Sultan Rayevin “Dəlixana”sı - təqdim ediləcək

Mayın 23-ü saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Qırğızıstan Xaq yazıçısı Sultan Rayevin “XAN Nəşriyyatı”nda çap olunmuş “Dəlixana” romanının təqdimatı keçiriləcək.

Nəşriyyatdan Edebiyyatqazeti.az-a verilən məlumata görə, sözügedən roman Azərbaycan Ədəbiyyat Fondu və Hədəf Şirkətlər Qrupunun birgə layihəsi olan “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır. Layihə rəhbərləri Hədəf Şirkətlər Qrupu, eləcə də Azərbaycan Ədəbiyyat Fondunun baş direktorları Şəmil Sadiq və Varisdir.

Tərcüməçisi Aysel Oğuz, redaktoru Cavid Qədir olan kitabın qiyməti 9 manat təşkil edir.

Qeyd edək ki, tədbirdə Azərbaycan ədəbi cameəsinin tanınmış simaları iştirak edəcəklər.

Giriş sərbəstdir.

Əlavə məlumat üçün bildirək ki, romanda yüzlərlə il əvvəl ölmüş tarixi şəxsiyyətlərin ruhunu daşıyan yeddi nəfərin başına gələnlər təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları şəxslərin yol verdiyi günahların cəzasını çəkirlər.

Əsərin qəhrəmanları özlərindən də, cəzadan da qaçmaq üçün çöllərə düşür, Müqəddəs torpağın axtarışına çıxır, Musa peyğəmbərin ardıcılları kimi səhrada dolaşmağa başlayırlar...

Bəşər övladının ruhu da, əzabı da əbədidir. Bədən dünyanı tərk etsə də, ruh cəzasını başqa bədənlərdə çəkməyə davam edir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!