Akademik Həmid Araslıya həsr olunmuş kitab - nəşr olunub

Görkəmli ədəbiyyatşünas alim, Azərbaycan  Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Məhəmmədtağı oğlu Araslının anadan olmasının 115 illiyi  münasibətilə AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun  Gəncə “Elm” nəşriyyatında “Akademik Həmid Araslı xatirələrdə” adlı kitabı işıq üzü görmüşdür.

Kitabda akademik Həmid Araslının Azərbaycan ədəbiyyatşünaslığının inkişafındakı xidmətlərindən, rolundan bəhs olunur, görkəmli dövlət və ictimai xadimlərin, ailə üzvləri, tələbələri və dostlarının xatirələri yer alır.

Müəllif geniş ön sözündə yazır: “ Dahi Azərbaycan şairi Nizami Gəncəvidən və daha da qədimdən Gəncədə  başlayan elmi-ədəbi  zənginlik, intibah tarixin bütün dövrlərində maddi və mənəvi varisliklə Gəncənin Azərbaycan xalqına bəxş etdiyi böyük mütəfəkkirlərlə yaddaşlarda qalmışdır ki, onlardan biri də XX əsrdə Gəncədə dünyaya gəlib, təməl biliklərə Gəncədə yiyələnmiş  akademik Həmid Araslıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  11 fevral 2019-cu ildə akademik Həmid Araslının 110 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam klassik mütəfəkkirlərimizə, ədəbi irslərinə və onların tədqiqatçılarına Ulu Öndər Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğının davamı və inkişaf etdirilməsidir”.                       

Heç təsadüfi deyildir ki, kitabda qədim dövr Gəncə ədəbi mühiti, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin  yaradıcılığı, şifahi xalq ədəbiyyatına müraciət, xüsusilə də  “Dədə Qorqud” abidəsinin müxtəlif nəşrlərinin genişləndirilməsinə  həsr edilmiş  gərgin elmi axtarışları zamanı görkəmli alimin qarşılaşdığı çətinliklər, sovet rejiminin sərgilədiyi qorxunc münasibət dostlarının, tələbələrinin və ailə üzvlərinin şahidi olduqları xatirələri əsasında verilmişdir.

Həmid Araslının 115 illiyi münasibətilə nəşr edilən kitabın layihə rəhbəri akademik Fuad Əliyev, tərtibçi-müəllifi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, işçi qrupu isə Təranə Verdiyeva, Türkan Verdiyeva və Nailə Mirzəyevadır. 

AMEA Gəncə Bölməsinin Rəyasət Heyətinin  2024-cü il  05 fevral tarixli 2/4 qərarı ilə nəşr olunan kitab gənc tədqiqatçılar üçün qiymətli elmi mənbə, Həmid Araslı sevərlərə dəyərli hədiyyədir.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!