Efron Ariadnanın anası Marina Svetayeva haqqında xatirələri

Anam haqqında, onun zahiri görünüşü haqqında ilk xatirələrim sürrealistlərin rəsmlərinə bənzəyir.  Ümumilikdə tam bir obraz yoxdur, çünki gözlər onu əhatə etməyə qadir deyil, şüur isə hər şeyi bir vahid altında birləşdirə bilmir.

Bütün ətrafdakılar və ətrafda üst-üstə yığılanlar, ucsuz-bucaqsız, əlçatmaz və qeyri-mütənasibdir  mənim üçün. Adamların nəhəng ayaqqabıları, hündürlüyə qalxan uzun ayaqları, böyük, qüdrətli əlləri var.

Üzlər görünmür, onlar hardasa oralarda - yuxarılardadı. Onları ancaq mənə sarı əyiləndə, ya da məni qucaqlarına götürəndə görə bilirəm. Mən ancaq onda görürəm, barmaqlarımla da toxunuram - böyük qulaq, böyük qaş, barmağım yaxınlaşanda qırpılan böyük göz və gah öpən, gah da barmağımı tutmağa çalışıb "ammm" deyən böyük ağız. Bu həm gülməlidir, həm də təhlükəli.

Yaş, cins, doğmalıq dərəcəsi, anlayışları mənimçün mövcud deyil. Belə baxanda  özümdəki "mən"  hələ özünü tapmayıb, "mən" başdan-başa bütün bu gözlərdən, dodaqlardan və ən başlıcası bu əllərdən asılıdır. Ondan başqa hər şey dumandır. Ən çox bu dumanı elə anamın əlləri yarır. O əllər başımı sığallayır, qaşıqla yedizdirir, şapalaqlayır, sakitləşdirir, paltarımı düymələyir, yatızdırır, istədiyi kimi rəfdar edir. Onlar həyatımda ilk reallıq, ilk hərkət edən və etdirən qüvvədir. İncə, qarabuğdayı, narahat əllər, bütün əllərdən yaxşıdır. Çünki onlar gümüş üzük və bilərziklərin parıltısıyla doludur. O parlaqlıq ki, anamla birgə gəlir və gedir, özündən ayırılmazdır.

Parıldayan əllər, parıldayan gözlər, cingiltili və həm də parlaq səs - mənim ən kiçk yaşlarımın anasıdır bu. Mən onu ilk dəfə görən kimi - bir neçə günlük həyatımdan yoxa çıxıb əməliyyatdan sonra xəstəxanadan evə dönən kimi tamlıqla, bütöv şəkildə dərk etdim. Xəstəxana və əməliyyatın nə olduğunu mən çox sonralar başa düşdüm. Amma indisə, sadəcə, uşaq otağının qapısı açıldı, anam ildırım kimi içəri girdi. İndiyə qədər mənimçün ayrı-ayrı parçalardan ibarət anam tam bir vahid şəklində gözlərimdə birləşdi. Və mən onu tam şəkildə - başdan-ayağa gördüm, üstünə atıldım, xoşbəxtlikdən boğulurdum.

