı, eləcə də, Dünya Türklərinin Koordinasiya rəhbəri olaraq Orta Asiya respublikalarından olan dostlarımızla qurduğumuz əlaqələr ildən-ilə yüksələn xətlə davam edir. İllər öncə Adanada düzənlənən festivala Qırğızıstandan qatılan böyük nümayəndə heyətinin rəhbəri Joldoşbek Monoldorov, Qazaxıstandan Erjan Alaştuqan, Özbəkistandan Utkirbek Muxamedov, Türkmənistandan Rəcəb Rəcəbov, İrak-Kərkükdən Eyyub Hikmət, Tatarıstan Yazıçılar Birliyi başqanı Rkail Zəydulla və digərləri bu qurumu öz ölkələrində yüksək səviyyədə təmsil edirlər.
8-10 il əvvələdək düzənlənən festivallara Türkiyənin dövlət qurumları, bələdiyyə başqanları xüsusi diqqət ayırır, xərclərin böyük hissəsini qarşılayırdılar. Türkiyədə başlayan iqtisadi geriləmələr, lirənin kəskin ucuzlaşması sonralar bu xərclərin azalmasına gətirib çıxardı. Bütün bunlar türk insanının bu festivallarda iştirakına mane ola bilmədi, əksinə, onların sayı daha da çoxaldı. Bu festival isə, ÇED-in 2016-cı ildə baş tutan böyük tədbirindən - "Bakı görüşü"ndən sonra müstəqilliyini qazanmış keçmiş türk respublikaları sırasında bir ilk idi. Qırğızıstanın Çolpan-Ata bölgəsində - İssık-Kulda düzənlənən festivala maraq həddən çox idi. Rəsmi dəvətlilərin sayı 135 nəfər olmasına baxmayaraq, festivala 168 nəfər təşrif buyurmuşdu. Hava limanında qarşılanan iştirakçılar xüsusi avtobuslarla polis avtomobillərinin müşayiətilə İssık-Kula Gold-Assn otelinə gətirildi.
Festivalın açılışı festivala ev sahibliyi edən Qırğızıstan təmsilçimiz Joldoşbek Monoldorovun və keçmiş Mədəniyyət naziri Kayrat İmanəliyevin giriş sözləri ilə başladı və Qırğızıstanın dövlət himni səsləndirildi. Ardınca Manas Dövlət teatrının rəhbəri Aziz Baymırzanın ifasında "Manas" oxundu. Festivalda şəxsən iştirak edən özünün və dövlət başçısı - prezident Sadır Japarovun təbriklərini çatdıran Qırğızıstan respublikasının dövlət katibi Süyünbek Kasmambetovun çıxışı alqışlarla qarşılandı. Sonra söz festivalın rəhbəri, ÇED başqanı Halise Tekbaşa verildi. Qarşılıqlı təbrik və təltiflərdən sonra Qırğızıstan Milli Yazarlar Birliyinin keçmiş rəhbəri Nurlan Kalıbekov, Qırğızıstan Ədəbiyyat Fondunun rəhbəri, xalq şairi Jediger Saalayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, Özbəkistan Yazıçılar Birliyinin təmsilçisi, "Şərq Ulduzu" dərgisinin rəhbəri Sirojiddin Rauf, Qırğızıstan Xalq artisi Esen İsmailov, Tatarıstan Yazıçılar Birliyinin sədri, millət vəkili Rkail Zəydulla, Başqırdıstan Yazıçılar Birliyinin sədri, millət vəkili Ayqiz Baymuxamedov, Tatarıstan Yazıçılar Birliyinin katibi, "Kazan odları" jurnalının baş redaktoru Rüstəm Qaliullin, Qırğızıstandakı Azərbaycan Diasporunun - "Azəri" İctimai Birliyinin sədri Əzizağa Əliyev və digərləri çıxış etdi. Çıxışlardan sonra tədbirin aparıcılığı ÇED onursal başqanı İlqar Türkoğluna həvalə edildi.
