8-ci Uluslararası Türk Dünyası Şeir və Musiqi Festivalı barədə təəssüratlar
Çukurova Ədəbiyyatçılar Dərnəyinin və bu dərnəyin dəyərli başkanı Halise Tekbaşın təşkilatçılığında Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş 8-ci Uluslararası Türk Dünyası şeir və Musiqi festivalı 101 iştirakçı ilə yavru vətəndə - Kıbrısda düzənləndi. Festival öncəsi, 24 oktyabr 2023-cü il tarixdə Azərbaycan, Qırğızıstan və Özbəkistan nümayəndələrinin iştirakı ilə iki gün İstanbulda Türk dünyası üçün çox dəyərli hocamız İsmail Hakkı Bağdatın təşkilatçılığında İstanbulun Avcılar Bələdiyyə başkanı sayın Turan Hançerli və Bələdiyyə sorumlusu olan sayın Yusuf Uzunun dəstəkləri və iştirakları ilə ikigünlük görüş və gəzilər, ziyafətlər düzənləndi. Özəlliklə, türk dünyasından gələn insanlarla bu görüşlərə təmənnasız könül verən sayın İsmail Hakkı Bağdatı xüsusi olaraq qeyd etməliyəm. Hər kəs İsmail bəyə Türk Dünyasından gələn qonaqların birbaşa hava limanından xüsusi avtobusla alınaraq oteldə yerləşdirməsindən, iki gün sonra hava limanına qədər yola salınmasından, eləcə də cani-könüllə etdiyi qonaqpərvərliyindən, diqqət və qayğısından dolayı təşəkkürlərini sundu.
İstanbul hava limanından havaya qalxan uçağımız bir saat yarım sonra Quzey Kıbrıs Türk Cümhuriyyətinin paytaxtı Lefkoşa hava limanına endi. Festival iştirakçıları əvvəlcədən təşkil olunmuş xüsusi avtobuslarla Girne şəhərinə, Aralıq dənizinin sahilində yerləşən OSCAR RESORT Otelə gətirildi.
Tədbirlərimiz antik abidələri, sirli məkanları ilə məşhur olan bu adaya gəzi ilə başladı. Festivalın ilk gününə paytaxt Lefkoşada Quzey Kıbrıs Türk Cümhuriyyətinin Baş bakanı, sayın Ünal Üstellə görüşlə başladıq. Baş bakan Ünal Üstel Baş bakanlığın "Şərəf Salonu"nda təşkil etdiyi ziyafətdə festival iştirakçılarına xitab edərək, Türkiyə Cümhuriyyətinin 100 illiyi bayramlarının qeyd edildiyi bir vaxtda türk dünyasından gələn şair və yazarları ölkəsində görməkdən qürur və xoşbəxtlik duyduğunu söylədi. Görüş zamanı ÇED başkanı, sayın Halise Tekbaş və Baş bakan bir-birinə xatirə hədiyyələrini təqdim etdilər. Sonra Baş bakanlığın önündə xatirə şəkilləri çəkildi. Rəsmi qəbuldan sonra gəzi turumuz Kıbrısın qəhrəmanlıq örnəklərinə, savaş yerlərinə doğru davam etdi, şəhidlik məzarlarını ziyarət etdik.
Festivalın 2-ci günü səfərimiz Kıbrısın Qapalı Maraş bölgəsinə idi. Bir vaxtlar "Cənnət" sözü ilə eyni anlamı daşıyan Maraş (Kıbrıs yunanları Varoşa adlandırır) məşhurların və varlı insanların istirahət məkanı olub. Maraş müharibədən əvvəl, 1970-ci illərin simvolları olan Merilin Monrodan Sofia Lorenə, Raquel Velçdən Bricit Ann-Mari Bardoya qədər bir çox tanınmışların dəbdəbəli iqamətgahları ilə məşhur olub.
Köhnə günlərindən əsər-əlamət qalmayan, müasir memarlığı ilə göz oxşayan, lüks istirahət turizmi dedikdə, ilk ağıla gələn yerlərdən biri olan Maraş, indi "xəyal şəhər" kimi tanınır. Adanın dəniz tərəfində olduğu üçün hər tərəfində çimərlikləri olan Maraş, 1970-ci illərdə adadakı otellərin ümumi sayının 50%-dən çoxuna malik olub. Təkcə bu bölgədəki çarpayıların sayı o dövrdə bugünkü Qüzey Kıbrıs Türk Cümhuriyyətindəki otel çarpayılarının sayına bərabər idi. Bu, 45 mehmanxana və 60 mənzilli otel daxil olmaqla, 10.000-dən çox yataq tutumu olan bir turizm cənnəti idi. Zamanında bu qədər insan gəlib-gedərkən olduqca canlı olan, 3000-ə yaxın iş yeri, 99 əyləncə mərkəzi, 25 muzey, 24 kino və teatr, 21 bank, 2 idman obyekti olan bu bölgəyə 1974-cü ildən 2022-ci ilədək insan nəfəsi dəyməyib. 50 il öz sirri ilə yaşayan bu bölgə cəmisi iki ildir ki, turistlərin üzünə açılıb. İnsanların heyran qaldığı möhtəşəm binalar, möhtəşəm saraylar, kilsə və məbədlər, malikanələr 50 ildir ki, insan nəfəsinə həsrət qalmışdı. Bir zamanlar dünyanın ən varlıları bu binaları, bu sarayları inşa etdirib. Həmin tikililər bugün də onların əmlakı hesab edilir. 1974-cü il savaşlarından, Türkiyə Cümhuriyyətinin Baş başkanı mərhum Bülənt Ecevitin adaya 60 minlik ordu yeritməsindən sonra bu bölgə insanlar tərəfindən tərk edilib. Bununla belə, türklər bugünədək mülk sahiblərinin bir daşına da toxunmayıblar. Türkün böyüklüyü, dünyəviliyi də elə budur. Burada müxtəlif qalalar, müdafiə sədləri 3-5 km-ə qədər uzanır.