Anam hündür deyildi, ortaboylu, düzgün, dəqiq ifadə olunmuş, lakin incə cizgili qadın idi. Burnu düz, azca donqar, dəlikləri ifadəli idi. Bəli, məhz ifadəli. Xüsusilə də, kinini və nifrətini yaxşı ifadə edirdi. Deyə bilərəm ki, ümumiyyətlə, üzünün hər bir cizgisi ifadəli və işvəliydi: həm dodaqları, həm təbəssümü, həm qaşlarının dağınıqlığı, hətta favn (Amerika meymunu cinsi) kimi balaca və həssas qulaqları da. Gözlərinin rəngisə çox nadir, su pərisi gözü adlanan açıq, parlaq yaşıl rəngdəydi. Bu rəng ta ölən günə qədər nə soluxdu, nə də ki bozardı. Üzündə uşaqlığından hansısa əlamətlər, hansısa gənclik - yeniyetməlik girdəliyi qalmışdı. Açıq xurmayı saçları bir-birinə yumşaq və səliqəsiz şəkildə dolaşırdı. Anamın çiyinləri iri, budları və beli dar, dartılmış idi. Və ömrünün sonuna qədər də yeniyetmə görünüşünü, elastikliyini və zirəkliyini qoruyub saxlamışdı. Əlləri qadın əlinə bənzəmirdi. Oğlan əlləri kimiydi. Çox böyük olmasa da, heç də miniatür - balaca deyildi. Salamlaşanda möhkəm, sərt salamlaşırdı. Barmaqları yaxşı inkişaf etmişdi. Ucları azca kvadrat formalı, enli, lakin gözəl dırnaq quruluşu vardı. Üzük və bilərziklər bu əllərin ayırlmaz hissəsi idi. Əvvəllər kəndçi qızların qulağına sırğanı belə taxardılar, birdəfəlik - ömürlük. Bu cür - ömürlük olanlardan iki qədim gümüş bilərzik vardı. Hər ikisi tökmə, üstü çıxıntılı idi. Biri füruzə qaşlı, o biri hamar, üstündə çox gözəl, qanadları o kənarından bu kənarına qədər uzanan və bütün biləyi tutan uçan quş təsvirli idi. Üç üzük - nişan, "yazılarda salamat qalan" (Svetayevanın şeirindən misra) üzük,  gümüş çərçivəli gemma - gümüş çərçivədə əqiq üzərində Hermes təsvir olunmuş üzük və ətrafında "sənin üçün mənim əzizim" yazısı olan (çox güman ki, onu çoxdan qeyb olmuş dənizçi bəyin, qeyb olmuş gəlinə hədiyyəsiydi) gəmi təsvirli ağır möhür-üzük. Amma mənim yaddaşımda həmin o yazı tamamən silinib. Elə gəmini də güclə göz önümə gətirirəm. Bir çox başqa üzüklər də vardı, gəlib-getdilər. Lakin bu üç üzük onun barmaqlarından heç vaxt çıxmadı. Və onunla birgə getdi...

Anamın mənim gözümdə bütöv bir varlığa çevrildiyi həmin axşamda əynində enli, yuxarı hissədən dar, qəhvəyi rəngli ipək paltar, əlində əməliyyat sonrası sarğı vardı. Mən hətta sarğını da yadımda saxlamışam - Şərq naxışları olan tünd kəşmir yaylıq idi.

Onunla bağlı ilk xatirəm, hətta deyərdim ki, elə özümlə də bağlı ilk xatirəm:  bir neçə pilləkəndir - ən yuxarı pillədə mən dayanmışam və onlar aşağıda böyük, özgə otağa düşür. Mənə hər şey alatoran görünür, çünki bura yarızirzəmidir. İşıq lampası yuxarıda tavandan asılıb, tavan isə alçaqdır, mən də pilləkənin yuxarısında durmuşam. Anlaya bilmirəm, tavan mənə daha yaxındır, yoxsa döşəmə. Anam orda, aşağıda - lampanın altındadı. Gah eləcə dayanır, gah da yavaş-yavaş çevrilib mənə yox, özü-özünə baxır. Anamın yanında dizi üstündə qadın oturub. Anam da nəyəsə toxunur, sığallayır, dartışdırır və havada tanımadığım bu sözlər uçuşur - "klyoş ətək, klyoş ətək". Küncdə bir qadın da var. Onun nə başı var, nə əlləri. Ayaqlarının yerində isə laklı altlıq var. Üstündəki paltarsa əsldi, canlıdı. Mənə sakit durmağı tapşırıblar. Mən də sakitcə durmuşam. Amma birazdan möhkəm ağlayacam, çünki mənə heç kim diqqət yetirmir, axı mən balacayam və pilləkənlərdən yıxıla bilərəm. Bunu anam danışırdı, Krımda olub və o zamanlar üç yaşım olub.

