Aprelin 24-də - mənfur qonşularımızın məkrlə uydurduqları qondarma "soyqırım günündə" artıq ölkəmizdə və xaricdə çox istedadlı bir yazıçı kimi tanınmaqda olan Adəm İsmayıl Bakuvi onlara yüksək səviyyədə bir cavab verdi. Bakıda, Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində həmin bu yalan "tarixi günü" uyduranların iç üzünü konkret faktlarla ifşa edən, Sankt-Peterburq şəhərində rus dilində nəşr olunmuş "Məhşərin 17 anı" adlı sənədli, tarixi-bədii kitabının təqdimat mərasimini keçirdi. Təqdimat olduqca maraqlı, yüksək səviyyədə keçdi.
Kitabın təqdimatında bir çox ictimai-siyasi xadimlər, tanınmış şəxslər - jurnalistlər, görkəmli yazıçılar, hökumət nümayəndələri, deputatlar iştirak edirdilər. Bir neçə dövlət və özəl televiziya kanallarının, qəzetlərinin və məşhur saytların nümayəndələri də təqdimatı izləyirdilər.
Çıxış edənlər olduqca vacib, əhəmiyyətli olan bu kitabın çox yüksək bir yazıçılıq səriştəsi ilə qələmə alındığını deyərək, onu artıq bir neçə dildə nəşrə hazırladığı üçün müəllifə təşəkkür etdilər. Hər biri kitabı çox maraqla oxuduqlarını qeyd edərək, əsərin məziyyətlərindən söz açdılar.
Təqdimatı Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu açdı. O, kitabın bugünkü ədəbi prosesimiz üçün çox yüksək bir uğur olduğunu qeyd etdi və dedi ki, belə bir kitab ölkəmizdə və xaricdə böyük tirajla nəşr olunmalı, tədris müəssisələrimizdə paylanmalıdır.
Sonra tanınmış rejissor Bəhram Osmanovun quruluşunda, kitabın mahiyyətinə uyğun 12 dəqiqəlik monoloq-tamaşa göstərildi. Tamaşada kitabdan parçalar səsləndirildi.
Çıxış edənlərdən, tanınmış kulturoloq, professor Fuad Məmmədov belə bir kitabın kulturoloji baxımdan çox yüksək əhəmiyyətə malik olduğunu, ermənilərə növbəti, yüksək bir səviyyədə dərs olduğunu dedi. Deputat Ceyhun Məmmədov kitabın tezliklə xarici dillərə nəşr olunmasının vacibliyindən, Bakı Dövlət Universitetinin professoru Cəlil Nağıyev kitabın yüksək, orijinal bədii keyfiyyətlərindən, Dini işlər üzrə Komitənin sədr müavini, yazıçı Səyyad Aran onun mənəvi keyfiyyətlərindən, tanınmış tənqidçi, "Azərbaycan" jurnalının baş redaktorunun müavini Əsəd Cahangir bugünkü ədəbi prosesdəki kitabın vacib mövqeyindən danışdılar. "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan olduqca maraqlı bir müqayisə apardı. O qeyd etdi ki, kitab Türk dünyasına, onun bir qolu olan Azərbaycana düşmən olanların Məhşər divanında məhkəməsinə həsr olunub. Struktur baxımından buna bənzər, başqa bir janrda yazılan "Siyasəti-fürusət" adlı əsəri də bir vaxtlar böyük mütəfəkkirimiz Əli bəy Hüseynzadə qələmə almışdı. Mənim üçün ən maraqlı olan odur ki, həm Əli bəy Hüseynzadə, həm də Adəm İsmayıl Bakuvi övliyalar nəslindəndir. Adəm bəy məşhur övliyaların - Bakuvinin, Şıxeyyub babanın nəslindəndir.
Təqdimatın sonunda kitabın müəllifi çıxış edib, bütün iştirakçılara, müəyyən səbəblər üzündən tədbirdə iştirak edə bilməyib, qəlbən burda olanların hamısına təşəkkür etdi. Onların bu diqqətini çox yüksək qiymətləndirdi. Məlumat verdi ki, kitab artıq 4 dilə tərcümə olunmuşdur. Türkiyədə də nəşrə hazırlanır. O, eyni zamanda təqdim olunan bu kitabın Sankt-Peterburqdakı nəşri ilə bağlı baş verən hadisələrdən danışdı. Rusiyada artıq 51 tanınmış kitab evinə paylanmış bu kitaba Rusiyadakı erməni diasporunun həyasız münasibətindən - kitabları məhv etmək üçün apardıqları işlərdən danışdı.
Daha sonra müəllif kitabın bugünkü gündə təqdim olunmasının da təsadüfi bir hadisə olmadığını - məhz həmin fitnəkarlara bir cavab olduğunu qeyd etdi. Müəllif qeyd etdi ki, bu gün Ali Baş Komandanın apardığı olduqca dərin siyasət nəticəsində 300 illik bir prosesə son qoyularaq torpaqlarımızın işğaldan azad edilməsi o fitnəkarlara ən layiqli cavabdır və bütün Azərbaycan xalqına, o cümlədən yazıçılara ciddi bir nümunədir, çağırışdır. Bu nümunə tək həyatda olanlarımıza yeni ruh yüksəkliyi, qüvvət vermir, həm də torpaqlarımızın həsrəti ilə rəhmətə gedənlərin ruhunu şad edir. Bu gün, bu torpaq uğrunda şəhid olanlarımızın da qəbir daşları nur içindədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!