Festivalın 1-ci və 2-ci günü ziyarət və gəzilərdən sonra böyük zalda şərqiçi və musiqiçilər çıxış edir, şairlər isə növbə ilə öz şeirlərini söyləyirdilər. Qeyd edim ki, söylənilən şeirlər Türkiyə Cümhuriyyətinə və Atatürkə həsr edilmişdi. Azərbaycandan Ayaz Arabaçının, Adilə Nəzərin, Zəki Bayramın, Zahid Avşar Eloğlunun, araşdırmaçı-yazar Jalə Cəfərovanın, Tatarıstan Yazarlar Birliyinin sədri Rkail Zəydullanın, Tatarıstan Yazarlar Birliyinin katibi Rüstəm Qaliullinin, Qırğızıstan Milli Yazıçılar Birliyinin katibi, ÇED Onursal başkanı Joldoşbek Monoldorovun, Qırğızıstan Opera Teatrının solisti Baktıbek Almabekovun, şair Nurkan Koyçumanovanın, Özbəkistan üzrə ÇED Onursal başkanı, hüquq üzrə elmlər doktoru Utkirbek Muhamedovun, Özbəkistan Yazıçılar Birliyinin təmsilçiləri - şairlər Abdurasul Jumakulun, Sirojiddin Raufun, Sahiba Azamovanın, şair-tərcüməçi Dilbar Haydarovanın, Qazaxıstandan professor-doktor, şair-yazar Akılbek Şayaxmetin, Türkiyəmizdən Hayrettin Yazıcının, Şükran Bayrakın, İraq-Türkmən elindən gələn şairlərin və adlarını sayıb bitirə bilmədiyim bir çox iştirakçıların çıxışları alqışlarla qarşılandı.
Festival iştirakçıları oktyabrın 29-da, saat 11.00-da rəssamı dəyərli dostumuz Sehran Allahverdiyə məxsus Böyükağa Mikayıllının Kıbrısa dair dəyərli araşdırmalarından ibarət və Türkiyə türkcəsinə çevrilmiş "Dünyanın Kıbrısı, Kıbrısın Dünyası" kitabının təqdimatı keçirildi. Günün ikinci yarısında iştirakçılar Cümhuriyyətin 100 illiyini - möhtəşəm günü elə möhtəşəm zalda himnlər, marşlar və şən musiqi sədaları altında bayram etdi. Türk Dünyasından gələn insanlar öz sevinclərini bölüşdülər, bir-birlərinə hədiyyələr verdilər. Festivalın son günü - oktyabrın 30-da iştirakçıların bir hissəsi, oktyabrın 31-də isə digər hissəsi OSCAR RESORT Oteli tərk edərək hava limanına tərəf üz tutdular. Beləcə, "növbəti festivaladək" diləyilə unudulmaz xatirə kimi yaddaşlara yazılan 8-ci Uluslararası Türk Dünyası Şeir və Musiqi festivalı öz qonaqlarını sevgi və coşqu ilə yola saldı. Bu, festivalla bağlı qısaca-məlumat xarakterli bir yazıdır. Yavru vətən Kıbrısla, eləcə də festivalda rast gəldiyim maraqlı məqamlarla bağlı ayrıca geniş yazım olacaq.
Türkiyə
Atatürküm - böyük türkün ad-sanı,
Savaşların, hünərlərin dastanı.
Ulusumun tarixini yaz, tanı,
Bir yol gedir dünya boyda bir köyə
Sən and yerim, ümid yerim, Türkiyə!
Qüdrətlidi, şöhrətlidi əzəlin,
Dayağındı yüz ulusun, yüz elin.
Qutlu olsun, bu möhtəşəm "100" ilin,
Bələnmisən milyon-milyon sevgiyə.
Sən and yerim, ümid yerim, Türkiyə!
Haray çəkdi səfi bəlli ərənlər,
Sinəsini düşmənlərə gərənlər.
Öpmək istər hilalımı görənlər,
Səmalarda dalğalandı hürr deyə.
Sən and yerim, ümid yerim, Türkiyə!
Ayrı düşdük, çox qatdılar aranı,
Dur ayağa, özün sarı yaranı.
Quracaqsan bu gün-sabah Turanı,
Göylər oğlu, var ulduza, var göyə
Yerə dayaq, göyə dayaq Türkiyə!
Türk oğlunun hər məqamda üzü bir,
Ocağı bir, alovu bir, közü bir.
Amalı bir, əməli bir sözü bir,
Bir kök üstə ucalmışıq biz göyə,
Sən and yerim, ümid yerim, Türkiyə!
Atatürkdən əmanətsən bizlərə,
İşığından nur ələnir gözlərə.
"Çanaqqalam, salam olsun sizlərə"!
İgidlərin savaşlarda bərkiyər.
Sən and yerim, ümid yerim, Türkiyə!
Türkoğluyam, yaranışdan var adım,
Tariximi vərəq-vərəq aradım.
Müqəddəsdir Turan - arzum, muradım,
Çox az qalıb Təbrizimi görməyə.
Sən and yerim, ümid yerim, Türkiyə!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!