Milli qəhrəman Təbriz Xəlilbəylinin 60 illik yubileyinə həsr olunmuş - anım tədbiri keçirilib - FOTOLAR

Fevralın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bu ali təhsil ocağının məzunu, I Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Təbriz Xəlilbəylinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə universitet rəhbərliyi, şəhidin ailə üzvləri, tələbə və döyüş yoldaşları, tələbələr iştirak ediblər.
Öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirini giriş nitqi ilə açıq elan edən ADMİU-nun rektoru, Əməkdar İncəsənət Xadimi, professor Ceyran Mahmudova Təbriz Xəlilbəylinin həyatı haqqında məlumat verib, bildirib ki, o, Azərbaycan Xalq şairi Xəlil Rza Ulutürkün oğludur. Xəlil Rza Ulutürkün ədəbiyyatımızda istiqlal şairi, mübarizə şairi kimi tanındığını xatırladan rektor vurğulayıb ki, onun kimi atanın məhz Təbriz Xəlilbəyli kimi vətənpərvər, qəhrəman oğlu ola bilərdi.
C.Mahmudova Qarabağ zəfəri ilə bitən 44 günlük Vətən müharibəsindən danışaraq bildirib ki, Təbriz Xəlilbəylinin və onun kimi torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qanı yerdə qalmadı, Müzəfər Ali Baş Komandanımızın rəhbərliyi ilə şücaətli ordumuz böyük qəhrəmanlıq nümunəsi göstərərək Qarabağı 30 illik düşmən işğalından azad etdi.
ADMİU-nun prorektoru, Təbriz Xəlilbəylinin tələbə yoldaşı Sədaqət Əliyeva çıxışında xatirələrini bölüşüb, bir tələbə kimi, şəxsiyyət kimi yüksək xarakterik xüsusiyyətlərindən bəhs edib.
Daha sonra “Ədəbiyyat qəzeti”nin baş redaktoru, şəhidimizin tələbə  yoldaşı Azər Turan, qrup və döyüş yoldaşı İlham Hüseynov, dayısı oğlu, tanınmış aktyor Kamran Yunis, döyüş yoldaşı Cəvahir Abdullayeva çıxış edərək Təbriz Xəlilbəyli ilə bağlı xatirələrindən danışıblar. Qeyd olunub ki, Təbriz Xəlilbəyli vətəni hər şeydən çox sevən gənc idi. Buna görə də 1992-ci ildə Qarabağ müharibəsi zamanı könüllü şəkildə cəbhəyə yollandı və qəhrəmancasına şəhadətə ucaldı.
Şəhidin ailəsi adından çıxış edən həyat yoldaşı Sevinc Xəlilbəyli universitet rəhbərliyinə, tədbirin təşkilində zəhməti olan hər kəsə öz təşəkkürünü bildirib.
Tədbirin bədii hissəsində Xalq şairi Xəlil Rza Ulutürkün “Oğlum Təbrizə” şeiri ifa edilib.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin “Şuşa, sən azadsan” xitablı videoçarxı nümayiş olunub.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!