Şeirlər - İslam SADIQ

BİR SALAM DEYİN

Gül iyini aldı, bir salam deyin,

İy nədi, bu baldı, bir salam deyin.

Mənim dilim laldı, bir salam deyin

Çiçəklərə məndən, güllərə məndən.

 

Düşdüm bu nə haldı, bir salam deyin,

Yaman dərdə saldı, bir salam deyin.

Mənim dilim laldı, bir salam deyin

Hələ lal olmamış dillərə məndən.

 

Nə günlərə qaldım, bir salam deyin,

Şəvə saçlar çaldı, bir salam deyin.

Mənim dilim laldı, bir salam deyin

Hörüklərə məndən, tellərə məndən.

 

Bu nə dik, nə yaldı, bir salam deyin,

Yurdum yada qaldı, bir salam deyin.

Mənim dilim laldı, bir salam deyin

Başımı axtaran küllərə məndən.

 

Harda qaldı Göyçə, bir salam deyin,

Eşqim yercə, göycə, bir salam deyin.

Dərdim düyçə-düyçə, bir salam deyin

Yolumu gözləyən çöllərə məndən.

 

İrəvan gözəldi, bir salam deyin,

Hər əlim yüz əldi, bir salam deyin.

Sıraya düzəldi, bir salam deyin

O qollara məndən, əllərə məndən.

 

O dağa-daşa da bir salam deyin,

Gədiyə, qaşa da bir salam deyin.

Dinəcəm Şuşada, bir salam deyin

Obalara məndən, ellərə məndən.

 

GÖZÜM YOL ÇƏKİR

Sözdü burda arxam, hayanım, varsa,

Adımı ellərə yayanım, varsa.

Əgər bir sözümü duyanım varsa,

Dodaqdan-dodağa sözüm yol çəkir.

 

Gözlə, canım-gözüm,  gözlə, qayıdır,

Ürəyin istəyən sözlə qayıdır.

Bir çınqıya gələn közlə qayıdır,

Ocaqdan-ocağa közüm yol çəkir.

 

O çağdan bu çağa yol gələ-gələ,

Ocaqdan-ocağa yol gələ-gələ.

Qucaqdan-qucağa yol gələ-gələ,

Uzaqdan-uzağa gözüm yol çəkir.

 

MƏN MƏNİ

MƏNDƏ GÖRDÜM

Məni məndə görməyən,

Mən məni məndə gördüm.

Səni səndə görməyən,

Mən səni səndə gördüm.

 

Nə yalanı düz yazaq,

Nə düzü əyri yozaq.

Dindarı dindən uzaq,

Dinsizi dində gördüm.

 

Mat qalmışam hələ də,

İşmi olar belə də.

Yollarımda tələ də,

Tələdə dən də gördüm.

 

Ötmədi dildə bir yol,

Bitmədi əldə bir yol.

Sevinci ildə bir yol,

Kədəri gündə gördüm.

 

Bir zaman ki, Aydan da

Arıydın bu meydanda.

Səni cində, şeytanda,

Şeytanı səndə gördüm.

 

SƏN DEMƏ

İlanı göstərrəm ilandı deyə,

Çığırram boynuma dolandı deyə.

Ağzımnan vururlar yalandı deyə,

Yalan üyüdürmüş dilim sən demə.

 

Susmağım yalandı, dinməyim yalan,

Yanmağım yalandı, sönməyim yalan.

Hərdən cin atına minməyim yalan,

Yalandı nəfəsim, yelim sən demə.

 

Yalandı deyirlər sözümə, yalan,

Yalandı deyirlər izimə, yalan.

Yalandı deyirlər özümə, yalan,

Yalanıymış içim, çölüm sən demə.

 

Qızım:-bəlkə yatır yumub gözünü,

Oğlum:-yatmışlığa vurub özünü.

Yalandan divara tutub üzünü...

Hələ qabaqdaymış zülüm sən demə.

 

Yalan danışdığım yadıma gəlmir,

Düzümü bilən də dadıma gəlmir.

Üşüyən istimə, oduma gəlmir,

Yalanmış ocağım, külüm sən demə.

 

Başıma daş düşür, daş yalan ola,

Mənimdi bu qanlı baş, yalan ola.

Bir gün öləcəyim kaş yalan ola,

 Heç vaxt yalan olmur ölüm sən demə.

