A Saraclı, səfər üstə,
Tanrımızdan möhlət istə,
Sarsın səni son nəfəsdə
Vətən Türkün bayrağına.
Çağdaş Azərbaycan ədəbiyyatında XX əsrin əvvəllərindən başlayan türkçülük, Turançılıq, Azərbaycançılıq və milli kimlik mövzuları öz aktuallığını və əhəmiyyətini saxlamaqdadır. Müstəqillik dövrü ədəbiyyatımızda Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, Rüstəm Behrudi, Əhməd Qəşəmoğlu kimi şairlərin bu mövzuları əks etdirən əsərlərini görmək mümkündür.
Milli mövzuları təmiz, səlis Azərbaycan dilində nəzmə çəkən şairlərdən biri də Nizami Saraçlı idi. Artıq keçmiş zamanda yazırıq. Çünkü şair - Türk dünyasının "Çiləli qurd"u - 31 yanvar 2024-cü ildə Haqqın rəhmətinə qovuşdu. Nizami Saraçlı, xüsusilə, Türkiyədə "Bakı-Təbriz-Ankara" və "Tanrı türkə yar olsun" şeirlərinə yazılmış mahnılarla tanındı. Açığı, mən də şairin yaradıcılığını bu səbəblə araşdırmağa başlamışdım. Türkiyədə müasir Azərbaycan ədəbiyyatı tədqiqatçılarından tutmuş, siyasətçilərə qədər, xüsusən də, milliyyətçi dünyagörüşünə malik insanlar bu mahnının sözlərinin müəllifinin kim olduğu ilə maraqlanırdılar. Dinləmə və izləmə rekordu qıran bu mahnıların söz yazarı Borçalıda mütəvaze həyat yaşayan Nizami Saraçlıymış. Şairin kitablarının böyük əksəriyyəti Borçalıda nəşr olunduğu üçün Azərbaycandakı kitabxanalardan əldə etmək mümkün olmamışdı. Bu səbəbdən şairi axtarıb-tapmağa qərar vermişdik. Şairin həmyerlisi, mərhum Əflatun Saraçlının qızı Kars Kafkas Universitetinin dosenti Afina Barmanbay sayəsində Nizami Saraçlıyla əlaqə qurmuş və şeirlərini əldə etmişdik.
Nizami Saraçlı Borçalı ədəbi mühitinin nümayəndələrindən idi və Borçalıda Azərbaycan dilinin, mədəniyyətinin yaşamasında böyük xidmətləri vardı.
Nizami Paşa oğlu Əliyev 10 iyun 1950-ci ildə Gürcüstanın Borçalı mahalının Saraçlı kəndində anadan olmuşdur. 1956-1966-cı illərdə Saraçlı orta məktəbində oxumuşdur. Ali təhsilini Azərbaycan Dövlət Univeristetinin Fizika fakültəsində almışdır (1974). Əmək fəaliyyətinə Azərbaycan Pedaqoji İnstitutunda başlamışdır. On bir il Azərbaycan Dövlət Televiziyasının "Hərbi vətənpərvərlik redaksiyası"nda böyük redaktor vəzifəsində çalışmışdır. Qarabağ uğrunda gedən döyüşlərdə Daşburun və Horadiz arasındakı torpaqların düşmənlərdən azad edilməsində göstərdiyi qəhrəmanlığa görə fəxri fərmanla təltif olunmuşdur.
Nizami Saraçlı 1963-cü ildən başlayaraq Nizami Əli, Nizami Paşa Saraçlı və Nizami Paşa Mutlu Türk təxəllüsləri ilə şeirlər qələmə almışdır.
Şairin "Aramıza düşən yaylıq" (1986), "İlk sevgi dəftəri " (1993), "Əyriqara salam olsun" (1993), "Balaxanım nənənin bayatıları" (1994), "Yurdun səsi" (1995), "Balam niyə bal dadır" (1995), "Borçalıdan gələn işıq" (1998), "Dəli Dərviş" (1999), "Sara xatun" (1999), "Çiləli qurd" (2000), "Torağay nəğməsi" (2000), "Turana doğru" (2002), "Ümid işığı" (2002), "Nə var sevgidən gözəl" (2002), "Savaş sevdalı könül" (2005) adlı kitabları və "Seçilmiş əsərləri" (8 cilddə) nəşr olunmuşdur.
