"Əsrə bərabər 20 il"in poetik cizgiləri

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyində Xuraman Muradovanın "Əsrə bərabər 20 il" adlı kitabı təqdim edildi.

"Əsrə bərabər 20 il" X.Muradovanın ölkəmizdə və qardaş Türkiyədə, eləcə də İranda, İraqda, Özbəkistanda, Qırğızıstanda nəşr edilmiş kitablarından sonra işıq üzü görən 5-ci toplusudur. O, dünyanın bir çox ölkələrində ədəbiyyatımızı layiqincə təmsil edib, Türk Ədəbiyyatı Vəqfinin "Türk ədəbiyyatına üstün hizmət" baratına, "Türk dünyası Onur" medalına, eləcə də "Hümay" Milli Mükafatına, Kərkük Kültür Dərnəyinin "Türk şeirinə hizmət" ödülünə layiq görülüb. Türk Dünyası Beynəlxalq Akademiyasının fəxri professorudur.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev dedi: "Xuraman xanımın AYB üzvlüyünə qəbulunu Xalq yazıçımız Natiq Rəsulzadə təqdim etmişdi. Onun publisistik kitabları və şeir topluları ilə tanış olduğumuza görə bu təqdimatı qəbul etdik. Xuraman xanımın kitablarının bir çox xarici ölkələrdə də çap olunması xüsusilə təqdirəlayiqdir. Şəxsən mən özüm bu cür faktları çox müsbət qarşılayıram. Çünki bu, Azərbaycan ədəbiyyatının dünya səviyyəsində tanınmasına və təbliğinə xidmət edən bir məsələdir. "Əsrə bərabər 20 il"in redaktoruyam. Kitab Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunub. Bu, çox möhtəşəm bir tarixdi. Xuraman xanım ölkə başçımızın parlaq fəaliyyətinə əsl vətəndaş mövqeyindən, xüsusi heyranlıq hissilə ayna tutub. Müəllifin peşəkarlığı, səlist, məntiqli üslubu kitabın oxunaqlığını təmin edib. Təbii ki, tədbirdə iştirak edən sənət adamları, ictimai-siyasi xadimlər, oxucular "Əsrə bərabər 20 il" kitabıyla bağlı öz səmimi ürək sözlərini dilə gətirəcəklər. Amma mən istərdim ilk olaraq sözü müəllifin özünə verəm. Xuraman xanım kitab üzərindəki işi, yazı prosesilə bağlı düşüncələrini bizimlə bölüşsün. Hesab edirəm bu, çox maraqlı bir prosesdir..."

