Azərbaycan Ədəbiyyat Fondu Ümumdünya Yazıçılar Təşkilatı ilə birgə - tədbir keçirib - FOTOLAR

Fevralın 21-də Azərbaycan Yazıçılar Birliyində Azərbaycan Ədəbiyyat Fondu və Ümumdünya Yazıçılar Təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatının aparıcı dünya ədəbiyyat platformalarına inteqrasiyası” mövzusunda dinləmə keçirilib. Tədbirdə Ümumdünya Yazıçılar Təşkilatının sədri Marqarita Alın məruzəsi dinlənilib.

Tədbirdə AYB sədrinin müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Birliyin Beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, AYB katibi Elçin Hüseynbəyli çıxış ediblər. Çıxışlarda Azərbaycan ədəbiyyatının dünyada layiqincə təmsil olunmasında Azərbaycan Yazıçılar Birliyinin maraqlı olduğu qeyd edilib. Həmçinin ədəbiyyatımızın beynəlxalq müstəvidəki yeri, həyata keçirilmiş və görüləcək işlər diqqətə çatdırılıb.

Marqarita Al məruzəsində bildirib ki, Ümumdünya Yazıçılar Təşkilatının əsas məqsədi dünya yazıçılarının yaradıcı səylərinin dünyanın humanitar sferasının gələcəyi uğrunda birləşdirilməsi, mədəniyyətin, ədəbiyyatın, mənəvi dəyərlərin dünyada sabitliyin qorunmasında həlledici rolunun təmin edilməsidir.

Azərbaycan Ümumdünya Yazıçılar Təşkilatı üçün xüsusi statuslu bir ölkədir. Belə ki, məhz bura Ümumdünya Yazıçılar Təşkilatının yaranması ideyasının beşiyi olub. 2019-cu il oktyabrın 1-də BMT-nin himayəsi, Avrasiya Millətlər Assambleyasının və Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə Bakıda dünyanın 52 ölkəsinin iştirakı ilə keçirilən LiFFt Festivallar Festivalı zamanı “Ədəbiyyatda gələcək insan obrazının yaranması” panelində Marqarita Al və dünyaşöhrətli yazar Oljas Süleymenov belə bir böyük əhatəli ədəbiyyat təşkilatının yaranması zərurətini səsləndiriblər. Sonradan 2023-cü il fevralın 2-də Qahirədə dünyanın 17 ölkəsinin nümayəndələri Ümumdünya Yazıçılar Təşkilatının Memorandumunu imzalayıblar.

Hazırda bu təşkilatda 69 ölkənin yazarları təmsil olunurlar.

Bu il aprelin 4-6-da Nigeriyanın paytaxtı Abudja şəhərində Ümumdünya Yazıçılar Təşkilatının “Biz eyni planetin insanlarıyıq” devizi altında 1-ci Konqresi keçiriləcək. Konqres zamanı UNESCO-nun XXV Ümumdünya Poeziya Gününün qeyd edilməsi, 7-ci LiFFt Festivallar Festivalının, “Humanitar modernləşmənin müasir problemləri” ümumdünya mədəniyyət-təhsil forumunun, Avrasiya-Afrika innovativ biznes forumunun keçirilməsi də nəzərdə tutulur.

Ümumdünya Yazıçılar Təşkilatının 1-ci Konqresinin tərəfdaşı PAWA Panafrika Yazıçılar Assosiasiyasıdır. 6-cı LiFFt Festivallar Festivalının qızıl laureatı Ueyl Okidiran, Nobel mükafatı laureatı Vole Şoyinka Konqresin Nigeriya üzrə simaları olacaq.

Ümumdünya Yazıçılar Təşkilatı rəhbərliyinin Bakıya gəlişinin səbəbləri Azərbaycan ədibləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, dünya mədəni əlaqələrinin yeni dinamik inkişafında Azərbaycan mədəniyyətinin rolunun artırılması, eyni zamanda, Ümumdünya Yazıçılar Təşkilatının yaranma ideyasının beşiyi sayılan Azərbaycan yazıçılarının dünyanın böyük ədəbiyyat platformalarında təmsil olunmalarını təmin etməkdir.

Dinləmə zamanı Azərbaycan Ədəbiyyat Fondunun ədəbiyyatımızın beynəlxalq müstəviyə çıxmasında Ümumdünya Yazıçılar Təşkilatı ilə birgə görəcəyi işlərə ayrıca toxunulub, azərbaycanlı yazıçıların Nigeriya konqresində iştirakı məsələsi müzakirə edilib.

Daha sonra xarici qonaqlar AYB sədri Anarla görüşüblər.

Ümumdünya Yazıçılar Təşkilatı beynəlxalq müsabiqələrdə 4 dil üzrə işçi qrupu formalaşdırır. Bunlar ingilis, rus, ispan və ərəb dilləridir. Bakı dinləməsində 300 milyondan çox insanı təmsil edən Türk dünyasının dilinin də təmsilçi dil kimi qəbul edilməsi məsələsi qaldırılıb.

Sonra tədbir sual-cavab formatında davam edib.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!