Hələ ötən əsrin ilk illərində böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir səmim bir qəlblə yaşadığı əsrin dilindən gələcək dönəmlər üçün də arzu etdiyi, israrla istədiyi ittifaqü ittihad səslənişi edirdi. Dünyanın əmniyyət içrə murad almasının yolunu hidayət, ülfətü ünsiyyətə dair xitabət etməkdə görürdü. Hər bir halıyla beynəlmiləl, yəni qarşılıqlı anlaşma, barış, sülh tədbiri-ülfəti qılmaq zərurətini önə çəkirdi. Kin-kudirətin, ədavətin hali-zəlalətdən törədiyini və eyni dərəcədə də hali-zəlalətdən törəndiyini sırğa edirdi bəşərin yaddaşına. Cəhalət üzündən vəzi-ruzigarın iblisanə sifətə düşməsinin ağrısını, əzabını çəkirdi. Çıxış yolunu barışda, dinc-yanaşı yaşamaqda görürdü.
Zaman o zaman deyil, amma üstündən bu qədər uzun bir vaxt keçməsinə baxmayaraq böyük şairin dünyanın salamatlığı üçün proqram xarakterli çağırışı yenə öz aktuallığını, vacibliyini hifz etmədədir. Türk-islam düşüncəsinin ana yasası olan barış, dinc-yanaşı yaşamaq missiyası həm də M.Ə.Sabir dühasının xitabıyla yansıyır düşüncələrə. Zaman-zaman iblis övladları andraniklər, aqanbekyanlar, şahnazaryanlar, koçaryanlar, sarkısyanlar, baqrat qalastanyanlar xortlayıb yenidən xalqlararası ülfəti-ünsiyyət yaşamının sakit gölünə qanlı daşlar atdıqca, yenidən dirçəldikcə, Sabir çağırışının, Sabir uzaqgörənliyinin və müdrikliyinin geniş üfüqləri də bir o qədər aydınlaşır. Bu xitablar Sabir irsini yenidən aktuallaşdırır, gündəmə gətirir, o böyük dahini yenidən dərk etmək zərurəti doğurur.
Mayın 31-də Bakıdakı Sabir bağında böyük sənətkarın heykəli önünə tər çiçək dəstələri qoyub, xatirəsini dərin hörmətlə yad edən aydınlarımızın da həmrəy olduğu başlıca fikirlər idi bu deyilənlər.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Birliyin birinci katibi Çingiz Abdullayev, katiblər İlqar Fəhmi, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid, «Ədəbiyyat qəzeti»nin baş redaktor müavini Adil Cəmil, AYB sədrinin müşavirləri Rauf Aslanov, Sayman Aruz, «Ulduz» jurnalının baş redaktoru Qulu Ağsəs eləcə də Əsəd Cahangir, Dayandur Sevgin və başqaları da eyni düşüncəni bölüşür, böyük şairin mənəvi övladları kimi qürur hissi keçirirdilər.
Sərvaz Hüseynoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!