100 yaşlı ədib - Gülhüseyn Hüseynoğlunun yubiley tədbiri keçirilib - FOTOLAR

 

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı, nasir və ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlunun 100 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib. 

Mərhum yazıçı Gülhüseyn Hüseynoğlunun taleyində mühüm rolu olduğunu deyən AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev çıxışında, onun yazıçı kimi istedadlı şəxs olması ilə yanaşı, müəllim kimi də çox təmiz və saf bir ürəyə sahib olduğunu bildirib: - O, istedadlı yazıçı olmaqla yanaşı, gözəl pedaqoq və təmiz qəlbə malik, saf ürəkli, sakit təbiətli insan idi. Çox şadam ki, onun Xalq yazıçısı adına layiq görülməsi və Prezident təqaüdü almasına vəsilə olmuşam. Şərt qoymuşdum ki, sizin üçün bunları edirəm, qarşılığında isə başınıza gələn hadisələri qələmə alacaqsınız. Lakin, tale elə gətirdi ki, o bunları yaza bilmədi... Bəlkə də o faciəli günləri yenidən xatırlamaq və yaşamaq istəmirdi... Amma yazdığı əsərlər hər zaman xatırlanacaq, işıqlı xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Xalq yazıçısı Çingiz Adullayev, nasir, publisist Elmira Axundova, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu, Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev də Gülhüseyn Hüseynoğlu haqqında kövrək xatirələrini bölüşüblər.

Sonra, tədbir iştirakçılarına Mədinə Abdullayeva və Qəmər Məmmədzadənin ifasında Gülhüseyn Hüseynoğlunun şeirləri əsasında "Yuxun şirin olsun" adlı kiçik səhnəcik təqdim olunub. Aktyorlar Firəngiz Babayeva, Gülər Nəbiyeva, Hüseynağa Aslanov, Jalə Novruzova yazıçının şeirlərindən dəyərli nümunələr  səsləndiriblər. "Ana" hekayəsinin motivləri əsasında qısametrajlı film nümayiş olunub.

Qeyd edək ki, filmin layihə rəhbəri Toğrul Abdullayev, quruluşçu rejissoru Vüsal Məmmədovdur. Film bütün Şəhid analarına həsr olunur.

Gülhüseyn Hüseynoğlunun "Mücrü", "Ömrümüz boyu", "Qatar gedir", "Çətin yol", "Yana-yana", "Məhəbbətdirmi bu?", "Müşfiqin yolu", "Müsfiq", "Etiraf", Bir ömrün çıraqları" adlı bədii kitabları, monoqrafiyası, dərs vəsaiti və yüzlərcə elmi-publistik məqalələri geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanmışdır. O,  şairliyi, yazıçılığı ilə yanaşı bütün yaradıcılığını həm də Mikayıl Müşfiqin tədqiqatına həsr edib. Müşfiqin yaradıcılıq aləmi, onun özünəməxsus şair fərdiyyəti ilk dəfə Gülhüseyn müəllimin dissertasiyasında öz həllini tapıb. Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Gülhüseyn Hüseynoğlu bir sıra mükafatlara və təltiflərə, 2005-ci ildə "Xalq yazıçısı" fəxri adına layiq görülmüşdür.

 

Fidan SALMANOVA

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!