Həmin yaydan yaddaşımda heç nə qalmayıb - nə adamlar, nə əşyalar, nə də yaşadığımız otaqlar. İlk dəfə şüurumda ata obrazı yaranıb - o, anamdan hündür idi, baxış dairəmə sığışmırdı və atamla bağlı ilk xatirəm onu necə tanımamağımla bağlıdır. Anam məni qucağında aparır, qarşıdan ağ geyimli bir nəfər gəlir. Anam onun kim olduğunu soruşur, mənsə tanıya bilmirəm. Ancaq mənə sarı əyiləndə onu tanıyıb bərkdən qışqırıram - Seryoja, Seryoja! (Uşaqlıqda valideynlərimi onlar bir-birlərini çağırdıqları kimi çağırırıdım - Seryoja, Marina. Amma daha çox Seryojenka, Marinoçka deyirdim!)

...Anamın gənclik və mənim uşaqlıq illərimin keçdiyi ev hələ də salamatdır. Bu, bayır tərəfdən ikimərtəbə, həyət tərəfdən üçmərtəbəli olan köhnə ev Borisoqlebsk dalanından 6 nömrəli ev Arbatın - keçmiş Povarskaya və İt meydançalarının yaxınlığında idi. O zamanlar evlə üzbəüz iki ağac vardı - anam onlara şeir həsr etmişdi: "İki ağac". İndi onlardan biri qalıb - yetim kimi. Həmin evin 5 nömrəli mənzilinə anadan olduğum Zamoskvoreçyedən köçmüşdük.  Bu, əsl qədim Moskva mənzili narahat, dolaşıq, mətrəbəyarımlıq və çox səliqəli idi. Evdə müxtəlif otaqlar vardı...

Atamın otağında taxt qapıdan sol tərəfdəki divardaydı. Pəncərədən solda yazı masası, küncdə sakinləri "Albert" və "Mariya" peçenyeləri və holland qız şəkilli dəmir qabda qəhvə olan  dairəvi bufet vardı. Bunun O.E.Mandelştamla xatirəsi var.

Anamın otağı uşaqlığımın bayramı, şənliyi idi. Və bu bayramı qazanmaq lazımıydı. Bayram qapının kandarından girən kimi başlayırdı: mənim üçün musiqili mücrü işə salınırdı, şarmankanın dəstəyini fırlatmağa, tısbağa qınıyla oynamağa, canavar dərisi üzərində uzanmağa, stereoskopa baxmağa icazə verirdilər. Atam məni dizlərinin üstündə otuzdurub heç kimin bilmədiyi nağıllar danışardı. Xüsusilə, quldurlardan olan nağılı sevirdim, amma onu atam nədənsə anamın yanında heç vaxt danışmırdı...

Atam Seryoja yaxşı şəkil çəkirdi. Ən gözəlsə şir şəkilləri alınırdı. Şirlər haqqında mənim ən sevimli nağıllarımı danışır, elə danışan kimi də şəklini çəkirdi. Bir də ki, atam üzündə şir obrazını təsvir edirdi. Və bu ata şiri mən adi atamdan daha çox sevirdim. Marinasa üzündə vaşaqı təsvir edirdi. Nədənsə heç biri alınmırdı. Atamla anam bir-birlərinə zarafatla "şir" və "vaşaq" deyirdilər.

Marinayla gəzməyə çıxanda həmişə dilənçilərə sədəqə verirdik. O uzağı yaxşı görmürdü deyə, həmişə ona harda dilənçi olduğunu mən deyirdim. Qəpiklər verirdi, qaça-qaça gedib onlara çatdırırdım. Bəzilərinin qarşısında papağı dolu, bəzilərininkisə boş olurdu. Biz tez-tez kilsəyə gedirdik. Pilləkənlərlə tullana-tullana üzüyuxarı çıxmağı sevirdim. Amma hamı kimi, anam kimi, bütün uşaqlar kimi üzüaşağı düşməyi bacarmırdım. Və hər dəfəsində  Marina mənə düşməyi öyrədir və əsəbiləşirdi.

Bütün xoş anlar və gözəlliklər keçmişdə qaldı. Qarşıdasa sonsuz, aşağı enən bomboz pilləkənlər görünür. Və mən də hamı kimi bu pilləkənləri pillə-pillə düşməliyəm...

Rus dilindən tərcümə edən: Xanım AYDIN


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!