Aprelin 15-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq Azərbaycan və Özbəkistanın dərin tarixi köklərə, ortaq mədəni, milli-mənəvi dəyərlərə, zəngin adət-ənənələrə malik dövlətlər olduğunu söyləyib. Azərbaycan–Özbəkistan əlaqələrinin yeni müstəvidə, müasir dövrün çağırışlarına uyğun inkişaf etdiyini deyən AMEA rəhbəri iki ölkə arasında əlaqələrin Azərbaycan və Özbəkistan prezidentlərinin sıx dostluq və qardaşlıq münasibətləri sayəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, ölkələrimiz arasında əlaqələr hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində daha sürətlə inkişaf etməkdədir.
İsa Həbibbəyli qeyd edib ki, ötən il Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti nümunəsi kimi qiymətləndirilir. AMEA rəhbəri həmin məktəbdə, həmçinin böyük alim və görkəmli dövlət xadimi Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş ilk beynəlxalq elmi konfransda iştirak etdiyini xatırladıb.
Görkəmli özbək mütəfəkkiri Mirzə Uluqbəyin ömür yolundan, zəngin yaradıcılığından bəhs edən akademik İsa Həbibbəyli ədibin dövrünün görkəmli riyaziyyatçı, astronomu olmaqla elmin, təhsilin inkişafına mühüm töhfələr verdiyini deyib. O, Nəsirəddin Tusi ilə Mirzə Uluqbəy arasındakı oxşar cəhətləri diqqətə çatdırıb, eyni düşüncəyə, amala və ideallara malik hər iki şəxsiyyətin Türk dünyasına xidmət göstərdiyini söyləyib.
Azərbaycan-Özbəkistan elmi-ədəbi və mədəni əlaqələrinin inkişafında mühüm rolu olan müasir özbək ədəbiyyatının klassiki Maqsud Şeyxzadənin yaradıcılığından da danışan AMEA prezidenti ədibə həsr olunan “Maqsud Şeyxzadə və Azərbaycan” adlı monoqrafiyanın hazırlanmasının önəminə toxunub. O, iki ölkənin görkəmli şəxsiyyətləri ilə bağlı elmi tədqiqatların genişləndirilməsinin vacibliyini qeyd edib.
İsa Həbibbəyli, həmçinin AMEA-nın Gəncə bölməsində Əlişir Nəvai Mərkəzinin yaradılması haqqında Daşkənd Özbək Dili və Ədəbiyyatı Universiteti ilə memorandumun imzalandığını xatırladıb. Bu mərkəzin yeni istiqamətlərin müəyyənləşməsinə, birgə tədqiqatların aparılmasına, dost ölkələrimiz arasında ədəbi əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.
Akademiya ilə Özbəkistanın elmi qurumları arasında əlaqələrin son illər daha da inkişaf etdiyini deyən AMEA rəhbəri qardaş ölkənin bir sıra müəssisələri ilə ikitərəfli müqavilələrin imzalandığını söyləyib. O, AMEA-da özbək ədəbiyyatı klassiklərinin irsinin geniş tədqiq edildiyini diqqətə çatdırıb. Alim özbək dilində “Azərbaycan ədəbiyyatı: qədimdən bu günədək”, eləcə də Azərbaycan dilində “Özbək ədəbiyyatı: qədimdən bu günədək” adlı kitabların hazırlanmasının zəruriliyini qeyd edib.
İsa Həbibbəyli konfransın elmi və tarixi əhəmiyyətini qeyd edib, beynəlxalq tədbirin əsas məqsədinin Azərbaycan–Özbəkistan əlaqələrinin dairəsini daha geniş üfüqlərə doğru genişləndirmək və yeni əsərlər meydana qoymaq olduğunu bildirib.
Sonra Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov “Türküstan cədid mətbuatında millət və milliyyət təlqini” mövzusunda məruzəsini təqdim edib.
Tədbirə onlayn qoşulan Özbəkistanın Urgənc Dövlət Universitetinin prorektoru Zəfər İbrahimov bildirib ki, Azərbaycan və özbək xalqları arasındakı qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır. O, özbəklərin hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük maraq göstərdiyini, azərbaycanlı ədiblərin əsərlərindən bəhrələndiyini bildirib, konfransın işinə uğurlar arzulayıb.
Daha sonra Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Ülvi Binnətova “Aman Matcanın yaradıcılıq etüdləri”, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru İslom Yoqubov “Poetik təfəkkür və bədii ifadə tərzi: müştərəklik və özünəxaslıq”, Füzulişünaslıq sektorunun müdiri Ataəmi Mirzəyev “Azərbaycan lirik şeirində Əlişir Nəvai təsirinin təzahür formaları”, Urgənc Dövlət Universitetinin Özbək filologiyası fakültəsinin dekanı Dilshod Qayipov “Özbək və Azərbaycan cədidçiliyinin müştərək cəhətləri xüsusunda bəzi mülahizələr”, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi Yaşar Qasımbəyli “Fərhad və Şirin” dastanı Azərbaycan ədəbiyyatşünaslığında”, Urgənc Dövlət Universitetinin əməkdaşı Əzəmət Primov “Zəfərnamə” dilindəki ayrım leksikologiyasının Xarəzmin hazırkı oğuz şivələrinə münasibəti haqqında” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, beynəlxalq konfrans aprelin 16-da işini başa çatdıracaq.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!