Bu gün Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı, nasir, ədəbiyyatşünas, Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Gülhüseyn Hüseynoğlunun anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarı adına Respublika Gənclər Kitabxanasında görkəmli yazıçının 100 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında müasir Azərbaycan nəsrinin tanınmış nümayəndəsi olan Gülhüseyn Hüseynoğlunun həyat və yaradıcılıq yolu haqqında məlumatlar təqdim edilir. Elektron bazada onun tədqiqatçı alim kimi Azərbaycan ədəbiyyatşünaslığında tutduğu mövqe haqqında məlumat verilib, ədəbiyyatımızda ilk mənsur şeirin dəyərli nümunələrini qələmə alan yazıçı, Mikayıl Müşfiq haqqında ilk monoqrafiyanın, ilk dissertasiyanın və ali məktəblər üçün ilk dərs vəsaitinin müəllifi olması diqqətə çatdırılıb.
Elektron məlumat bazasında Xalq yazıçısı haqqında görkəmli şəxslərin söylədikləri dəyərli fikirlər, müəllifi olduğu kitablar, məqalələr, mənsur şeirlər təqdim edilir. Məlumat bazasında Gülhüseyn Hüseynoğluna həsr edilmiş akademik Nizami Cəfərovun “Gülhüseyn Hüseynoğlu ədəbiyyatşünas - müşfiqşünasdır”, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Mənsur şeir ustası: Gülhüseyn Hüseynoğlu”, professor Camal Əhmədovun “Uzaqgörənlik, orijinallıq, səmimiyyət” məqalələrindən seçmələr, “Rəsmi sənədlər”, “İzomateriallar” kimi bölmələr yer alır. Məlumat bazasında müəllifin filmoqrafiyası, video və foto qalereyası da təqdim edilir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli yazıçının 100 illik yubileyi münasibətilə hazırlanan elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!