Ədəbiyyat İnstitutu - 90 - TÜRKSOY-un Baş katibi Sultan Raevin təbriki

Azərbaycan Milli ElmlərAkademiyasının prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyliyə

 

Hörmətli İsa müəllim!

TÜRKSOY - Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibliyi adından və şəxsən öz adımdan Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaradılmasının 90 illik yubileyi münasibətilə Sizi, İnstitutun bütün əməkdaşlarını və qardaş Azərbaycanın bütün qələm sahiblərini səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətləri olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu bu illər ərzində Azərbaycanda elmi məktəblərin yaradılması, ədəbi əlaqələrin inkişafı, yeni elmi nəslin formalaşdırılması istiqamətində səmərəli fəaliyyət göstərərək şərəfli bir yol keçmişdir.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu böyük tədqiqat ənənələri, görkəmli alimləri və çoxsaylı yetirmələri ilə Türk dünyasının mühüm elm mərkəzlərindən biri hesab olunur. Bu Elmi-Tədqiqat İnstitutu bir əsrə yaxındır ki, Azərbaycanda ədəbiyyatşünaslığın mərkəzi funksiyasını yerinə yetirir və Türk dünyası ilə elmi-mədəni əlaqələrin inkişaf etdirilməsində müstəsna xidmətlər göstərməkdədir.

TÜRKSOY-un üzv ölkələrdə təşkil etdiyi tədbirlərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alim və tədqiqatçıları fəal iştirak edir, dəyərli təqdimatları ilə Türk dünyasında ədəbiyyatşünaslıq elminin inteqrasiyasına böyük xidmət göstərirlər.

Əminəm ki, bu elm ocağı gələcək fəaliyyətində də TÜRKSOY ilə əməkdaşlığı genişləndirəcək, Türk dünyası ədəbiyyat xəzinəsinə önəmli töhfələr verməkdə davam edəcəkdir.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyi münasibəti ilə Sizi bir daha təbrik edir, ümumtürk elmi-mədəni əlaqələrin inkişafı istiqamətində yeni yaradıcılıq nailiyyətləri arzulayıram.

Dərin hörmətlə,

 

Sultan Raev 

TÜRKSOY-un Baş katibi

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!