Mutlutürkün mutlu günü var olsun! - Dəyanət Osmanlı yazır

Nizami Saraçlı Paşa Mutlutürk də torpağa qovuşdu. Yerində balaca bir təpəcik, dünyada unudulmaz adı, şeirləri və Borçalıdan bütün türk dünyasında "Nə mutlu türkəm!" deyənlərə "Tanrı türkə yar olsun!" dua-çağırısını hayqıran ruhu qaldı. Mutlutürk ömür missiyasının tamamında mutlu olan bir şairdir ki, doğulduğu torpağa qovuşdu. Bu, hamıya qismət olan sonluq deyil. Öz ata yurdunda dəfn olunan aydını, sənətkarı o torpaq unudulmağa qoymaz. Mən də illər öncə qardaşlarımla, bacılarımla birgə Bakıda dünyasını dəyişən anamızı 650 km uzaqda yerləşən doğma Saraçlı kəndinə aparıb, öz torpağına tapşıranda çox sevinmişdim. Burada "Xeyirlə şər qardaşdır" kəlamını xatırlamaq yerinə düşür...  

Borçalı torpağı Mutlutürkə milliyyətçi şair, dünyadakı görəvini yaxşı bilən kişi ömrü vermişdi. O da həmin amanat ömrü sonadək ləyaqətlə, türk gələnəklərinə, türkçülük məfkurəsinə, vətənə sədaqətlə sürdürdü. Və sonunda torpaq da ona yaraşan bir ad və yol qırağında unudulmaz bir qəbir yeri də verdi. O qəbrin yanından keçən yolla uzaq səfərə çıxanların, öz ruzusu ardınca sabah əkin-biçinə gedib, axşam yorğun-arğın ocağına qayıdan insanların salamını, rəhmətini, addım səslərini şair hər gün eşidəcək.

Nizamiylə yurdumuz, kəndimiz, məsləkimiz birdi. Aramızda dərin bir sayğı, dostluq vardı. Onunla danışanda yaşımı unudurdum, daha doğrusu, o bunu davranışı, anlayışı ilə unutdururdu, adamla tay-tuş kimi söhbət eləyirdi. Belə olanda adamın qəlbində səmimiyyət tərəddüdə üstün gəlir, doğru bildiyin fikri götür-qoy eləmirsən, əminliklə söyləyirsən. Təbii ki, şairin təbiətindən irəli gələn başlıca vətəndaş-şair özəlliyi oydu ki, sözündə, məramında, niyyətində heç bir gizlilik yox idi deyə, ürəklə danışırdın. O məni "Lələ" deyə çağırırdı, mən də cavabında eləcə. Deyirdi, "Lələ - ustad, öyrətmən deməkdir. Bu sözü sənə qəlbən deyirəm, biləsən." Bir də görürdün, gecənin yarı vaxtı telefon zəng çalır. Baxırdım, saat 1-2 arası. Bu vaxtlar mənə ancaq doğma insanlar vacib olanda zəng vurar. Daha xeyir, ya bəd xəbər eşitməyin fərqində olmuram, gəncliyimdən buna öyrəşmişəm. Nizami də mənə vaxt saya salmadan zəng vuran yaxın, simsar insanlardan biri idi. Bilirdim ki, o vacib olanda yox, darıxanda, dərdləşmək istəyəndə zəng vurur. 

Budur, gecənin lal vaxtıdır, telefonun aramsız yavaş səsinə oyanıram. Baxıram, ekranda yazılır: "Mutlutürk Lələ zəng edir". Açıram, həmin o həlim, yumşaq səs qulağıma rahatlıq gətirir, təsirli bir nəzakətlə yuxumu qaçırır.

- Salam, ay Lə. Aya, olmuya narahat elədim, yatırdınmı?

Mən gülərək:

- Lələ, bu vaxt adammı yatar? - deyə,  cavab verirəm.

- Düz deyirsən, vallah, yatmaq bizim kimi kişilərə yaraşmaz...

Və beləcə, söhbət ən azı, 15-20 dəqiqə, yarım saat uzanardı. Ədəbiyyatdan, yeni yazılardan, yaxın dostlardan və kəndimizdən danışardıq. Əslində şairdən: kənd, evimiz barədə, "kimlər var, kimlər yox? - deyə mən soruşardım. O, son vaxtlar kənddə yaşayan indiki cavanlardan gileylənirdi. Deyirdi: "Kənd də, saraylarımız da yerindədi, köhnə kişilər ömrünü sürüb getdi, indi adam yoxdur dərdləşməyə, gap eləməyə. Daha doğrusu, adam var, amma adamlıq azalır get-gedə. Ona görə də daha Yuxarı Şenniyə çıxmıram. Mənimki, bax, bu əkdiyim ağaclarla, qoxladığım otlarla, suyunu içdiyim çeşmələrlə, üzümə gülümsəyən çiçəklərlə, gəzdiyim dağlarla, meşələrlə, qurd-quşla danışmaqdır..."

