Milli Kitabxanada yeni kitabların təqdimatı keçirilib - FOTOLAR

 

Azərbaycan Milli Kitabxanasında ictimai-siyasi xadim, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Vilayət Quliyevin “Heydər Əliyev. Böyük insan haqqında xatirələr” və Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Vilayət Quliyev. Biblioqrafiya” kitablarının təqdimatı olub.

Kitabxanadan bildirilib ki, tədbirdə direktor Kərim Tahirov Vilayət Quliyevin Azərbaycanın istiqlal mübarizə tarixində müstəsna rol oynayan görkəmli şəxsiyyətləri haqqında arxiv materialları əsasında yazdığı kitablardan bəhs edib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Vilayət Quliyevin Vətənə olan xidmətlərindən söz açıb, onun elmi fəaliyyətini yüksək qiymətləndirib. F.Cəfərov alimin yaradıcılığında ədəbiyyatla yanaşı, siyasi mövzuda yazılan kitabların, xüsusən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı əsərlərin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Asif Rüstəmli, “Azərnəşr”in baş direktoru Əlövsət Ağayev, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı və başqaları çıxış ediblər.

Çıxış edənlər Vilayət Quliyevin Cümhuriyyət tariximizlə bağlı yazdığı əsərlərin üslubundan danışıb, onun kitablarının siyasi memuar janrının dəyərli nümunələrindən biri olduğunu qeyd edib, “Heydər Əliyev. Böyük insan haqqında xatirələr” kitabının önəmini vurğulayıblar. Həmçinin çıxışlarda Vilayət Quliyevin geniş yaradıcılıq fəaliyyətini əks etdirən biblioqrafiyanın məzmunundan danışılıb.

Sonda Vilayət Quliyev kitabın nəşrində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!