Paşa Qəlbinurun "Cakondanın sirri və ya da Vinçi kodu" ("Gioconda's Secret or the Code of Da Vinci") adlı monoqrafik essesi Böyük Britaniyada, RB Rossendale Books nəşriyyatında (London, 2017) nəşr olunub.
Naşirin qeyd etdiyi kimi, müəllifin 30 ildən artıq bir müddətdə apardığı elmi araşdırmaların məhsulu olan bu tədqiqat əsəri tibbin, fəlsəfənin, incəsənətin kəsişdiyi nöqtədə aparılan tədqiqatların sayəsində alınan obyektiv nəticələrin məhsulu kimi qiymətlidir. Bu əsər professor Qılıncxan Bayramovun tərcüməsi, tanınmış ingilis publisisti və naşiri Vincent Walsh'ın redaktəsi ilə nəşr edilib.
P.Qəlbinurun dünya oxucularına təqdim olunan bu tədqiqat əsəri 2014-cü ildə Azərbaycanda nəşr olunmuşdur.
Xatırladaq ki, bu tədqiqat əsəri ədəbi tənqidin diqqətini çəkmiş, tənqidimizin görkəmli nümayəndələri bu esse haqqında müsbət rəydə olmuşlar:
Professor Nizaməddin Şəmsizadə: "Cakondanın sirri Azərbaycanda açıldı! ("525-ci qəzet", 05.07.2014-cü il). Səni bir oftalmoloq-cərrah kimi bütün dünya tanıyır, filosof şair, yazıçı və esseist kimi Azərbaycanda yüksək qiymətləndirirlər. 500 il bütün bəşəriyyəti öz qeyri-adi təbəssümünün sirri ilə heyrətdə saxlamış Cakonda haqqında esseni (buna esse demək insafsızlıqdır! Bu XXI əsrin ən böyük elmi kəşflərindən biri kimi tarixdə qalacaq) oxuyanda bir daha sənin təfəkkürünün qüdrətinə inandım. Bu yazıda vəhy və fəhm müasir elmin nailiyyətləri ilə cilalanmış təfəkkürlə birləşir. Cakonda haqqında qeyri-adi mülahizələrin bunu sübut edir.
Sənin əsas kəşflərindən biri budur ki, yazırsan: "Ay kişilər, əsl kişilər! Siz bilirsinizmi artıq genetika elmi sübut edib ki, bizim bir gözümüz atamızdan, bir gözümüz anamızdan gəlib. Və bizim gözümüz tərəfdə nə müsbət və mənfi xüsusiyyətlər, əlamətlər varsa onu özündə cəm edib.
Sən yazırsan ki, zəmanəsinin bütün elmlərini dərindən mənimsəmiş ensiklopedik zəka olan dahi Leonardo da Vinçi "ağlının üçüncü gözü ilə bilirdi ki, insanın üzünün hər yarısı bir valideynə məxsusdur. Böyük Yaradanın qüdrəti ilə ruh ölməzdir və o NURdan ibarətdir. İnsan qəlbinin dərinliklərində olan vaxtaşırı simada görünən o NURu üzümüzdəki təbəssümdən ayırmaq mümkünsüzdür... Yazıçının, rəssamın, bəstəkarın ən ümdə vəzifəsi ən böyük kədərin içində belə ipucu, işıq tapıb ondan tutub xilas olmaqdır." Bu minvalla sənin fikrincə Cakondanın gülən sağ gözü atasından, sol gözü isə ömrü boyu kədərli həyat yaşamış anasından gəlir. Məşhur göz həkimi olaraq insanın bütün cüt orqanlarında, o cümlədən gözlərdə assimmetriya olması haqqında elmi qənaətinizlə tamamilə razıyam. Bunu həssas adam güzgüyə baxıb özündə müşahidə edə bilər.
"Portret tədrici ölümün ən ali məqamını və Nurdan başlayan yeni həyatın başlanğıcını əks etdirir". Həqiqətən də Cakondanın təbəssümü onun gülən gözündən dodağına düşən nurun əksi, işartısıdır. Və bu da inandırıcıdır ki, dahi rəssam Cakondanın sifətində özünü - hüceyrənin qocalmağa başlamasını, sənin sözlərinlə desək: "özünü, ancaq özünün əhvalını, həyat, qocalıq, insanlıq haqqında gəldiyi qənaətləri çəkmişdi. O, "Apoptozu" (hüceyrə ölümünü) qocalığa, ölümə gedən mütləq yolun başlanğıcını, müvəqqəti dünyadan əbədi dünyaya keçidi və ölümsüz ruhun şəklini çəkə bildi. Düz deyirsən, Ruhu qəlbin dərinliklərindən çağırıb, onun şəklini çəkmək səlahiyyətini Tanrı dünyada bir nəfərə verdi." Bu Leonardo da Vinçi idi.
Ancaq Tanrı yer üzündə həyatın mahiyyətini, bəşəriyyətin xilas yolunun - işıq körpüsünün, qıl körpüsünün mübarək şəklini görmək və təfsir etmək da Vinçinin 500 illik əlçatmaz şifrini açmaq, elmi dəlillərlə sübut etmək səlahiyyətini bizlərdən birinə - professor Paşa Qəlbinura verdi. Gəlin etiraf edək ki, bunun üçün təbiətin nadir hadisəsi - bir neçə elmə dərindən bələd olmaq, ən azı Leonardoya yaxın bir səviyyə tələb olunur."
Professor Vaqif Yusifli: "Dünyanın böyük işıq adamı kimi tanıdığı Paşa Qəlbinur həm də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir" və s.
Xüsusi poliqrafik zövqlə tərtib olunmuş kitabda müəllifin dünya elminə bu günə qədər məlum olmayan, tibb elminin ən son nailiyyətlərinə istinadən 500 illik mübahisələrə son qoyan altı yeni elmi nəticəsi ayrıca səhifələrdə çap olunmuşdur.
Kitabı sifariş yolu ilə www.lulu.com və başqa saytlardan əldə etmək olar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!