Şeirlər - Mübariz Süleymanlı

Şəhidlər

 

Sən, ey haqqın sirdaşı,

Sən pir üzük qaşısan.

Sən şəhid olan gündən

İki gözüm yaşısan.

 

Sən ruhumdan ayrılıb,

Saçıma dən düşürsən.

Uca dağa baxıram

Yadıma sən düşürsən.

 

Taleyindən danışır

Hər ney, kaman, tar sənin.

Yurdun hər qarışında

Yolun, izin var sənin.

 

Sən, ey haqqın sirdaşı,

Arzum, diləyim mənim.

Düşmənin işğalından

Birmərrə azad olub,

Vətənin hər qarışı,

Ruhun şad olsun sənin.

 

Şair

 

Şair qəlbi dünya boyda,

Şair sözü bir hikmətdi.

Şairlərin hər misrası

Şeiriyyatdı, məhəbbətdi.

 

Şairlərin hər sözündən,

Eşq boylanar, ömür coşar.

Şair görüb vəsf edəndə

Gözəlliyə şeir qoşar.

 

Sığal çəkər misrasına,

Sözün ətrin duyar şair.

Vətən üçün, xalqı üçün

Ürəyini qoyar şair.

 

Yazar ömrün hər anından,

Dünyamızı vəsf eyləyər...

Keçər söz də saf canından,

Haqqı deyib, düz söyləyər.

 

Yaşar ömrün dərviş kimi,

İnadından dönməz şair.

Olar sözünün pak qurbanı,

Alovlanar, sönməz şair.     

 

Əzizim

 

Ağrılarım ürəyimdə ağladı,

Baxışların gözlərimi dağladı.

Arzularım gecikəndə çağladı,

Küsəmmədim taleyimdən, əzizim.

 

Ümüdlərim ümüdümdən yanadı,

Bitişməyən yaralarım qanadı.

Tanıyanlar taleyimi qınadı,

Qarabaxtam bələyimdən, əzizim.

 

Gecələrim gündüzümlə tənimdi,

Sızıldayan dərdlərimə qənimdi...

Çəkdiklərim beşiyimdən mənimdi,

Yaralıyam ürəyimdən, əzizim.

 

Qıvrılmaqdan qırışıram neynəyim,

Ürəyimlə danışıram neynəyim.

Taleyimlə barışıram, neynəyim? -

İncimirəm mələyimdən, əzizim.

 

Eylər

 

Sevginin sönməyən isti nəfəsi,

Məhəbbət bağının sevgi nəğməsi...

Yaşamaq həvəsi, qurmaq həvəsi

Sevənin yolunu gülüstan eylər.

 

Aşiqin əzəldən könlü tox olar,

Canında, gözündə qorxu yox olar,

Yaşamaq həvəsi həddən çox olar,

Sevgisin ellərə bir dastan eylər.

 

İntizar çəkməkdən səbri daralar,

Yollara baxmaqdan gözü saralar,

Sığallı sözlər də qəlbi yaralar,

Getdiyi yerləri bir bustan eylər.

 

Səadət, sədaqət, təravət onda,

Cəsarət, mərhəmət, ibadət onda...

Arzuya, istəyə çatdığı anda

Aşiqin elini bir ostan eylər!..

 

Layla

 

Anaların nəfəsi

Tez isidər övladı...

Dünyanın şah nəğməsi

Ana səsi, layladı!

 

Layla dadına çatar,

Övladın hər çağında...

Bir məhəbbət boy atar

Ananın qucağında.

 

Möcüzəli, şəfalı,

Anaların əlidir!

Unudulmaz, vəfalı,

Baltək ana dilidir.

 

Mən səni sevmirəm ki

 

Mən səni sevmirəm ki,

Tellərini sevirəm!

Əllərimi isidən

Əllərini sevirəm.

 

Mən səni sevmirəm ki,

Məni dəli eyləyən...

Sözü şirin söyləyən

Dillərini sevirəm!

 

Mən səni sevmirəm ki,

Ömrə məna gətirən...

Səni mənə yetirən

Ellərini sevirəm!

 

Mən səni sevmirəm ki,

Məni divanə salan...

Eşqindən bihuş olan

Güllərini sevirəm!

 

Mən səni sevmirəm ki,

Bulaq kimi çağlayan...

Səni mənə bağlayan

İllərini sevirəm!

 

Lənkəran

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!