Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Ulduz” aylıq ədəbiyyat dərgisinin baş redaktoru, şair-publisist, Əməkdar jurnalist Qulu Ağsəsə 55 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli Qulu müəllim,
Sizi - tanınmış şair-publisisti, ictimai və ədəbiyyat xadimini 55 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Çox şadam ki, builki yubileyinizi doğma Abdal-Gülablının, Ağdamın düşmən tapdağından qurtuluşunun, o torpaqlarda abadlıq-quruculuq işlərinin geniş vüsət almasının sevinci, qüruru içində keçirirsiniz.
Siz böyük ədəbiyyata 1990-cı ildə “Ulduz”da gün üzü görən şeirlərinizlə gəlmisiniz. Artıq 10 ildir siz özünüz “Ulduz”un baş redaktoru olaraq gənc yazarlara mənəvi dəstək göstərirsiniz.
Şeirləriniz gürcü, ukrayna, rus, polyak dillərinə, habelə qardaş dillərə çevrilib.
Oxucular sizin gün üzü görən “Sənsən hər yer”, “Vitryana poşta” (“Külək poçtu”), “Nabran novellası”, “Nöqtələr”, “Yorğun ağacam”, “Görsən üşüyürsən…” və s. kitablarınızı maraqla qarşılayıb.
Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudova sizin haqqınızda “Adı soyadını eşidən şair - Qulu Ağsəs” adlı kitab yazıb.
Siz Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının və Avrasiya Yazarlar Birliyinin üzvüsünüz.
Azərbaycan Prezidentinin 2015-ci il dekabrın 30-da imzaladığı Sərəncam əsasında Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüş, Prezident təqüdçüsü olmuş, habelə bir sıra ictimai ədəbi ödüllərlə təltif olunmusunuz.
Sizi yaradıcılıq uğurlarınız və yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!”
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!