Sona Vəliyevanın "Arazbarı" kitabı əsasında
Müstəqillik dövrü Azərbaycan poeziyasının çox böyük bir sahəsini təşkil edən vətənpərvərlik mövzulu poetik əsərlərin içərisində yaddaşlarda özünə yurd salan nümunələr çox azdır. Bu azların içərisində Sona Vəliyevanın "Arazbarı" şeirlər kitabında toplanmış şeirləri müstəsna yer alır.
Kitabın ilk səhifələrindən başlayaraq Vətən qeyrəti, torpaq namusu çəkən el qızının poetik düşüncələri ilə tanış oluruq. "Özgə havaları oynayan gözəl" şeiri barlarda, diskotekalarda, millətin dərdli çağında, vecsiz əhvalla oynayan qızlara həsr olunubdu. Qarabağı kimi bu qədər ağır dərdi olan bir məmləkətin qərbdən gələn modern havaları oynayan qızlarının hərəkətlərini müəllif qəbul edə bilmir, bir ana kimi, bir bacı kimi onlara müqəddəs dərdi anlatmağa çalışır:
Özgə havalara əriyən gözəl,
Yağmalanan elin dərdi kimindir?
Yanlışlıq ilmədə gözəldir, gözəl,
Bu səhvin ömürlük tale qəmindir.
Müəllif xalq yaradıcılığına yaxşı bələd olduğundan şeirin bu bəndində atalar sözlərindən olan "yanlışlıq da bir naxışdır" ifadəsini "yalnışlıq ilmədə gözəldir" nəticəsi kimi dəyərləndirərkən dərin fəlsəfi fikir irəli sürmüşdür. Belə ki, yanlış atılmış bir ilmə xalçada və ya hər hansı toxuma işində qeyri-adi bir naxışa çevrilir, göz oxşayırsa, insan, xüsusən də gənc qızların həyatında yanlış addım ağır bədəllərlə müşahidə olunur:
Nəvəsi deylisən Burla xatunun
Qanında bir özgə qan yaşar sənin.
Bir oğuz gözəli, oğuz anası
Dərdinə oynamaz bu məmləkətin...
Sona xanımın "Açıq qapılar" şeirində də vətən dərdi ilə birlikdə vətən qızlarının taleyi də əks olunubdur.
Bağlı qapıları bağlı bilmişik,
Hər bağlı taleyin öz tilsimi var.
Yüz ildir Arazı bağlı bilmişik,
Yüz ildi dərdimə tapılmır açar.
Hələ çox dərdimin dərmanı sirli,
Hələ çox açarlar ağ div əlində.
Bir xalqın taleyi uduzulan gün,
Bağlı qapı oldu Xudafərin də.
Araz çayı ilə doğma torpağı ikiyə ayırmaq, bütöv Vətəni bölüb parçalamaq qısmətimizə zorla yazdırılsa da, könül arzularını ayıra bilmədilər. Arazın sahillərində yaşayıb sevilənlər indi bir-birlərinə qovuşa da bilirlər. Müəllifin də qənaəti belədir ki, mütləq bağlı qapılar bir gün açılacaqdır:
Sən üzmə özünü, ağlama belə,
Yolların dolayısı tez çatan olur.
Hər bağlı qapıya bağlı demə gəl,
Xudadan hər bəxti bir açan olur.
Müəllif inanır ki, Tanrının divanında haqq-ədalət öz yerini tapır, bağlı qapılar açılır və mütləq Vətənimizin Araz dərdinə, Qarabağ dərdinə də çarə tapılacaqdır. Əgər nə vaxtsa " bir xalqın tale kotanı daşa düşübdürsə də, mütləq ordan çıxacaqdır. Amma əgər bu xalqın "bəxtinə savaş düşübsə", savaşmalı, mübarizə aparmalıdır:
Dərdin ağlayaq bu dərdin,
Haqdan gələn, haqdı dedim.
Bəxtinə bəxtsiz millətin
Savaş düşübdü - düşübdü.