Festivalın proqramına uyğun olaraq, Qırğızıstanın tarixi yerlərinə - Daşlar qoruğuna, Muxtar Auezovun ev-muzeyinə, Çolpan-Ata tarix muzeyinə və digər yerlərə səfərlər təşkil edildi. Səfərlərin ən maraqlısı isə, ətrafı dağlar və meşələrlə bəzənmiş İssık-Kulun şimal sahilində yerləşən Kırçın yaylağı idi. Əvvəllər bu bölgə Qriqoryev dərəsi kimi tanınsa da, sonradan adı qırğızcaya dəyişdirilərək Çon Ak-Suu adlandırılmışdır. Böz-üy-yurtlarda yerləşdikdən dərhal sonra özbəkistanlı qardaş və bacılarımız öz aşpazlıq məharətlərini işə saldılar. Qonaqlar üçün qoyunlar kəsildi, yüz nəfərdən artıq qonaq üçün özbək plovu hazırlandı. Musiqi sədaları altında deyib-güldük, rəqs etdik, xatirə şəkilləri çəkdirdik. Bir sözlə, festivalın dadını bu yaylaqda çıxara bildik.
Qırğızlar çox qonaqpərvərdirlər. Qonaqların qarşılanması xüsusi ayinlərlə icra olunur. İlk qarşılanma milli geyimlərdə olan qızların əllərində tutduğu sinilərdəki şirniyyatları kasalardakı qaymağa batırıb yeməklə başlandı. Festivalın demək olar ki, bütün ağırlığını təkbaşına öz üzərinə götürən "Yanqi Ovoz" Orta Asiya Yazıçılar və Tarixçilər Birliyinin sədri, ÇED onursal başqanı Joldoşbek Monoldorovun fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Baxmayaraq ki, onun fəaliyyətinə həsəd aparan, əleyhinə işləyən, gördüyü işlərə şərik çıxmaq istəyənlər də var idi. Türkiyə və Azərbaycanda, eləcə də Orta Asiyada yaxından tanınan, sadə və səmimi olan Joldoşbek qardaşımıza olan sevgi bu insanları hərəkətlərində korrektə etməyə məcbur etdi.
Festivaldan iki gün öncə gələn qonaqları, eləcə də, gecikən və yaxud bir gün tez gedən qonaqları hava limanına uğurlayan Joldoşbekin fiziki dözümünə heyrət etməmək mümkünsüz idi. Yeri gəlmişkən, deyim ki, böyük türk sevdalı qardaşımın - Joldoşbek Monoldorovun 2023-cü ildə dilimizə çevirdiyim "O qızı axtarmayın" adlı kitabının Azərbaycan Yazıçılar Birliyində təqdimatı keçirilməklə eyni vaxtda ona Azərbaycan Yazıçılar Birliyinin üzvlük bileti təqdim edilmişdi. Onun türk insanlarının bir araya gəlişi, birlik və bərabərliyi üçün çalışmaları çox təqdirəlayiqdir.
Festivalın proqramına uyğun olaraq, bəzi müəlliflərin müxtəlif türk dillərinə çevrilmiş kitablarının təqdimatı, Nəvai Mətinin rəhbərliyində Azərbaycan rəssamlarının rəsm sərgiləri, şeir və musiqi axşamları, Ayaz Arabaçının Qırğızıstan haqqında poeması, Aşıq Azər Fərmayıloğlunun ifaları festivalın unudulmaz anları kimi yaddaqalan oldu.
Biz bir arada, bir yerdə olanda güclüyük. Bu güc Türk Dövlətləri Təşkilatının apardığı siyasətdir. Bu güc Turana açılan böyük qapıdır. Bu güc Böyük Türk Ailəsi - Turandır! Yaşasın Böyük Türk Ailəsi - Turan!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!