Tanınmış uşaq yazıçısı və dramaturqu Vüqar Haqverdiyevin eyniadlı uşaq pyesi əsasında Rusiyanın Ulyanovsk vilayətinin “Karabaz-Barabaz” Böyük Kuklalar Teatrında “Qarınqulu ayı balası” tamaşası hazırlanır.
Tamaşanın quruluşçu rejissoru teatrın yaradıcısı və rəhbəri tanınmış rejissor-ssenarist Valeri Qriqoryevdir.
Sözügedən pyesi rus dilinə riyaziyyat üzrə fəlsəfə doktoru Leyla Qədimli tərcümə edib. Səhnə əsərinin bu ilin noyabr ayında premyerası olacağı gözlənilir. Əsərin əsas ideyası və məramı sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, düz danışmağın vacibliyini göstərmək, eləcə də əyləncəli formada balacalarda həkimə, iynəyə qarşı qorxu, həyəcan hissini götürməkdir.
Qeyd edək ki, “Qarınqulu ayı balası” pyesi artıq Gürcüstanın “BEEZ” Uşaq Teatrında, eləcə də Bakı Uşaq və Gənclər Teatrında səhnələşdirilib və uğurla uşaqlara təqdim olunub. Hazırda Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında da “Qarınqulu ayı balası” nağılının motivləri əsasında uşaqlar üçün yeni quruluşda tamaşa hazırlanır.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!