Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumuna yekun vurulub.
Sentyabrın 3-də Bakıda, “Gülüstan” sarayında Forumun son panel iclası təşkil edilib.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil edilən Forumun son panel iclasında Mədəniyyət Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, elm, ədəbiyyat, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Forumun yazıçı Əkbər Qoşalının moderatorluğu ilə keçirilən V panel iclası “Dəyərlər və etik davranış kodeksləri: kitabın fərdi və sosial həyatda əhəmiyyəti və funksiyaları” mövzusuna həsr olunub.
İclasda Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Ramiz Rövşən, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov , Azərbaycan Nəşriyyatları Assosiasiyasının İdarə Heyətinin sədri Şəmil Sadiq, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, “Təhsil” nəşriyyatının direktoru Tural Axundov, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, “AudioKitab”ın direktoru Əhliman Ərşadlı "Azərbaycanda kitab sənayesi: mövcud vəziyyət və hədəflər", "Ölkəmizin kitab bazarına daxil olan xarici ədəbiyyatın milli dəyərlər və düşüncə sisteminə təsiri", "Kitab satışı sistemi: innovativ həllər və kredit mexanizmləri", "Kitab sənayesinin inkişafına dövlət dəstəyinin mexanizmləri" və "Vətəndaşların ədəbi, elmi və informasiya tələbatının ödənilməsində Azərbaycan Milli Kitabxanasının üzərinə düşən vəzifələr" mövzularında çıxış ediblər.
Natiqlər Forumun təşkilini yüksək qiymətləndiriblər, layihənin hər il keçirilməsinin vacibliyini vurğulayıblar.
Daha sonra Azərbaycan ədəbiyyatına həsr olunan videoçarx nümayiş etdirilib. Videoçarxda Ulu Öndər Heydər Əliyevin ədəbiyyatımıza qayğısını əks etdirən fraqmentlər də yer alıb.
Panel iclas müzakirəyə çıxarılan mövzular ətrafında sual-cavabla davam etdirilib.
Sonda xatirə şəkli çəkdirilib.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!