Nizami Saraçlı Paşa Mutlutürk ixtisasca ədəbiyyatçı olmasa da, ədəbiyyatı, xüsusən də, klassikanı yaxşı bilirdi. Universitetin fizika fakültəsini bitirmişdi. Eyni zamanda onun şair təbiətində bir sinədəftərlik, hazırcavablıq vardı ki, bəlkə də bu, dəqiq elmlər bilgisindən irəli gəlirdi. Onun şeirlərinə baxanda, hansı şeirin bədahətən, hansı əhvalda yazıldığını həmən ayırd edə bilirəm. Dastanlarımız, aşıq havaları, irfan poeziyası - Yunus Əmrədən,  Aşıq Veysəldən tutmuş, Ələsgərə, Faxralı Şair Nəbiyə və çağdaş şeirimzdəki yeni örnəklərədək onun daimi oxu menyusuna daxil idi. Oxu prosesində təsirləndiyi, ya da bələd olduğu zəngin ədəbiyyatın içində özünü, öz şeirini yazırdı. Əlbəttə, ədəbi mühitimizdə tüğyan edən kütləviliyin arasında sıravi şair deyildi və ədəbi tünlükdə öz bütöv obrazı ilə aydın seçilə bilirdi. Yazdığı şeirlərin mövzusu, ritmi, forması gələnəksəl xarakter daşısa da, o üslub, deyiliş, fikir Nizaminin özününkü idi. O şeirlərdəki poetik düşüncənin təqdimat üsulu, ictimai-milli aktuallığı hələ sağlığında şairə türk dünyasında böyük şöhrət qazandırmışdı.

Nizaminin həyatda və sözdə təbiiliyi, səmimiliyi sənətkar bioqrafiyasını, yaradıcılıq enerjisini şərtləndirən məsələdir. O, poeziya sənətində bır sıra uğurlara imza atıb, Türkiyədə və başqa türk dünyası ölkələrində keçirilən şölənlərdə adıbəlli mükafatlar alıb,  2 dəfə Gürcüstanın "Şərəf " ordeni ilə təltif olunub.

Nizami Saraçlı, eyni zamanda Qarabağ qazisiydi. Azərbaycan Silahlı Qüvvələrinin zabiti olaraq 90-cı illərdə Qarabağ döyüşlərində iştirak edib. Bir əlində silah, bir əlində qələm, əsgər ürəyi sözlə dolu, həyat və fəaliyyəti türkçülük uğrunda fikir-söz mücadiləsi anlarından ibarət soydaşımız idi. Ordudakı görəvinin ardından Azərbaycan radiosunda vətən, torpaq, yurd sevgisi ilə yüklənmiş bir sıra verilişlər aparıb. Müharibə, qəhrəmanlıq mövzusunda yazdığı "Mən Turan eşqinə cəngə girmişəm", "Heyran türkün bayrağına", "Tanrı türkə yar olsun!", "Böyük Çölün yovşanları", "Mənim generalım", "Nuru Paşa", "Çiləli qurd", "Turan yavrusu Kıbrıs", "Qafqaz dağı, yol ver bizə", "Bakı-Təbriz-Ankara" kimi milli-ictimai yüklü lirik mətnlər şair kimliyinin ideya-estetik obrazının əlamətdar cizgilərini aydın göstərən, poetik manifestini açıq sərgiləyən şeirlərdir.

Nizami Saraçlı Paşa Mutlutürkün yazı potensialı böyük olduğu qədərincə tarixdə qalmağa pasport alan əsərlərlə zəngindir. 20-dən artıq kitab, o cümlədən, "Dosta gedən yorulmaz" səkkizcildliyini ədəbiyyat tarixinə, qədirbilən övladları həyata özündən miras qoyub. "Aramıza düşən yaylıq" şairin ilk kitabıdır, 80-ci illərin önlərində çıxıb. Hər bir müəllif ilk kitabıyla, ya yadda qalır, ya da unudulur. Nizami bu kitabıyla poetik yaddaşa öz töhfəsini verə bildi. Sonrakı illərdə yazdığı "Alp Ərənlər", "Salam, Ana", "Sınaq", "İnam" adlı kitablarla o töhfələri ard-arda sıraladı. Nizami yaradıcılıq missiyasını bütün təfəkkürü ilə dərk eləyən şairdir. Ona görə, ilk addımıyla həm yadda qalıb, həm də o yazıldığı yaddaşı düşüncə etibarilə bir-birindən dəyərli, ideya cəhətdən bitkin əsərlərlə təzələyib, inkişaf elətdirdi.

