Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) 25 illik yubileyi Ankarada TÜRKSOY-un baş ofisində qeyd olunub.
Birlikdən verilən məlumata görə, TÜRKSOY-un Baş katibi Sultan Raev DGTYB-nin fəaliyyətini yüksək qiymətləndirib. O, Dünya Gənc Türk Yazarlar Birliyinin mərkəzi ofisinin qardaş ölkə Azərbaycanda yerləşməsinə baxmayaraq mənəvi mərkəzinin Ankara olduğunu bildirib. Sultan Raev birliyin qurulduğu gündən bu yana 50-dən çox əsərin işıq üzü görməsinə vəsilə olmasını, ədəbi-mədəni layihələrdə və önəmli tədbirlərdə aktiv iştirakını təqdirəlayiq hal kimi dəyərləndirib.
DGTYB-nin qurucu-başqanı, Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı göstərmiş olduğu qonaqpərvərlik üçün TÜRKSOY-a və Sultan Rayevə təşəkkür edərək, Türk dünyasına 25 il müddətində xidmət etmiş DGTYB-nin bundan sonra da geniş fəaliyyətinə davam edəcəyinə əminliyini ifadə edib.
Kitab təqdimatı panelində Rəsmiyyə Sabirin "Yerlə göy arasında", Əkbər Qoşalının "Altaylardan qopan atlar", Şəmsəddin Kuzeçinin "Şeirlərim", İntiqam Yaşarın "Adını çəkirəm" kitabları təqdim olunub.
Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi münasibətilə TÜRKSOY baş katibi Sultan Raevə, TÜRKSOY-un Baş katibinin müavini Sait Yusufa, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğluna və Hayrettin İvginə 25 illik yubiley medalı təqdim edilib. Həmçinin TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən Şəmsəddin Kuzəçi, professor Rəsmiyyə Sabir, şairlər Əkbər Qoşalı, İntiqam Yaşar və Murad Toyluya TÜRKSOY-un 30 illik yubiley medalları təqdim olunub.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!