Qars Qafqaz Universitetinin professoru Çulpan Zaripova Çətinin elmi rəhbərliyi ilə bu təhsil ocağının magistr üzrə tələbəsi Minə Çətinin yazıçı-publisist Sabir Şahtaxtının "Nisgil" romanı haqqında yazdığı dissertasiyanın elmi müdafiəsi keçirilib.
Əvvəlcə, müdafiəyə aid toplantını giriş sözü ilə açan Ardahan Universitetinin professoru Şureddin Memmedli "Nisgil" romanının Qərbi Azərbaycan və Naxçıvanın qurtuluşu mövzularını birlikdə ehtiva etdiyini diqqətə çatdıraraq əsər barədə fikir və düşüncələrini bölüşüb. Professor bildirib ki, mühüm tarixi proseslər və ideoloji məsələlər, həmçinin türk dünyasının varlığı və bütövlüyü naminə fəaliyyət göstərən dahi şəxsiyyətlərə dair məlumatların romanlaşdırılması xüsusi istedad tələb edən yaradıcılıqdır. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk, Azərbaycanın ümummilli lideri Heydər Əliyev, böyük komandan Kazım Qarabəkir paşa, Behbud bəy Şahtaxtinski kimi dahi və görkəmli şəxsiyyətlərin tarixi missiyalarını obrazlı şəkildə, olduğu kimi oxucuya çatdırmaq ümumilikdə türk dünyasının milli dövlətçilik anlayışına ən düzgün yaradıcı yanaşmadır.
Professor Çulpan Zaripova Çətin və doktor Aykut Yaşar Kotançı "Nisgil" romanı və iddiaçının elmi işi barədə fikir və düşüncələrini bölüşüblər. Alimlər qeyd ediblər ki, yazıçının romanda toxunduğu proseslər ümumtürk milli maraqlarını ehtiva edir.
Çıxışlarda qeyd olunub ki, kitabın Araz Türk Cümhuriyyətinin 100 illiyinə, Naxçıvanımızın bu günümüzədək yaşamasına səbəbkar olan Ulu ruhlara ithaf olunması əsərin ümumtürk romanı olması barədə mühakimə əsaslı girişdir.
Əsərinə müraciət olunduğu üçün Qars Qafqaz Universitetinin rəhbərliyinə, elmi rəhbər, opponent və iddiaçıya minnətdarlığını ifadə edən Sabir Şahtaxtı bildirib ki, Minə Çətin əsərin dərin qatlarındakı siyasi və ideoloji məqamları eninə və dərininə doğru ciddi araşdırmağa nail ola bilib.
İddiaçı diqqətə çatdırıb ki, əsər XX yüzilliyin əvvəllərindən başlayaraq, yüzillik boyu erməni vəhşiliyinin qurbanı olaraq böyük məşəqqətlər yaşayan bir azərbaycanlı nəslin faciələrindən bəhs edir. Əsərdə epizodik fraza ilə ümummilli lider Heydər Əliyev şəxsiyyətinin ucalığı və müdrikliyi, Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının böyük oğlunun xilaskarlıq missiyası tərənnüm olunub.
İndiki Ermənistandan 1948-1953-cü illərin deportasiyası ilə məlum olmayan coğrafiyaya sürgün edilməkdənsə, qaçaq yolla Təbriz və yaxud İğdır bölgələrinə köçməyə üstünlük verən Məşədi Cavad hamilə həyat yoldaşı və qoca anası ilə ağır bir yolçuluq həyatı yaşayır. Naxçıvan bölgəsində əkiz doğulan qızlarından birinin itməsi ailəyə ağır zərbə olur. Ertəsi gün anasını ilan çalır. Beləliklə, anasını Naxçıvanda, köhnə qəbiristanlıqda dəfn edib, bir qızı ilə Arazın o tayına keçən Məşədi doğma Vətənin həsrətini ömrünün bütün anlarında yaşadır. Qızı Nisgil Təbrizi tanınmış həkimdir. Lakin ata bilmir ki, doğuşdan sonra itkin düşən ikinci qızının da adı bir təsadüf nəticəsində Nisgil qoyulub və tanınmış bir həkim olaraq Nisgil Şuşalı kimi vətənin müdafiəsindədir.
Nəhayət, 1989-cu il dekabrın 31-də, əsərdə baş verən hadisələrdən düz, 40 il sonra Azərbaycanı iki yerə ayıran Arazın sahilindəki tikanlı məftillərin sökülməsi çox həsrətliləri qovuşdurduğu kimi, məşəqqətlər yaşayan bir ailənin həyat dramının kölgəsində də tarixi sirləri açır. Üzə çıxan acı həqiqətlər oxucuya bir ailənin deyil, böyük bir xalqın qarşılaşdığı ədalətsizlik kimi təqdim olunur.
Hadisələr yüksək əxlaqi dəyərlərə, tərbiyə və intellektə malik dörd gəncin əzablı həyat yolunu işıqlandırır. Müəllif ədəbi ustalıqla dünyada gedən siyasi proseslərin Azərbaycana təsirini, böyük dövlətlərin Yaxın Şərqlə bağlı amansız siyasətinin ağır nəticələrini, ən güclü xəfiyyə təşkilatlarının öz maraqları üçün tətbiq etdikləri amansız metodları, o cümlədən, XX əsrdə yaşadığımız bəlaların səbəblərini qələmə almışdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!