Türk kimliyi, türk amili, türk birliyi, türkçülük gələnəkləri və məfkurəsi onun şeirlərinin genezisini, tipologiyasını təşkil edir. Bu mətnlər Türk-Turan dünyasına, sadəcə, milli ruhdan gələn sevgiylə, öygü ilə məhduddlaşmır, milli, intellektual yanaşma, mövqe ortaya qoyur və mövzu etibarilə həmişə üzdə olan ictimai səciyyə daşıyır.

"Tanrı türkə yar olsun!" şeirini Nizami Saraçlının poeziya dünyasının generatoru, energetikası adlandırmaq daha doğru olar. Bu energetika onun işlədiyi bütün mövzuların içindən bir işıq seli, ilğım kimi keçir. Şeirdə bir-biri ilə ruhsal, semantik əlaqədə olan fikirlər, misralar mifoloji informasiya, uğurlama-dua səciyyəsi daşıyır. Və misal olaraq şeirdən bircə bənd misalla düşüncə hədəfini, gələcəyə bağlı strateji inamı təyin etmək kifayətdir.

 

Mən özümlə bağdaşdım,

Atlanıb dağlar aşdım.

Bir kurtla qarşılaşdım,

Dedi, uğurlar olsun,

Tanrı Türkə yar olsun,

Turan ellər var olsun!

 

Mutlutürkün sözə sevgisinin təməlində saz, dastan, vergili el şairlərinin qoşması, təcnisi, müxəmməsi, dodaqdəyməzi durur. Faxralı şair Alaxançal Nəbinin şeirlərinin dərin fəlsəfəsi, ustad Aşıq Hüseyn Saraçlı sazının təqlidə gəlməyən tərzi-klassizmi, Xan Əmrahın klassik-yenilikçi sintetik ifasının sehri Nizaminin ədəbiyyata meylinin yaranmasında bir stimul-enerji, ilham bələdçisi olub. Ədəbiyyata həvəsinin yaranmasını özü belə xatırlayır: "Altı yaşım vardı. Dəyirmana ağnağız (dən) aparırdım. Gün qüruba meyilləndiyindən tələsiyirdim. Uzunqulağımız arxayınlıqla üzü dəyirmana tərəf gedir, məni də arxasınca çəkib aparırdı. Yolda-izdə bir ins-cins görünmürdü. Səssizlikdən eymənirdim. Qəflətən qulağıma bir mahnı səsi gəldi. Məndən 100-150 addım qabaqda gedən atlı qayğısızlıqla oxuyurdu:

Əbrişim libaslı, yasəmən telli,

Çalxandı hər yana, toz oldu yollar...

 

Bu sözlər məni məndən aldı. Dəyirmana çatan kimi dəyirmançıdan bu qoşmanın müəllifıni soruşdum: "Şair Nəbinindi, Faxralı şair Nəbinin", - dedi. Saza-sözə, şairə, şeirə sevgimin mayası, başlanğıcı bəlkə də elə bu qoşma olub, deyə bilmərəm. Ancaq o vaxtdan bəri iki ad mənim ömrümə yazılıb: Faxralı və Şair Nəbi."

O özünə ustad bildiyi el sənətkarları ilə fəxr eləməkdən savayı, onlara şeirlər həsr edib, yaradıcılığı haqqında yazılar yazıb, ədəbi sferada tanınmalarına xidmət göstərib. Və beləliklə, özü də bir ustad səviyyəsinə yüksəlib. "Şair Nəbi" poemasında ustadı belə öyməyə başlayır:

 

Ağır elli Borçalımız dünyada

Səndən qeyri bir kimsəni baş bilməz.

Hamı bilər, Alaxançal Nəbinin

Sözü ləldi, "kəsək" bilməz, "daş" bilməz.

 

Və Şair Nəbi obrazının öygüsünə minnətdar hisslə belə möhür vurulur:

 

İcazənlə gəlib keçdim izindən,

Ovsunlandım, sehrləndim sözündən.

Nizamilər leysan töksə gözündən,

Arif olan inci bilər, yaş bilməz.

 

Və Hüseyn Saraçlı ilə deyişməsi belə sonlanır:

Şair Nizami Saraçlı:

Sən itirdin, mən də tapdım, yarıyıq...

