Onun üçün Vətənin müstəqilliyi, millətin azadlığı sözün müqəddəsliyindən keçirdi: Mir Cəlal Paşayev, Mirzə İbrahimov, Balaş Azəroğlu, Mədinə Gülgün və başqa görkəmli söz ustaları kimi, Əli Tudə də Bütöv Azərbaycanı öz yaradıcılığında, kitablarında, şeirlərində, əsərlərində, filoloji-humanitar düşüncəsində yaradaraq illər boyu yaşatmışdır. Vətən sevgisi ötən əsrin 90-cı illərində Quzey Azərbaycanımızın ikinci dəfə dövlət müstəqilliyini bərpa edənə qədər onların könüllərində köz kimi qorunub saxlanıldı, güneyə qovuşmaq üçün o müqəddəs hərarətini heç vaxt azaltmadı.
Bu yaxınlarda "Azərbaycan" nəşriyyatı tərəfindən nəfis şəkildə çap edilərək, oxucuların və ədəbi-mədəni ictimaiyyətin nəzər-diqqətinə çatdırılan "Əli Tudə-100" elmi-publisistik, ədəbi-tənqidi məqalələr kitabındakı yazıların əksəriyyətində də məhz bu ruh sezilir.
2024-cü ildə 100 illik yubileyini geniş qeyd edəcəyimiz, əslən, Güney Azərbaycanın dilbər bölgəsindən, Ərdəbilin Çanaxbulaq kəndindən olsa da, Əli Tudə (Əli Əliqulu oğlu Cavadzadə) 1924-cü il yanvarın 31-də Vətəninin quzeyində, Bakıda dünyaya göz açıb. Ötən əsrin əvvəllərində neft Bakısına üz tutanların arasında ürəyi romantik duyğularla döyünən balaca Əlinin də ailəsi vardı: uşaqkən valideynlərini itirən, gələcəyin tanınmış qələm ustası olacaq (Əli Tudə) nənəsinin himayəsində böyüyür. 13 yaşında Əlinin şeirləri o dövrün qəzetlərində çap olunsa da, bu sevincin ömrü də uzun çəkmir. Ötən əsrin 30-cu illərindən başlayan qanlı siyasi repressiyalar onların da talelərini, yollarını dəyişir. Cənubi Azərbaycandan olduqlarına görə Əli nənəsi ilə birlikdə İrana sürgün olunur: acı həyat onun taleyini çətinliklərə salır.
Topluda XX-XXI əsrin tanınmış qələm adamlarının, şair və yazıçıların, filoloq alimlərinin, görkəmli şəxsiyyətlərinin Əli Tudənin həyatı, bədii yaradıcılığı, ictimai-siyasi fəaliyyəti, ədəbi-mədəni missiyası, kitabları, poemaları, poeziyası haqqında geniş təhlilləri, sevgi dolu fikirləri, filoloji-estetik fikirləri əks olunub.
Kitabdakı oxunaqlı "Yazılar, fikirlər, sənədlər", "Şairə həsr olunan şeirlər", "Biblioqrafiya", "Qəzetlərdə və jurnallarda çap olunan digər yazılar" və "Fotoalbom" bölümündə verilən fərqli səpkili materiallarda vətəndaş-şair, güneylı yaradıcı şəxsiyyət, hər iki Azərbaycanımızın ictimai-siyasi xadimi kimi Əli Tudənin həyat yolunun, mürəkkəb mübarizələrdən keçmiş geniş fəaliyyətinin, ədəbi-mədəni estetik-kulturoloji imkanlarının müxtəlif tərəflərinə işıq salınır. Bu materiallarda Əli Tudə, həm də XX əsr Cənubi Azərbaycan poeziyasının klassiklərindən biri kimi qiymətləndirilir. O, həm istedadlı qələm adamı kimi, həm də müstəqil düşüncə sahibi, azad ruhlu yaradıcı təfəkkürə malik tarixi bir şəxsiyyət kimi hər zaman geniş ictimaiyyətimizin diqqətini cəlb etmiş, Vətənimizin hər iki tayındakı hakim dairələrin xüsusi nəzarətində olmuşdur. Xalq şairi Nəriman Həsənzadə yazdığı kimi, "Ona ömrünün axırına kimi Cənubi Azərbaycana, Təbrizə, Ərdəbilə, doğma kəndinə getməyə imkan vermədilər. O tərəf İran, bu tərəf sovet. İki imperiya bir şairdən qorxurdu..." Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qalıb. Heç vaxt sabiq sovet pasportu daşımayıb deyə, çox yüksək titul və mükafatlardan məhrum olub.
Azərbaycan ədəbiyyatının tanınmış imzalarından İlyas Əfəndiyev, Məmməd Rahim, İmamverdi Əbilov, Mehdi Hüseyn, Cabir Novruz, Xəlil Rza, Famil Mehdi, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Qılman İlkin, Sabir Əmirov, Davud Nəsib, Hökumə Billuri, Balaş Azəroğlu, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Bəsti Əlibəyli kimi onlarla başqa qələm həmkarları öz məqalələri, ədəbi-tənqidi yazıları vasitəsilə oxuculara Əli Tudənin söz və düşüncə dünyası haqqında geniş məlumatlar ötürürlər.
Əli Tudə 1960-cı ildən etibarən, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilib. Görkəmli şair 50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Güney Azərbaycan həsrəti mövzusuna həmişə sadiq qalıb: "Cənub nəğmələri", "Məhbusların son sözü", "Arazın o tayında", "Qəzəb", "Təbriz yolu", "Mühacir qeyrəti", "Mənim səsim", "Yarımçıq dastan" kimi 40-dan çox kitabın müəllifi kimi ədəbiyyat tariximizdə özünəməxsus yer tutur. Şairin əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunub.
Kitabda dövrümüzün tanınmış imza sahiblərinin Əli Tudəyə həsr olunmuş müxtəlif şeirlərinə də geniş yer ayrılıb. Bu kitab Əli Tudə şəxsində Bütöv Azərbaycan sevdalıları haqqında əsl ədəbi-poetik "abidə" kimi də qəbul oluna bilər.
Sonda onu da bildirək ki, bu toplu şairin övladı Natiq Əli Tudə oğlu Cavadzadənin təşəbbüsü və vəsaiti hesabına işıq üzü görüb.
Aydın Xan Əbilov
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!