Xuraman Muradova tədbir iştirakçılarına təşəkkür edərək bildirdi ki, bu kitabı yazmaq, nəşr etdirmək mənim dövlətimə, onun sükançısı, qalib, müzəffər Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətinə olan vəfa borcumdur. Çox məmnunam ki, dövlətimə və onun başçısına olan səmimi duyğularımı ifadə etdiyim kitab Xalq yazıçıları Natiq Rəsulzadənin məsləhətçiliyi, Çingiz Abdullayevin redaktorluğu ilə nəşr olunub. Kitab üzərində işləyərkən ulu öndər, ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı tarixi, müstəsna əhəmiyyətə malik xidmətlərini əks etdirən çoxsaylı mənbələrə də nəzər yetirmişəm. Bu dahi siyasətçinin Azərbaycanın dünyaya günəş kimi döğması naminə reallaşdırdığı tarixi layihələrin böyük miqyasını bir daha dərk etmişəm. Ulu öndərin Azərbaycan tarixindəki ictimai-siyasi fəaliyyəti misilsizdir. O, müstəqil Azərbaycanımızın memarı və qurucusudur. Amma eyni zamanda Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də öz layiqli varisi İlham Əliyevi yetişdirməsi, ona etimad göstərməsidir. Məhz Heydər Əliyev ölkəmizin böyük qələbələrə aparacaq sükanını İlham Əliyevə etibar etdi. Seçimində yanılmadı. Və bu uğurlu seçim, tövsiyyə böyük Zəfərimizin yolunu açdı, bütün sahələrdə nail olduğumuz qələbələrin təminatçısı oldu. Bütün bunlar barədə kitabın birinci hissəsində ətraflı bəhs etmişəm. İkinci hissədə isə daha çox qalib Ali Baş Komandanımız, ölkəmizin başçısı cənab İlham Əliyevin son 20 ildə xüsusi səriştə və uzaqgörənliklə həyata keçirdiyi uğurlu idarəetmə gerçəkliklərini qələmə almışam. Bu incələmələr mənim özüm üçün də çox maraqlıdı. Vətənimiz, dövlətimiz üçün əldə olunan uğurlar qürur mənbəyimizdir. Kitabın 3-cü bölümündə daha çox 2003-cü ildən yönü bəri Azərbaycan Prezidentinin ölkəmizin inkişafı, iqtisadi yüksəlişlərimiz, insanların rifah halının yaxşılaşdırılması, sahibkarlığın inkişafına yaradılan münbit şəraitlə bağlı həyata keçirdiyi qürurverici reallıqlardan bəhs etmişəm. Bu bölümdə daha çox ölkə başçısının çıxışlarına, imzaladığı Sərəncam və fərmanlara, aforizmə çevrilmiş nitqlərindən seçmələrə istinad etmişəm. Bütövlükdə xalqımızın sevimlisi İlham Əliyevin parlaq fəaliyyətinə heyranlıq ifadəsi "Əsrə bərabər 20 il" kitabının mövzu qaynağıdır. Eyni zamanda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin çiçəklənməsi naminə həyata keçirdiyi çoxsaylı, irimiqyaslı humanitar layihələrin əhəmiyyəti barədə də fikir və düşüncələrimi, minnətdarlıq dolu duyğularımı kitabda əks etdirməyə çalışmışam. Təbii ki, bütün bunlar barədə çox yazılıb. Dünyanın ən tanınmış ictimai-siyasi xadimləri, dövlət başçıları, mədəniyyət xadimləri ölkəmizin son 20 ildə nail olduğu olduqca möhtəşəm uğurlar barədə səmimi fikirlərini dilə gətiriblər. Bu barədə çoxsaylı kitablar yazılıb. Gələcəkdə də yazılacaq. Eyni zamanda bir vətəndaş, qələm adamı olaraq mən də bəhs etdiyim məsələlərlə bağlı fikirlərimi oxucularla bölüşmək istəmişəm.

Düşünmüşəm ki, dövlətimiz, xalqımız qarşısında böyük xidmətləri olan insanların fəaliyyəti həyat məktəbi, qürur mənbəyi kimi öyrənilməli, tədqiq olunmalıdır. Bu barədə hər kəsin öz ürək sözü, vətəndaş mövqeyi var. Biz öz mövqeyimizi, sayğımızı izhar etməkdə gecikməməli, tərəddüd etməməliyik. Ən azından, sözümüzlə, mövqeyimizlə dəstək olmalıyıq, iştirakçıya dönməliyik... Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim, böyük şəxsiyyət Zərifə Əliyevanın, Azərbaycan Prezidenti İlham Əliyevin və xalqımızın sevimlisi Mehriban xanımın fəaliyyətləri ən böyük insanlıq, vətənə xidmət örnəyidir. Əsl həyat məktəbidir. Ona görə bu böyük insanların ömür yolu, fəaliyyətləri dönə-dönə öyrənilməli, tədqiq olunmalıdır. Mən də "Əsrə bərabər 20 il"i bu düşüncələrlə qələmə almışam... Kitabın sonuncu bölümündə Əməkdar incəsənət xadimi, rejissor, yazıçı-publisist Ağalar İdrisoğlu ilə olan "Xilaskarı dəstəkləmək - milləti dəstəkləmək deməkdir" adlı müsahibəm yer alıb..."

AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli çıxışında qeyd etdi ki, Xuraman xanımın daha əvvəl təqdim etdiyi "Sənə məktub yazacam" adlı kitabı məndə müsbət təəssürat yaratmışdı. "Əsrə bərabər 20 il" bu təəssüratlarımı təzələdi. Onun yaradıcılığının yeni imkanları məni sevindirdi... Kitabda bəhs olunan mövzuda düşüncələri qələmə almaq olduqca məsuliyyətli və çətin bir işdir. Böyük və təlatümlü 20 il və ondan əvvəlki bütöv bir dövr haqqında düşüncələri ümumiləşdirmək, tarixi dəyərini incələmək elə də asan deyil. Xuraman xanım bu məsələləri dövlətimizə, onun son onilliklərdə nail olduğu uğurları, tarixi qələbələri həssas publisistik fikirləri, qədirbilən vətəndaş mövqeyi ilə incələyib. Uğurlu və oxumaqlı bir kitab artıq əlimizdədir.

Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu tədbirdə çıxış edərək dedi: "Bu kitabda təkcə son iyirmi il yox, keçən əsrin 1970-ci illərindən başlayaraq əlli illik yaşadığımız dövr müəllif tərəfindən tutarlı faktlarla işlənib. Həm də burada Xaq şairimiz Nəriman Həsənzadənin Xuraman Muradovanın təkcə yazıçı kimi yox, həm də səhiyyəmizin keşiyində dayanan, şəhid ailələrinə, qazilərə rəhbərlik etdiyi Milan Hospitalda həkimlərilə birlikdə böyük xidmətindən bəhs edən maraqlı şeir var. İnanıram ki, bu kitab oxucular tərəfindən də maraqla qarşılanacaq".

Millət vəkili, Milli Məclisin Mədəniyyət komissiyasının sədri Fazil Mustafa təqdim olunan kitabın məziyyətlərindən söz açdı: "Xuraman xanım təkcə yazıçı, sahibkar kimi yox, həm də yüksək intellektli bir xanım kimi dövlət səviyyəli tədbirlərdə öz sözünü yüksək səviyyədə deyir və onun çıxışları maraqla qarşılanır. İnanıram ki, bu kitabı da oxuclar tərəfindən maraqla qarşılanacaq. Bu kitab həm də Azərbaycan dövləti, dövlətçiliyi və Qarabağ müharibəsilə bağlı maraqlı salnamə kitabdır".

Millət vəkilləri Jalə Əliyeva, Müşfiq Məmmədli, Vüqar İsgəndərov, Razi Nurullayev, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova tədbirdə çıxış edərək qeyd etdilər ki, "Əsrə bərabər 20 il" kitabında Xuraman xanım sözlə Ali Baş Komandanımızın ədəbi heykəlini yarada bilib. Əlbəttə, Ali Baş Komandanımızın fəaliyyəti bir kitaba sığmaz. Yəqin ki, yazarlarımız Xuraman xanımın bu kitabından bəhrələnib, yeni kitablar yazacaqlar. Dünyanın ən aparıcı ölkələrində sosial sahibkarlıq uzun illərdir ki, fəaliyyət göstərir. Çox sevindirici haldır ki, Xuraman xanım da bu sahədə ilk uğurlu addımlarını atan sahibkarlarımızdandır. Xuraman xanımın başqa sahibkarlardan ən böyük bir fərqi var ki, o, həm də yazıçıdır.

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan qeyd etdi ki, Xuraman Muradovanın kitabı Azərbaycandan Turana ünvanlanmış məfkurəvi kitabdır. Qarabağı işğaldan azad edən  Prezident və Ali Baş Komandan İlham Əliyevin hakimiyyətdə olduğu 20 ilin fəlsəfi-poetik-publisistik şərhini verən, Azərbaycan rəhbərinin hərbi və siyasi fəaliyyətini məfkurəvi aspektdən dəyərləndirən kitabdır.

Kitab haqqında yazıçı Varis, şairə Nəcibə İlkin, yazıçı-rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, alimlər, tənqidçilər, filoloqlar da kitab barədə fikirlərini bölüşdülər.

Sonda X.Muradova tədbir iştirakçılarına və "Əsrə bərabər 20 il"lə bağlı fikirlərini bölüşənlərə dərin təşəkkürlərini bildirdi.

 

Sərvaz Hüseynoğlu

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!