Yazıçılar Birliyində Puşkinin anadan olmasının 225 illiyi - qeyd olunub - FOTOLAR

Mayın 30-da Azərbaycan Yazıçılar Birliyində (AYB) Aleksandr Sergeyeviç Puşkinin 225 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Mixayloviç Kuznetsov şairin yaradıcılığı ilə bağlı Bakıda təşkil olunan kitab təqdimatlarında iştirak etdiyini və məmnunluq duyduğunu bildirib.

“Aleksandr Ostrovski, Fyodor Dostoyevski və rus ədəbiyyatının digər klassiklərinə həsr olunan kitab təqdimatında iştirak etmişəm. Bu kitabları şübhəsiz ki, müəllifin qəhrəmanlarına olan sevgi birləşdirir. Mən görkəmli şair Puşkinə həsr olunan “Bəşəri poeziyanın əbədiyyət günəşi” kitabının müəllifi Reyhan Mirzəzadə ilə artıq uzun müddətdir tanışam. Poliqrafik üslubda nəşr edilən nəfis şəkilli kitabda qüdrətli şairin həyat və yaradıcılığı, onun Azərbaycan ədəbiyyatına, ədəbi mühitinə təsirindən geniş bəhs olunur. Kitabda şairin həyatının maraqlı məqamlarından söz açılır. İndiyədək oxuculara məlum olmayan və yaxud az məlum olan məsələlərə toxunulur. Ümid edirəm ki, Puşkinə həsr olunmuş yeni nəşr təkcə rus deyil, həm də dünya mədəniyyətini, poeziyasını sevənlər üçün eyni dərəcədə faydalı və maraqlı olacaq”, - deyə o, sözlərinə əlavə edib.

Puşkinin Azərbaycan üçün doğma şair olduğunu vurğulayan AYB-nin sədri, Xalq yazıçısı Anar Puşkini Azərbaycanla iki yüzillik ənənələrin bağladığını söyləyib. Bu yaxınlıq XIX əsrdə başladı. Böyük ədib Mirzə Fətəli Axundzadə Puşkinin ölümündən təsirlənərək ilk böyük əsərini onun ölümünə həsr edib. Bu əsər fars dilində yazılan “Puşkinin ölümünə Şərq poeması”dır.

Milli Məclisin deputatı Aydın Mirzəzadə diqqətə çatdırıb ki, vətəndaş cəsarəti, xəlqilik, milli iftixar, vətənpərvərlik ruhu ilə şöhrət qazanan şair dünya mədəniyyətinin zəngin ədəbi xəzinəsinə dəyərli töhfələr bəxş edib. Klassiklərin müxtəlif xalqları və millətləri bir araya gətirən ümumbəşəri məbədin sütunları hesab olunduğunu söyləyən deputat deyib ki, istedad və təfəkkür, zehniyyət və yaradıcılıq potensialı ilə söz, fikir tarixində özünəməxsus yeri olan rus klassiklərini haqlı olaraq ziddiyyətli, mürəkkəb və ədəbi mübarizələr dövrünün qəhrəmanları adlandırırlar: “Rus realist istiqamətinin əsasını qoyan, bəşəri poeziyanın korifeyi kimi sevilən Aleksandr Sergeyeviç Puşkinin əsərləri bu gün də bütün dünyada sevgi və rəğbətlə oxunur. Bu əsərlər bəşər mənəvi və mədəni xəzinəsinin ən qiymətli sərvətlərindən hesab olunur”.

Yazıçı-publisist Zöhrə Əsgərovanın fikrincə dahi şari dünyada sevdirən əsas xüsusiyyəti onun ədalətsizliyə qarşı mübarizəsidir. Yazıçı bildirib ki, Puşkin nəinki Rusiyanın, bütün dünyanın pərəstiş etdiyi şairdir.

AYB-nin katibləri Səlim Babullaoğlu, Çingiz Abdullayev, Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev, Xalq artisti Cənnət Səlimova, Xalq şairi Nəriman Həsənzadə dahi şairin yaradıcılığına toxunub, onunla bağlı fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində, həmçinin Puşkinin “Kapitan qızı” və “Motsart və Solyeri” əsərlərindən səhnəciklər nümayiş olunub.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!