 

İslam tay olmadı əyilənlərə,

Əyilə-əyilə böyüyənlərə.

İnanma adıma deyilənlərə,

Hamı deyən sözü, gülüm, sən demə.

 

QORUYA BİLMİR

Kimiydi axtarıb-aradığım bəs,

De, hanı arxamda qara dağım bəs?

Dünən min işinə yaradığım kəs

Bu gün bir işimə yaraya bilmir.

 

Elə düyünlənir, qəhər açılmır,

Atlı atdan düşür, yəhər açılmır.

Axşam yumulan göz səhər açılmır,

Çoxları qocalıb, qarıya bilmir.

Qələmi tuturam, əlimdən düşür,

Söz kal meyvə kimi dilimdən düşür.

Qılıncı taxıram, belimdən düşür,

Darağım saçımı daraya bilmir.

 

Bir əsim yel əsir, yanımdan keçir,

Soyuğu o saat canımdan keçir.

Sümüyümdən keçir, qanımdan keçir,

Dərim sümüyümü qoruya bilmir.

 

GÜL DƏNİZİ

"Bağ duyğuları" silsiləsindən

Əzgillərin başındakı ağ papaq...

Sarı sellər aşıb gedir hasarı.

Şehtökənlər gülüşürlər ağappaq,

Yoncaların baxışları sapsarı.

 

Nə yumursan, aç gözünü, aç görüm,

Löyün-löyün çiçəyə bax, gülə bax.

Ləpələrin qabağından qaç görüm,

Bu saat gül dənizidir bağça-bağ.

 

Qaş oynadır, göz süzdürür göyçəklər,

Kim düzəltsin arılarnan aranı?

Yel vurduqca yelpiklənən çiçəklər

Bir-birinə güzgü tutub daranır.

 

Burda küsülülər çoxdan barışıb,

Qulağında sırğalayıb öyüdü.

Min cür ətir bir-birinə qarışıb,

Bilmək olmur hansı gülün iyidi.

 

Onu birdi, ancaq biri yalqızdı,

Çoxuna bax, azına bax güllərin.

Bəlkə hər gül gülə dönmüş bir qızdı,

Özünə bax, nazına bax güllərin.

 

Adam özü itib-batır içində,

Əlim gəlmir birciyini üzməyə.

Belə sərxoş ola bilməz içən də,

Daha mənim tabım yoxdu dözməyə.

 

VARMI GÖRƏSƏN

Dayazlar üstündə dərin gələnin,

Alovlar üstündə sərin gələnin,

Sözü qulağına şirin gələnin

Sözündən xəbəri varmı görəsən?!

 

Qamışdan, çətəndən qala quranın,

Qaraltı görməmiş dala duranın.

Mıxı burda qoyub, nala vuranın

Özündən xəbəri varmı görəsən?!

 

Bir arxa bağlayıb yeddi dərəni,

Ağzından min avaz gəlir hərənin.

Güzgüdə özünü böyük görənin

Gözündən xəbəri varmı görəsən?!

 

XAN DEYƏR

Bu bağda bülbül ötər,

Dili bircə can deyər.

Köksünü günə tutar,

Alış deyər, yan deyər.

 

Durmaz bu qolun üstdə,

Durmaz bu yolun üstdə.

Qonar bir kolun üstdə,

Mənəm burda xan deyər.

 

Əli əlinə çatar,

Qəmi soyunub atar.

Gülünü qucub yatar,

Açılmasın dan deyər.

 

TƏBRİZDƏN

GƏLƏN OĞLAN

Bir ölməzlik gücü var

İnsanın inadında.

Uça-uça gəlirdin

Sevincin qanadında.

 

Yolunu gözləyənlər

Yollarına çıxdımı?!

Yoxsa yer ayağından,

Göy başından sıxdımı?!

 

Duyanları duydunmu,

Qucdumu qollar səni?!

Havasından doydunmu,

Yordumu yollar səni?!

 

Hamıya bacım demə,

Hamı qardaşın deyil.

Sirrini bilənlərin

Çoxu sirdaşın deyil.

 

Burda hər şey bilinməz,

Hər şeyi bilən oğlan.

Təbrizdə nə var, nə yox,

Təbrizdən gələn oğlan?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!