"Daşlara həkk olunan xoşbəxtlik" - Meyxoş ABDULLAH

Hekayə

  - Bura haradır, baba?!


- Şəhidlər xiyabanıdır, oğul!..

- Bəs bu şəkildəkilər kimlərdir?

- Vətən uğrunda şəhid olan  igid oğullarımızdır.

- Uğrunda nədir, baba?

- Yəni Vətənə görə, sənə, mənə görə canlarından keçənlərdirlər.

- Niyə bizə görə?

- Ona görə ki,  biz rahat yaşayaq,  sən  rahat böyüyəsən, məktəbə gedib yaxşı dərs oxuyasan, xoşbəxt olasan?

- Mən xoşbəxtəm,  baba?

- Əlbəttə, bala, sən çox xoşbəxtsən.

- Bəs xoşbəxtlik nədir?

-  Bax Cavid bala, anan səhərlər  səni yuxudan oyadır,  atanla  salamlaşırsan, nənən üzündən öpür,  öz  isti ocağımızda  oturub  səhər  yeməyimizi yeyirik, - deyə baba nəvəsini başa salmağa çalışdı.

- Xoşbəxtlik beləmi olur, baba?

- Əlbəttə, yaxınlar, doğmalar bir yerdə olanda,  uşaqlar  sağlam  böyüyəndə, ölüm-itim olmayanda xoşbəxtlik olur.

- Bəs buradakıların  balaları yoxdur?!.. - deyə nəvə başının  işarəsiylə mərmər daşlara həkk olunmuş şəkildəkiləri göstərdi.

Baba bir qədər köks ötürüb:

- Əlbəttə, çoxlarının sənin boyda övladları, hətta nəvələri olanlar da  var.

- Onda, bəs onların balaları, nəvələri xoşbəxt deyillər?!

- Niyə ki, onlar da xoşbəxtdirlər, dövlət onlara qayğı göstərir, himayə edir.

- Axı onların övladları səhərlər yerindən duranda ata-analarıyla salamlaşmırlar, babalarıyla gəzməyə getmirlər?

- Onlar şəhid balalarıdırlar, onları hamı salamlayır. Səni evdə təkcə atan-anan, nənən-baban salamlayır, onları isə küçədə, bağcada, məktəbdə hər yerdə hamı salamlayır. Görürsən, onlar necə də xoşbəxtdirlər?

Nəvə başını aşağı salıb susdu. Baba  hiss etdi ki, cavabı nəvəsini razı salmayıbdır. Odur ki maraq göstərdi:

- Nə oldu sənə, ağıllı balam, niyə susdun?!

- Baba, kaş sənin də şəklin onların arasında olaydı... Mən də onların balaları kimi xoşbəxt olaydım...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!