ABŞ-ın “East View” kompaniyası Azərbaycan yazıçısı Varisin iki romanının yayım hüququnu əldə edib

 

Mənzil qərargahı ABŞ-ın Minneapolis şəhərində yerləşən “East View” kompaniyası son illərdə Rusiya nəşriyyatlarında əsərləri işıq üzü görmüş 19 yazıçının kitablarını, o cümlədən Azərbaycan yazıçısı Varisin kitablarını (“AMİN” və “Yanvarın 13 günü”) planet üzrə yaymaq üçün yayım hüququ əldə edib.

 “East View İnformation Servises” – ingilis dilində və əcnəbi dillərdə (Çin, yapon, rus, ukrain və ərəb) informasiya məhsullarını realizə edən ən nüfuzlu kompaniya olaraq dövri çap nəşrlərini, kitabları və DVD-diskləri yaymaqla məşğuldur və 30 ildir ki, dünya üzrə yüzlərlə kitabxanalara xidmət edir, akademik cəmiyyətlərin, elmi, korporativ və dövlət strukturlarının təhqiqat tələbatlarını ödəməklə unikal kontent və texnologiyalar təqdim edir.

Varisin yazıçı dostu Əlibala Məhərrəmzadə ilə birgə yazdığı “AMİN” romanı (2021-ci ildə Moskvada, İSP nəşriyyatında 5000 tirajla ilk dəfə nəşr edilib, 2023-cü ildə təkrar nəşr edilib) 30 illik dövr ərzində Qarabağ müharibəsi barədə Rusiyada nəşriyyat hesabına çıxan hələ ki, azərbaycanlı yazıçıya aid yeganə romandır.

Varisin “Yanvarın 13 günü” romanı isə (2016-cı ildə Moskvada, İSP nəşriyyatında 5000 tirajla ilk dəfə nəşr edilib, 2020-ci ildə təkrar nəşr edilib) bir-biri ilə əlaqəsi olan 13 hekayətdən ibarətdir. 2016-cı ildə Moskva Ədəbiyyat Mükafatını qazanmış bu romanın bir hekayətində Şuşanın ermənilər tərəfindən işğal olunması, bu işğal nəticəsində yüzlərlə tarixi abidənin, məktəb və kitabxananın dağıdılması, hətta dünyada yalnız Şuşada bitən xarıbülbül çiçəyinin işğaldan sonra daha açmaması təsirli boyalarla əks etdirilib.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!