Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabı - təqdim edilib - FOTOLAR

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə dekabrın 8-də Türk ədəbiyyatının görkəmli nümayəndəsi Məhmət Akif Ərsoyun anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan dilinə uyğunlaşdırılan “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub.

Milli Kitabxanada keçirilən təqdimat mərasimində TÜRKSOY-un Baş katibi Sultan Raev, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, həmçinin ölkənin bir sıra tanınmış elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov TÜRKSOY-un Türk dünyasının mədəni irsinin təbliğinə, incəsənət sahəsinə verdiyi dəyərlərdən söz açıb. O, Milli Kitabxana ilə TÜRKSOY təşkilatının 15 il qarşılıqlı şəkildə əməkdaşlıq etdiyini, görkəmli şəxslərin yaradıcılığı ilə bağlı tədbirlər həyata keçirdiyini qeyd edib.

Milli Kitabxananın direktoru Məhməd Akif Ərsoyun kitabının Azərbaycan dilinə ilk dəfə tərcümə olunduğunu, kitabın şairin yaradıcılığının daha çox tanınmasına zəmin yaradacağını bildirib.

TÜRKSOY-un Baş katibi Sultan Raev Məhmət Akif Ərsoyun yaradıcılığından danışıb, onun Türk dünyasının ədəbiyyatına bəxş etdiyi bənzərsiz ədəbiyyat nümunələrindən söhbət açıb. O, Akif Ərsoyu bir millətin ruhunda dərin izlər buraxan şairlərdən biri olduğunu, Türk dünyasının milli şairləri arasında yer aldığını vurğulayıb. Həmçinin natiq şairin anadan olmasının 150 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY Daimi Şurasının qəbul etdiyi qərarla 2023-cü ilin “Türk dünyasında Məhmət Akif Ərsoy İli” elan edildiyini diqqətə çatdırıb.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında TÜRKSOY-un 30 illik yubileyini əlamətdar hadisə kimi dəyərləndirib. O, TÜRKSOY-un fərqli coğrafiyalarda yaşayan, lakin eyni soykökündən gələn türk xalqları üçün önəmli işlər gördüyünü vurğulayıb. Həmçinin nazir müavini Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və ilk dəfə keçirilən Türk Dünyası Mədəniyyət Forumu haqqında danışıb.

Mədəniyyət nazirinin müavini deyib ki, ilk dəfədir Məhmət Akif Ərsoyun şeirləri Azərbaycan dilində kitab şəklində çap olunur. Buna baxmayaraq o, Azərbaycan oxucusuna çoxdan tanışdı.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar TÜRKSOY vasitəsilə Türk dünyasının daha da yaxınlaşdığını bildirib. “Akif Ərsoy az-az şairlərdəndir ki, onun şeiri oxunanda hamı ayaq üstə qalxır. Söhbət Türkiyə himnindən gedir”,- deyə Xalq yazıçısı bildirib.

Kitabın hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirən Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan oxucusunun Məhmət Akif yaradıcılığına sonsuz sevgisindən danışıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Muhittin Macit, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev çıxışlarında təqdimatı keçirilən kitabın şairin zəngin dilini, dərin düşüncəsini, duyğu dərinliyini ehtiva edən, türk millətinin tarixini, mədəniyyətini, ruhunu əks etdirən mühüm sənəd olduğunu, Azərbaycan-Türkiyə mədəni əlaqələrinin sürətlə inkişaf etdiyini, Məhmət Akif Ərsoyun İslam şairi, Vətən şairi olduğunu bildiriblər.

Natiqlər qeyd ediblər ki, Məhmət Akif Ərsoy Türkiyənin Dövlət Himni-İstiqlal Marşının müəllifidir. 1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisinin kürsüsündə oxunan şeir Mustafa Kamal Atatürkün “Bu marş bizim inqilabımızın ruhunu anladır” sözləri ilə qəbul edilib. Sonra marşın sözləri ingilis, alman, fransız, macar və fars dillərinə tərcümə olunaraq ölkə daxilində və xaricində dərc edilib. İstiqlal Marşının yazılması üçün Məhmət Akifə 500 lirə mükafat verilib, şair həmin məbləği yoxsul qadın və uşaqlara iş öyrədən “Darülmesai” qurumuna bağışlayıb. Bir zaman müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zeki Üngör tərəfindən çağdaş himnə yaraşan musiqi bəstələnib.

Bildirilib ki, kitabdakı şeirləri Türkiyə türkcəsindən Azərbaycan dilinə uyğunlaşdıran şair Elşən Mehdi, tərtibçi-redaktoru Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu, məsləhətçisi Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlıdır.

Sonda TÜRKSOY-un 30 illik yubileyi ilə əlaqədar Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinə TÜRKSOY-un “Şərəf” və “TÜRKSOY-un 30 illiyi” medalları təqdim edilib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!