Gürcüstanın məşhur şairi Cansuq Çarkviani ermənilərin hər şeyi mənimsəmək ənənəsi haqda
Ondan başlayım ki, ermənilərə hörmətim böyükdü, bu millətdən olan çoxlu dostum var. Dahi şair Avetik İsaakyanın şeirlərini tərcümə edənlərin arasında birincilərdənəm, amma indi neyləyim ki, onlar gürcü ictimai xadimlərini erməni kimi qələmə verəndə dözə bilmirəm.
Bir dəfə Vaşinqtonda təsadüfən üstünə erməni yarlığı yapışdırılmış “Barjomi” butılkası gördüm.
Buna gülməyə halım yoxuydu, incimişdim, amma xatırlayanda ki, erməni çaxırı kimi Kindzmarauli, Saperavi, Xvançkara da satılır, əsəblərim artıq sözümə baxmırdı... O, əlindən almağı bacarırsa, bəs sən nəyə görə güzəşt edirsən?
Sən demə Şota Rustaveli də erməniymiş...
Bir dəfə Yerevanda poeziya gecəsi keçirirdim, hər şey əla idi. Birdən bir qadın sevgiylə mənə yaxınlaşdı və rusca soruşdu: əziz Cansuq, doğrudanmı Aşot Rustaveli ermənidi?
Bir az fikrə gedib cavab verdim: hə, bu, doğrudu. Amma o, öz doğma dilinə elə nifrət edirmiş ki, “Pələng dərisi geymiş pəhləvan”ı gürcü dilində yazmalı olub.
Qadın donub qaldı, açıq-aydın mənim cavabımdan xoşu gəlmədi, qəzəb içində çıxıb getdi.
Bu yaxınlarda “Kvavilebis Kvekana” mahnısıyla bağlı eşitmişəm ki, sən demə, o da ermənilərə məxsusmuş.
Əgər fikir versək, görərik ki, Tiflisi də ermənilər tikib və bir çox kilsələr də onlardan qalıb. Və gürcü rəqsi “Daisi” də ermənilərindi (niyə də yox?).
Qısası, bundan o yana dözmək olmur!!!
Mənim əziz ermənilərim, Gürcüstan rəqslər və mahnılar ölkəsidi. Bizim “Çakrulo” adlı mahnımız kosmosa göndərilib. Gəlin bu mahnını da öz adınıza çıxın.
Məgər İ.Çavçavadze, Ş.Rustaveli, M. Cavaxişvili də ermənidirmi? Bəlkə elə svan dili də sizindi və bununla fəxr edirsiz?
Doğrudanmı hər bir gürcü ermənidi və yalnız Mişa Saakyan gürcüdü? Xahiş edirəm, bunu zarafat hesab edin və izahat verməkdən çəkinin!
Bu yaxınlarda elmlər doktoru Bondo Arveladze canlı efirdə bu mövzunu çox gözəl çözdü, o, hər şeyi “etiraf elədi” və ermənilərə məsləhət gördü ki, çəkinsinlər, bu məsələlərə qəzəb və nifrətlə baş vurmasınlar.
Aleksandr Abdaladze də əla söhbət elədi, hərçənd mən Bidzinı İvanişvilinin qeyri-gürcü mənşəli olmasıyla razı deyiləm və cəsarətlə deyə bilərəm ki, artıq bu da erməni təfəkkürüdü.
Sonda ən başlıcası: mən gürcü hakimiyyətini sahibsiz Gürcüstana mərhəmət göstərməyə, nəhayət, onu müdafiə etməyə çağırıram!
“Kartuli Sitkva” (“Gürcü Sözü”) qəzeti.
Tərcümə: Zahid Sarıtorpaq
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!