Nizami Saraçlı üç dəfə beynəlxalq poeziya müsabiqə və festivalının qalibidir, "Peyğəmbər", "Abay" və "Sülh naminə" beynəlxalq mükafatlar laureatıdır. Azərbaycan Respublikası Təhsil Mərkəzinin "Abdulla Şaiq" mükafatı və diplomuna layiq görülüb, Gürcüstan Dövlətinin ən ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif olunub.
Şairin şeirlərinə ("Bakı-Təbriz-Ankara", "Heyran türkün bayrağına", "Tanrı türkə yar olsun!", "Ey sabahın zabitləri", "Mənim generalım", "Olmasın", "Çiləli qurd", "Yaralı ceyran", "Qafqaz dağı, yol ver bizə") çox sayda mahnılar bəstələnmiş və bu mahnılar Türk dünyasında məşhurlaşmışdır. Müəllifi olduğu "Tanrı türkə yar olsun" şeirinə bəstələnmiş mahnı "Diriliş Ərtoğrul" filmində Şəmistan Əlizamanlı tərəfindən səsləndirilmişdir.
Yaradıcılığını vətənpərvərlik, türkçülük, Turançılıq kimi önəmli mövzular üzərində qurmuş Nizami Saraçlı yazdığı şeirləri ilə müstəqillik dövrü Azərbaycan ədəbiyyatı tarixinə öz imzasını atmış, bütün Türk dünyasında məşhurlaşmışdır. Ömrünün 74-cü baharında bu dünyaya vida edən türk dünyasının "Çiləli qurd"u Nizami Saraçlıya Allahdan rəhmət diləyirik. Bir tədqiqatçı olaraq şairin nəşr olunmuş bütün əsərlərini Azərbaycan Milli Kiatbxanasına təqdim etmələrini ailəsi və dostlarından xahiş edirik.
Prof. Dr. Vüsalə MUSALI
T.C. Kastamonu Universiteti
Nizami SARAÇLI
Tanrı Türkə yar olsun!
Mən Tanrımla bağlaşdım,
Atlanıb dağlar aşdım,
Bir qurdla qarşılaşdım,
Dedi: Uğurlar olsun,
Turan ellər var olsun!
Yar oldu yollar bana,
Söylədi dillər bana,
Əl çaldı əllər bana,
Tanrı Türkə yar olsun,
Düşmanlara ar olsun!
Altayları dolaşdım,
Mən saz tutub, söz qoşdum.
Şamanımla bağlaşdım,
Dedi: Uğurlar olsun,
Tanrı Türkə yar olsun!
Minlərlə qapı döydüm,
Sevdim, Alpları öydüm,
Məhəmmədə baş əydim,
Öpdüm ulu Quranı,
Qucdum cümlə-cahanı.
Dolaşdıqca Turanı,
Andım Bilgə Kağanı,
Gördüm Fateh Sultanı,
Dedi: Uğurlar olsun,
Tanrı Türkə yar olsun!
Bakı-Təbriz-Ankara
Müqəddəs bir yolum var:
Bakı-Təbriz-Ankara...
Qanadım var, qolum var,
Bakı-Təbriz-Ankara...
Biri ana beşiyim,
Biri evim-eşiyim,
Qoymaz donum, üşüyüm,
Bakı-Təbriz-Ankara...
Bilir dost, bilir yağı,
Durublar sacayağı.
Bir-birinin dayağı
Bakı-Təbriz-Ankara...
Yol birliyə doğrudu,
Niyyətimiz doğrudu,
Xalqımızın qürurudu
Bakı-Təbriz-Ankara...
Duysun Turan dünyası,
Nur saçsın ayparası,
Türk eli, Türk qalası,
Bakı-Təbriz-Ankara.
1992
Turana doğru
Qürbət ölkədə, qərib göylər altında
Bir kor quruşa dəyməzimiş altın da.
Atlar yürüyür, arabası sırtında,
Vətənə doğru, dinə, imana doğru.
Ellər bulud-bulud, elat sel-su kimi,
Bu karvan karvanların ulusu kimi.
