AYB-də Telman Vəlixanlının və "Mütərcim"in yubileyi - qeyd olunub

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibliyində görkəmli tərcüməçi, pedaqoq, filologiya elmləri doktoru, professor Telman Vəlixanlının 60 illik yubileyi və onun qurucusu olduğu "Mütərcim" Tərcümə Mərkəzi və eyniadlı jurnalın 30 illiyi qeyd edilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Birliyin I katibi, Xalq yazıçısı Çingiz Abdullayev, sədr müavini Rəşad Məcid, katiblər Elçin Hüseynbəyli və Səlim Babullaoğlu, sədrin baş müşaviri Rauf Aslanov, "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Seyfəddin Hüseynli və "Mütərcim" Tərcümə Mərkəzinin kollektivi - Rita Müslümova, Rüfət Vahidov, Cavid Kişiyev, Türkan Abdulaxalıqova və Nərgiz Sadıqova da iştirak ediblər.

Səlim Babullaoğlu həm Telman Vəlixanlının elmi-pedaqoji, naşir və tərcüməçi kimi fəaliyyəti, həm də "Mütərcim" jurnalının 30 ildə keçdiyi yol barədə ətraflı məlumat verib, Katibliyin yubilyara və Mərkəzin kollektivinə yubiley məktubunu oxuyub.

Xalq yazıçısı Anar çıxışında T.Vəlixanlının çoxşaxəli fəaliyyətini, "Mütərcim"in AYB ilə əməkdaşlığını və ədəbi mühitdəki rolunu yüksək qiymətləndirib, yubilyara Birliyin diplomunu, xatirə hədiyyəsini, eləcə də katibliyin Mərkəzə ünvanlanan məktubunu təqdim edib.

Sonra isə Çingiz Abdullayev, Rəşad Məcid və Elçin Hüseynbəyli çıxışlar ediblər. Çıxışlardan sonra ümumi ədəbi məsələlər, xüsusən tərcümənin problemləri, eləcə də dərs vəsaitləri barədə fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda porfessor Telman Vəlixanlı AYB sədrinə və katibliyə təşəkkür edib, "Mütərcim" Tərcümə Mərkəzi və eyniadlı jurnalın Birliklə əməkdaşlığının davam edəcəyini, daha mütəmadi və konstruktiv xarakter alacağını söyləyib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!