Rusiyanın önəmli ədəbi orqanlarından olan “Literaturnıe znakomstva” jurnalı keçən ilin son - dekabr nömrəsində həmyerlimiz şair Məmməd İsmayılın bir silsilə şeirlərini oxucularına təqdim etmişdir. Müəllifin edebiyyatqazeti.az saytına verdiyi məlumata görə, şeirləri məşhur rus şairi Mixail Sinelnikov tərcümə edib.
Şeirlərin təqdimat yazısında deyilir: “M.İsmayıl ilk şeirlərindən Azərbaycanın öndəgələn sənətkarları tərəfindən yüksək dəyərləndirilmişdir. Şair hələ Sovet dönəmində bir çox ədəbi mükafatlara layiq görülmüş və böyük ünə qovuşmuşdu. Rus dilində bir çox kitabları nəşr olunmuşdur. Bunların arasında “Xudojestvennaya literatura” nəşriyyatında çap olunan şeir və poemalarının yer aldığı seçilmiş əsərlərini göstərmək olar. Məmməd İsmayıl hazırda Türkiyənin böyük universitetlərindən biri olan Çanaqqala 18 Mart üniversitetində professor kimi fəaliyyət göstərir və vaxtının çoxunu şeir və filoloji araşdırmalarına sərf edir. Amma hər şeydən öncə indiyə qədər yazmaqda davam etdiyi mükkəmməl şeirləri ilə Azərbaycan oxucularının sevdiyi bir şair olaraq qalır.M.İsmayıl Türkiyədə də məşhurdur və monumental kitabları çap olunmaqdadır.M.İsmayılın şeirləri dünyanın bir çox dillərinə çevrilmişdir. Onun əsərləri rus oxucusunun da marağından uzaq deyil. 2013-cü ildə Moskvada 3 rus şairi - Yuri Kuznetsov, Aleksandr Kuşner və Mixail Sinelnikov tərəfindən tərcümə edilən “Vmesto pisma” kitabı yayınlanmışdır…”
“Bu evin ruhu” adlandırılan silsilədə şairin “Yetim sevgilər”, “Məni unutmazsan o dünyada da”, “Ötür qürbət martıları”, “Mən sənin yadına düşən deyiləm”, “Can köynəyi” şeirləri yer almışdır.
Yeri gəlmişkən qeyd edək ki, M.İsmayıl “Leteraturnıe Znakomstva” jurnalının redaksiya heyyətinin üzvü və Türkiyə təmsilçisidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!