Şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunan kitabları - təqdim edilib - FOTOLAR

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunan kitablarının təqdimatı keçirilib.

Tədbirdə AYB-nin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu Xasiyyət Rüstəmin yaradıcılığı, Özbəkistan-Azərbaycan arasındakı ədəbi-mədəni əlaqələrdəki rolundan söhbət açıb.

AYB-nin katibi İlqar Fəhmi çıxışı zamanı qardaş xalqlar arasında tarixən mövcud olmuş əlaqələrin günbəgün artmasını, bu inkişafda Xasiyyət Rüstəm kimi ədəbiyyat, mədəniyyət xadimlərinin xidmətinin alqışa layiq olduğunu vurğulayıb.

Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar şairin kitablarının Azərbaycanda təqdimatını əlamətdar ədəbiyyat hadisəsi hesab edib. Yaradıcılığında Qarabağ mövzusunun qırmızı xətt kimi keçdiyini söyləyən natiq çap olunan kitablar haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Filologiya elmləri doktoru, professor Ramiz Əsgər Özbəkistan-Azərbaycan əlaqələrinin tarixində ədiblərin fədakarlığından danışıb. O bu vaxta qədər 60-dan artıq kitab tərcümə etdiyini, bu kitabların 26-nın Özbəkistan ədəbiyyatından olduğunu bildirib.

“Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynli Xasiyyət Rüstəm imzasının Azərbaycan oxucusuna çox doğma olduğunu, bu kimi tədbirlərin xalqlarımız arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.

"Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova çıxışı zamanı Xasiyyət Rüstəm şeirinin dünyanın 26 dilinə tərcümə olunduğunu, çox sərhədlər aşdığını bildirərək, onu bu münasibətlə təbrik edib.

Özbəkistanın Xalq yazıçısı Erkin Azam, Özbəkistan Yazıçılar Birliyinin sədr müavinləri Qeyrət Məcid, Qafur Şerrmuhammed, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri Şahin Qədir, yazıçı Kənan Hacı və başqaları qardaş xalqlar arasındakı ədəbi əlaqələrdən söhbət açıblar.

Tədbirin sonunda Xasiyyət Rüstəm Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini vurğulayaraq şeirlərindən nümunələr səsləndirib.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!