Oğuz rayon Mədəniyyət mərkəzində rayonun Calut kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Günel İbrahimova və şagirdlərinin müəllifi olduğu "Mən böyüyürəm, insanlar!" adlı kitabın təqdimatı keçirilib. Kitab 23 aprel Beynəlxalq kitab və müəlliflik hüquqları günü münasibətilə ərsəyə gətirilib. Şagirdlərinə şahidi olduğu hadisələri yazmağı tapşıran Günel İbrahimova həmin yazıları hekayə şəklinə salaraq 18 şagirdinin dilindən 18 hekayə şəklində kitab kimi çap etdirib. Kitabda dostluq, mərhəmət, doğruluq, vətən sevgisi, düzlük kimi duyğuların təbliği, yalan, oğurluq kimi yanlışlardan qaçınmağın lazımlığı xüsusi məharət və incəliklə öz əksini tapıb.
Təqdimatın açılışına dövlət himni ilə başlanılıb. Daha sonra çıxış üçün söz balaca müəlliflər olan üçüncülərə verilib. Şagirdlər əvvəlcə "Fidan ağacı" adlı kompozisiya ilə tamaşaçıların qarşısına çıxıblar, daha sonra "Ağ çiçəyim" mahnısının sədası altında rəqs ediblər.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri Elnarə Akimova bildirib ki, bu kitabın təqdimatı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən iki il öncə üçün düşünülsə də, müəyyən səbəblərdən təxirə salınmışdı. Günel İbrahimova və onun 18 istedadlı şagirdinin ərsəyə gətirdikləri hekayətlərdən bəhs edən Elnarə Akimova qeyd etib ki, bu hekayətlər 44 günlük Zəfər tariximizdən sonra yazıldı. Qəhrəman əsgərlərimiz müharibədə ən böyük hekayətləri yazmışdılar. Ona görə yazmışdılar ki, bizim balacalarımız öz kiçik mətnlərini azad, asudə, fərəhli bir ölkənin vətəndaşları kimi qələmə ala bilsinlər.
Daha sonra tədbirdə uşaq yazıçısı Sevinc Nuruqızı, MDU Psixologiya və pedaqoqika kafedrasının baş müəllimi və psixoloqu İlhamə İsmayılova, ADPU-nun Doktorantura və magistratura şöbəsinin baş mütəxəssisi və peşəkar təlimçi Dilguşə Süleymanova, ADPU-nun kimya və biologiya fakültəsinin "Ümumi kimya və KTT" kafedrasının baş müəllimi Rumiyyə İnşad Camal, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Nazim Hüseynli, Oğuz rayon Təhsil sektorunun metodisti Həqiqət Rəsulova, Oğuzlu şair, yazar, tədqiqatçı Yusif Rzayev çıxış edərək "Mən böyüyürəm, İnsanlar" kitabının məziyyətlərindən danışıblar. "Uşaq ədəbiyyatı" şöbəsinin əməkdaşları Gülnar Qəmbərli və İlhamə Ağazadə kitabdakı mətnlərin mövzu özəlliklərinə toxunublar. Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı da çıxış edərək balacalara uğurlar arzulayıb, belə addımların böyük əhəmiyyət daşıdığını bildirib və şagirdlərinə örnək olmağı bacaran Günel İbrahimovaya təşəkkürünü çatdırıb.
Daha sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən məktəb rəhbərliyinə, eləcə də şagirdlərə müxtəlif hədiyyələr təqdim olunub.
Tədbirdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin Oğuz bölməsinin sədri Vüsal Oğuz, Oğuz rayon Mərkəzləşmiş kitabxanasının, YAP idarəsinin işçiləri, müəllimlər, valideynlər, şagirdlər də iştirak edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!