Vaqif Sultanlının “İnsan dənizi” romanı bu günlərdə Güney Azərbaycanda nəşr olunub.
Təbrizin nüfuzlu “ANAS” nəşriyyatında yayımlanan kitabı əski əlifbaya Milad Teymuri (Teymur Turanlı) çevirib.
“İnsan dənizi” romanı müəllifin Güney Azərbaycan oxucularına təqdim olunan ilk kitabı deyildir. Bundan əvvəl yazıçının eyniadlı romanı tanınmış türkoloq Böyük Mollayinin fars dilinə tərcüməsində Tehranda (2014) və Zəncanda (2015) kütləvi tirajla yayımlanıb. Həmçinin müəllifin “Səhra savaşı” romanı, povest və hekayələrdən ibarət “Heçlik vadisi” kitabı Tehranda və Təbrizdə əski əlifbada nəşr olunub. Vaqif Sultanlının İrəc İsmayılla birgə hazırladığı “Güney Azərbaycan nəsri: başlanğıcdan günümüzədək” antologiyası da İranda işıq üzü görüb.
Hadisə və əhvalatların ötən əsrin səksəninci illərində cərəyan etdiyi “İnsan dənizi” romanında ölüm cəzasından qaçıb yad şəhərə sığınaraq gizli şəkildə ömür sürən qəhrəmanın taleyi fonunda cəmiyyətin mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapıb. Yazıçı baş qəhrəmanın daxili dünyasının dərinliklərinə varmaqla mövcud sosial ziddiyyətlərin mahiyyətini oxucuya çatdırmağa çalışıb, bununla da cəmiyyətdən təcrid edilərək yaşamağın mürəkkəb və mümkünsüz olduğunu real, gerçək lövhələrlə yarada bilib. Romanda, dolayısı ilə sovet siyasi rejimi dönəmində dəyərlər sisteminin dağılması ilə insanların yaşadığı cəmiyyətə uyğunlaşa bilməməsinin gətirdiyi faciələr inandırıcı cizgilərlə canlandırılıb.
Azərbaycan oxucularına ilk dəfə 1991-ci ildə təqdim edilən “İnsan dənizi” romanı müxtəlif dillərə tərcümə olunaraq Böyük Britaniya, ABŞ, Misir, Türkiyə, Almaniya, Rusiya və başqa ölkələrdə yayımlanıb.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!