İkimiz də Saraçlının yarıyıq.

Nəyin vardı yarı payla, yarı yığ,

Eh, məni də qocaldacaq yaş asan...

 

Aşıq Hüseyn Saraçlı:

Saraçlıyam, könlün mənə imrəndi,

İmrən bala, imrən quzum, imrən di.

Məndə bu saz, səndə qələm imrandil,

Mən qocaldım, bunnan belə yaşa sən.

 

Mutlutürkün poetik dünyasında doğma Borçalı eli öz tarixi-kimliyi, varlığı-mücadiləsi, aranı-dağı, insanları, yaşam duyğuları bir övlad sevgisi ilə əks olunub. Şeirlərində torpağa sədaqət, uzun-incə yaşam yolunda məşəqqətlərə qarşı əzm, keçmişə şahidlik, mill-mənəvi dəyərlərimizə dərin bağlılıq duyğuları intəhasız, qeyri-ixtiyar halda boy göstərir. Şairin yurd, torpaq sevdasının hədəfləri torpağa sahiblik, ayrılıqları dəf edən milli birlikdir:

 

Borçalımız saz yurdudu,

hər aşığı bir ordudu,

ayrılıq ceviz qurdudu,

yedi bizi içimizdən,

ayrı saldı köçümüzdən.

Orda binəm-binnətim var,

külü-küldə külfətim var,

türk kəsiyi millətim var,

yurd kəsiyi ana torpaq,

rüzgarlarda yaşıl torpaq...

Can Borçalım, iki gözüm,

atam-anam şirin sözüm,

qurban deməm, qurban - özüm.

 

Yaxud poemanın ön xəttini təşkil edən romantik səciyyə - türklüyün əzəli bütövlük, varlıq sevdası get-gedə poetik ifadədən realist milli-ictimai düşüncəyə keçir. Şair perspektiv vüsalını da, gercək ayrılığı da Turan arzusu içində doğmalaşdırb tamlaşdırır. Qələm götürüb, dərd yiyəsi olan fələyin üstünə yeriyir. Fələk burda gerçəkləşmək, çin olmaq istəyən arzuların səfini pozan, ayrılıqların baiskarı, naqolay qismətin şərti obrazıdır.

 

Yurdum, səni sevmək azdı,

Neyləsək , nəzir-niyazdı,

İmzamızı fələk pozdu.

Qələm götürdüm dəstimə,

Yeridim dərdin üstünə.

Vətəni gülzar istədik,

Dövlət umduq, var istədik.

 

Və yaxud:

 

Tapındıq öz soyumuza,

Su qatmadıq suyumuza.

Yasımıza, toyumuza

Gələn-gəldi, qol götürdü,

Gəlməyən köksün ötürdü.

Vüsal bizim, hicran bizim,

Arzumuzdur Turan bizim...

 

Saraçlının sinəsində daşlaşmış köhlən ata bənzəyən Qaraqaya, qartallar məskəni Zil qaya, başı seyrək dumanlı Şiş güney, kəndin aorta damarı Sağsağanlı dərəsi, Gəzdəyin qaratikanlı, dağdağanlı sinəsi, iti axışlı Gözəl dərəsinin buz sərinliyi, Qalxamanın, Qarabulağın şəfalı suyu və sahiblərinin adıyla manşır olan binə yerləri Mutlutürkün şair düşüncəsinin şəhdi-şirəsi, əzabı-rahatlığı, güvəni, kilidi-açarıdır. O hara getdisə, el-el, yol-yol, dağ-dağ, dərə-dərə harada çox dolansa da, yenə ata yurduna yön aldı, gəlib Saraçlıya köçünü saldı, burada əbədilik qərar tutdu. Məncə, bundan böyük mutluluq yoxdur.

İndi Mutlutürkü qoynuna aldığına görə, doğulub boya-başa çatdığı Saraçlının Aşağı Şenliyindəki (məzarlıqda) yeri də mutludur. O, son mənzilində insan və şair taleyindən razı, övladları və dostları sarıdan arxayın, unudulmayacağına inamlı, Allaha güvənli, sinə torpağının başucundakı qara daş kimi qürurludur. Şairin dünyadan gedişi ölüm hadisəsi deyil, xatırlandığı hər gün, hər an onun mutlu günü olacaq.

 

Ha gözləyər, geri dönməz gedəni,

Hey aranar, bir tapılmaz itəni,

Yada salma  hər başından ötəni,

Ağı deyən dilləri var kəndimin.

 

Və Mutlutürk bu misraları Saraçlı haqqında düşünüb yazmışdı, amma indi özünə ithaf kimi də görünür.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!