AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Salidə Şərifovanın ilk dəfə 1988-ci ildə kiril qrafikası ilə “Elm” nəşriyyatında işıq üzü görmüş “İlk Azərbaycan romanları” monoqrafiyası düzəlişlər əlavə edilməklə təkrar nəşr edilib. Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunan monoqrafiyanın rəyçiləri filologiya elmləri doktorları Akif Hüseynli və Vaqif Yusiflidir.
İnstitutdan bildirilib ki, monoqrafiya ilk Azərbaycan romanlarının meydana gəlməsini, ənənəvi nəsr janrlarında ilk roman örnəklərini, yeni tipli ilk Azərbaycan romanlarını tədqiq edən sistemli elmi-tədqiqat işi kimi əhəmiyyət kəsb edir. Monoqrafiyada Azərbaycan romanlarının formalaşma tarixçəsi və inkişaf yoluna, özünəməxsus milli özəlliklərinə aydınlıq gətirilir. Azərbaycan romanının qaynaqları, ilk roman örnəkləri, yeni tipli ilk Azərbaycan romanları araşdırılır. İlk Azərbaycan romanlarının mövzu, süjet, kompozisiya, obraz, xarakter, janr, dil, üslub və s. məsələləri nəzərdən keçirilir. M.F.Axundzadə, M.Talıbov, Z.Marağalı, N.Nərimanov. Y.V.Çəmənzəminli, A.Şaiq, M.S.Ordubadi, S.M.Qənizadə və digər görkəmli sənətkarlarımızın qələmə aldıqları roman nümunələrinin monoqrafiyada hərtərəfli araşdırılması klassik yazıçılarımızın ədəbi janrlardakı yaradıcılıq fəaliyyətinin daha yaxşı öyrənilməsinə şərait yaradır.
Monoqrafiyada “Əhmədin kitabı” və “İbrahimbəyin səyahətnaməsi”nin fars dilində yazılmalarına baxmayaraq, güneyli-quzeyli Azərbaycan ədəbiyyatının incisi kimi öyrənilməsi, doğma dilimizdə yaranan romanların roman tələbləri müstəvisində “kiçik romanlar” (N.Nərimanov) kimi qiymətləndirilməsi, yeni tipli romanlar yaratmaq uğrunda təşəbbüslərin ümumiləşdirilməsi də yer alır.
Monoqrafiya bədii nəsr və roman problemlərinin gələcəkdə nəzəri səpkidə daha əhatəli öyrənilməsi sahəsində sanballı tədqiqat materialı, XIX-XX yüzillər Azərbaycan ədəbiyyatının tədrisində faydalı vəsaitdir.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!