Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” kitabı - təqdim edilib - FOTOLAR

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə martın 18-də görkəmli şair Məmməd İsmayılın yaradıcılığı haqqında yazıçı publisist Turan Uğurun qələmə aldığı “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi keçirilib.

Azərbaycan Milli Kitabxanasında keçirilən tədbirdə tanınmış elm, mədəniyyət xadimləri və Məmməd İsmayılın qızı İntizar İsmayıl iştirak edib.

Tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov Azərbaycan poeziyasında xüsusi yeri olan istedadlı şair Məmməd İsmayıl haqqında təəssüratlarını bölüşüb. Qeyd edib ki, Məmməd İsmayılın 85 illik yubileyinin Milli Kitabxanada keçirilməsi planlaşdırılır.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Maarifli Məmməd İsmayılı Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan şair-yazıçı kimi xarakterizə edib.

Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Azərbaycan Milli Ensiklopediyası Birliyinin direktor müavini, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli, Milli İrsi Mədəni Tarixi Araşdırılmaları Fondunun icraçı direktoru Əsəd Aslanoğlu, Məmməd İsmayılın qızı İntizar İsmayıl, kitabın müəllifi Turan Uğur xatirə-roman janrında yazılan kitabın əhəmiyyətindən, Məmməd İsmayılın ədəbi-bədii yaradıcılığından, elmi fəaliyyətində bəhs edib, şairlə bağlı xatirələrini bölüşüblər.

Tədbir əsnasında Məmməd İsmayılın şeirləri səsləndirilib, yazıçı şair haqqında videoçarxlar göstərilib.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!