Forumda uşaq və yeniyetmələr arasında mütaliənin təbliği və uşaq ədəbiyyatının vəziyyəti - müzakirə edilib

 

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumu ikinci günündə də panel müzakirələrlə davam edib.

Forum çərçivəsində günün son panel iclası “Uşaq və yeniyetmələr arasında mütaliənin təbliği. Azərbaycan uşaq ədəbiyyatının vəziyyəti” mövzusuna həsr olunub.

Moderatoru yazıçı Günel Əsgərova olan panel iclasda Elm və Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqubova, yazıçılar Zahid Xəlil, Raqif Yusifoğlu, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, şair Qəşəm Nəcəfzadə və Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Elnarə Akimova iştirak ediblər.

Paneldə “Uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri”, “Mədəni və ədəbi qaynaqların müəyyənləşməsində uşaq ədəbiyyatı nə dərəcədə rola malikdir?”, “Uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması üçün hansı maarifçi islahatlara ehtiyac var?”, “Uşaq ədəbiyyatına xüsusi dövlət qayğısının mexanizmləri: oxucu - naşir -müəllif qayğısının vəhdəti gözlənilən nəticəni verirmi?”, “Təhsildə ana dili və uşaq ədəbiyyatının rolu” mövzularında məruzələr dinlənilib.

Qeyd edək ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin qatıldıqları Forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatının rolu, ana dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə müzakirələr aparılacaq.

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Forum çərçivəsində mütəxəssislərin səsləndirdiyi fikir və təkliflər ümumiləşdirilərək, “Azərbaycan mədəniyyəti–2040” Dövlət Proqramında əksini tapacaq.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!