II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri - mükafatlandırıldılar

Martın 3-də “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) əsas təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun (TİF) təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və “ASAN Könüllülər” Təşkilatının dəstəyi ilə baş tutan II Kitabqurdu Payız Oxu Marafonunun mükafatlandırma mərasimi keçirilib.

Tədbiri giriş nitqi ilə açan ANAİB-in katibi Nurman Tariq marafonun təşkilindəki məqsəddən danışıb. Bildirib ki, əsas məqsəd yerli yazıçıların təbliği, kitab bazarının dirçəldilməsi və mütaliəyə təşviqdir.

Katib çıxışı zamanı qaliblərə təbriklərini çatdırıb, təşkilatçı və dəstəkçi qurumlara da təşəkkür etməyi unutmayıb.

Münsiflər heyətinin üzvü və marafonun aparıcısı olan “Hədəf Nəşrləri”nin direktoru Nizami Hüseynov çıxışında qeyd edib ki, ötən marafonla müqayisədə bu marafonun sualları xeyli çətin olsa da, finalçılar öhdəsindən layiqincə gəliblər.

Layihənin ideya müəllifi və rəhbəri,  “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy başda qaliblər olmaqla bütün marafon iştirakçılarını təbrik edib.

Prosesin görünməyən tərəfindən danışan layihə rəhbəri növbəti marafonla bağlı müjdə də verib.

Marafon müəlliflərindən olan Elçin Əzimli, Kənan Hacı və Elay iştirakçıları təbrik edib, onlara uğurlar diləyiblər.

AGMA sədri Səkinə Həsənli, “ASAN Könüllülər” Təşkilatının sədr müavini Ayşən Camalova da öz növbələrində qalibləri təbrik edib, bu kimi marafon və yarışların təşkilində maraqlı olduqlarını, lazımınca dəstək verəcəklərini bildiriblər.

Çıxışlardan sonra qaliblərə diplom və mükafatlar təqdim olunub:

 

Ülviyyə İsrafilova – I yer – 3000 AZN

Aytən Məmmədova – II yer – 2000 AZN

Kəmalə Tağıyeva – III yer – 1000 AZN

 

Sonda marafon iştirakçıları tərəfindən ən çox bəyənilən “Çağrı” romanının müəllifi Elçin Əzimli xüsusi mükafatla təltif olunub.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!