Uzanıb gedir oğuz yuxusu kimi,
Vətənə doğru, yavrum, Turan'a doğru.
Türk özünə dönər, dinə, imana dönər,
Kimi qılınca, kimi kamana dönər,
Gərib bir ah çəkər, ahı dumana dönər,
Gedər, uzanıb gedən karvana doğru.
Əldə fərman, başda bayraq, öndə Vətən,
Bundan gözəl səfər olmaz, deyim, zatən.
Haydı, iğid, yürüyəlim çətən-çətən,
Yurda doğru, doğma məkana doğru!
Çiləli qurd
Qurd ular, çilə çıxar,
Dərd candan çölə çıxar.
Qanı oynayan igid
Atlanıb yola çıxar.
Qurd uladı, bədöy atlar kişnədi,
Kişnərtilər iliklərə işlədi.
Qan yaddaşım dodağını dişlədi,
Boz atımı ağ meydana çəkdiyim,
Başlar üzüb, qızıl qanlar tökdüyüm
Xəyalımdan gəlib geçdi bu zaman.
Dəli Türkün yenə cini oynadı.
Yatmış ərin birdən mini oyandı.
Savaş günü qarışdıqca qana-qan,
Mən də oldum qırx yaşımdan bu yana,
Qurd ağızlı, at paçalı bir cavan.
Dedim, igid kölgəsiylə yarışmaz,
Döyüş varkən düşməniylə barışmaz.
Qoymam boşa axıb getsin həyatım,
Salam atım,
salam meydan,
salam qan!..
Hoydu igid, dəliləri duyalım,
Qılınc çəkib günahları yuyalım.
Bu dünyada təmiz bir ad qoyalım,
Atlanmasa, çıxmaz ərin çiləsi,
At istəyir yolun bundan beləsi.
Bu gedişin son əlacı qana-qan!
Bir səs qopdu dodağımdan:
Aman, ah,
Dəmir qanı, tunc qanıdı
Bu qan, ah!
Beyrəyi duy, Zeybəyi an, yurda yan,
Salam, atım, salam, meydan, salam, qan!
Çaldı məni dədə qurdun nəfəsi,
Aldı məni Dədə Qorqud nəğməsi.
Ayrılıqlar çiləsidi bu çilə,
Ayrılıqda içdiyimiz su çilə...
Güc eyni güc, meydan eyni meydandı,
Ox sancıldı, döyüş ruhum oyandı.
Bundan belə, ya Alp Ərəm, ya Qazi,
Ayaq altda dünya boyda ərazi...
Qövr etdikcə Türkün köhnə yarası,
Qısa yolu Doğu-Batı arası...
Ara orman, ara atəş, ara su...
Hun çocuğu, Alp Ər Tunqa balası,
Öz dərdinə Türkün özü qalası.
Paşamızdan gələn fərman, bu fərman,
Salam, atım,
Salam, meydan,
Salam, qan!
Türkün bayrağına
Şahlara əyilməyən baş bayrağa əyilər...
N.S.
Əzəldən heyran olubdu,
Cahan Türkün bayrağına,
Sığınıbdı, tapınıbdı,
Turan Türkün bayrağına.
Əldən-ələ ötürübdü,
Onu bizə yetiribdi,
Ölməz şöhrət gətiribdi
Osman Türkün bayrağına.
Ay-yıldızla süslənibdi,
Qızıl qanla bəslənibdi,
Haqq əliylə çilənibdi,
Bu qan Türkün bayrağına.
Məmləkətin uca börkü,
Dünyaları aşıb görkü,
Buta verib Atatürkü
Zaman Türkün bayrağına.
Fəxr edirik qayəsiylə,
Enməz Haqqın sayəsiylə,
Həkk olunub ayesiyle
Quran Türkün bayrağına.
Daim atlı, ayaq üstə,
Düşman görcək, düşər xəstə,
Mehmetciklər dəstə-dəstə,
Heyran Türkün bayrağına.
Haqq aşiqi Haqqı ünlər,
Ünləyəni Rəbbim dinlər,
Gələr minlər, gedər minlər,
Qurban Türkün bayrağına.
A Saraçlı, səfər üstə,
Tanrımızdan möhlət istə,
Sarsın səni son nəfəsdə
Vətən Türkün bayrağına.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!