Bəli, torpağın namusunu, Vətənin qeyrətini qorumağın yolu savaşdan keçir, mübarizədən keçir. Bu uzun və davamlı bir yoldur. Bu mübarizədə səbirli və təmkinli olanlar haqqı, ədaləti yaddan çıxartmayanlar mütləq qalib gələcəkdir. Şair də Allahdan möhlət istəyir.
Görüm necə sirr imiş, yarın yarı, parası,
Görüm fələk dadıbmı bu dünyanın acısın?
Görüm sağalacaqmı bu torpağın yarası?
Bir az möhlət ver Allah,
yaramız sağalmağa,
Bir az möhlət ver Allah, dünyanı tanımağa.
Bu dərdin, kədərin içərisində müəllifi "əsir torpağın taleyi narahat edir. Sona xanım millətin səbrini yatmış qara divə, əsir yurdlarımızı isə saçlarından asılmış gözələ bənzədir. Şairin ümidi "qolları vurulmuş igid"ə qalıbdır. Belə anlarda bir qədər də ümidsizliyə qapılan şairə elə gəlir ki, bağlı qapılar arxasından səsi Allaha çatmır.
Səbrim yatan qara div,
Əsir torpaq saçından
Asılan başı bəlalı gözəl,
Ümidim qolları vurulmuş igid,
Qapını da fələk elə çırpıb
Naləm Allaha yetmir.
Amma günlərin birində Sona xanım "yarıyuxu, yarıgerçək Savalanın ətəyində üzü qibləyə dayanıb, Şah İsmayılı" xatırlayır, ona öz diləklərini çatdırmaq istəyir:
"Şah-şahdır" - ulu Savalan,
Şaha diləyə gəlmişəm.
Min sirri bir gözə sığan,
Haqqı bilməyə gəlmişəm.
Sona xanımın belə bir həssas məqamda Şah İsmayıl Xətaiyə müraciəti səbəbsiz deyil. Bir ucu gündoğandan günbatana sərhədləri olan məmləkətin dağılıb parçalanmış yurdlarının dərdi bütün dərdləri üstələyibdir. Bir tərəfdə tarixi Təbriz, Dərbənd, İrəvan dərdi vardısa, son zamanlarda Şuşa-Qarabağ dərdi də bunların üstünə gəldi. Nə oldu, nələr oldu, atının dırnaq səslərindən quşlar lələk salan türk igidlərinin Vətəni yadların tapdağına çevrildi, milyonlarla insan qaçqına, köçkünə çevrildi, qızlarımız, qadınlarımız əsir götürüldü, şərəf və ləyaqətimiz ləyaqətsiz işğalçı qüvvələrin ayaq tozuna bulaşdı.
Sona xanım "Şuşa baş örtüyüm" ifadəsini şeirə gətirərək yaratdığı metafora ilə yadımıza qız-gəlinlərimizin ağsaqqal, böyüklər yanında abır-həya ilə necə dayandıqlarını xatırladır.
İçim də, çölüm də qəm tarixidir,
Dərbənd bağlı qapım, Təbriz lal anam.
Şuşa baş örtüyüm, sürüşüb düşüb
Şahın hüzurunda necə dayanım.
Bu gün Şuşa dərdi ilə yanıb-yaxılan Azərbaycan qadınlarının dərdi bu şeirdə gözlərimiz önündə obrazlı şəkildə belə canlanır. Bu bir taledirmi?
Bu tale günahı, tale səhvimi,
Gəldim ululardan soram nədəndi?
Uşaqkən dünyanı mat qoyan şahın
Yurdu paramparça, pərən-pərəndi?
Arzumuz budur ki, arxımıza yenidən su gəlsin, torpaqlarımız düşmən işğalından azad edilsin, bütövləşsin, dərdimiz parçalansın, Arazın sularında qərq olsun və o zaman Sona xanım da "Arazbarı" havasının sədaları altında "Arazbarı" kitabına yeni şeirlər əlavə edib, bütövlük, azadlıq, istiqlaliyyət nəğmələri yaratsın.
Nizami Muradoğlu
fil.ü.fəlsəfə doktoru
AMEA Folklor İnstitutunun şöbə müdiri
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!