Dağlarda qalan mahnı - Unudulmaz sənətkarımız İlyas Əfəndiyevin ad gününə

Xalq yazıçısı Elçin atası, unudulmaz İlyas Əfəndiyev haqqında qələmə aldığı bir xatirəsində böyük sənətkarla yaxın münasibətindən böyük qürur duyan, el-oba arasında "havalı", məcnunanə gəzib-dolaşan bir şuşalının obrazını yaradıb. Vaxt-bivaxt öz pünhan dünyasına qapanan, ona göstərilən azacıq şəfqət duyğusundan hədsiz dərəcədə xoşbəxt, məmnun qalan həmin şuşalı kişi böyük sənətkara müraciətinin axırında hər dəfə son hərfləri xeyli uzada-uzada "İlyass" - deyərmiş.

Adın bu cür ifadəsində xüsusi bir doğmalıq, könüldaşlıq, ərk havası var.

Hər dəfə əziz Şuşa, Kəlbəcər, Laçın, Xankəndi barədə düşünəndə, nədənsə, şuşalı məcnunanənin o ərkli "İlyass" -xitabı da qulaqlarımda səslənib. Çünki o xitabda, səslənişdə adamın ruhuna, qəlbinin dərinliklərinə işləyən bir səmimiyyət, izaholunmaz doğmalıq havası var. Daha çox Zamanda, ömrün unudulmazlığında, o gözəlim dağlarda, yaylalarda doyumsuz bir havanın, nəfəs genişliyinin əks-sədası var. O gözəl yerlərin dağlardan havalanan mahnı səsi var. Şuşa koloriti, Şuşa sevdası, bağlılığı var. Böyük sənətkarımız İlyas Əfəndiyev dağlarda qalan, qayaların hafizəsinə yazılan o mübhəm mahnıların yaddaşa yansıtdığı hekayətlərin sətiraltı mənalarını, kodlarını öz yaradıcılığında əbədiləşdirən ustad idi. Külli-Qarabağ sevdalısıydı. Külli-Qarabağ mövzusu onun yaradıcılığından dönə-dönə keçirdi. Qəlbini o yerlərdə qoyub gəlmişdi. Ruhən o yerlərin havasında yaşayırdı. Ona görə də bütün yaşamı boyunca yeriyən, hərəkətdə olan, azadlıq duyğularına səfərbər edən abidə-insan ömrü yaşadı. Qov kimi kövrək, nəğmə kimi həzin, duyğulu qəlbində ömr etdi dağlarda qoyub gəldiyi mahnıların xatirələri. O mahnılar bahar nəfəsli, yaz ətirlidi. Çünki özü də gözəl bir yaz səhərində - 26 may günündə dünyaya göz açmışdı. Bir çox rəsmi sənədlərdə yazılan 13 may günü də yenə baharın, yazın havasına hesablanmışdı.

İlyas Əfəndiyevin ədəbiyyatımıza (eyni zamanda mədəniyyət tariximizə) mənsub olduğu (və çox qədim) xalqın qan yaddaşından, milli düşüncəsindən gəldi. Onun yaradıcılığı ilk növbədə, millətin özü olaraq qalmasına, özünə qayıdışına (bu kontekstdə, güclü olmasına) xidmət işidi. Bahar nəfəslidi. Həmişəyaşardı - öz böyük xatirəsi, adı kimi...

 

Sərvaz Hüseynoğlu

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!